
Otuz ilə yaxın qaçqınlıq həyatı yaşayan, bütün mal-mülkləri ermənilər tərəfindən talan edilən, dağıdılan soydaşlarımız artıq öz yurdlarına geri dönürlər. Laçın da illər sonra doğma sakinlərini qarşılayır. Avqustun 26-sı Azərbaycan tarixində əhəmiyyətli günlərdən biridir. Məhz ötən ilin həmin günündə 44 günlük müharibədə böyük zəfərimizin nəticəsi olaraq Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə qayıtdı. Mühüm strateji əhəmiyyətə malik olan Laçın şəhərinin cəmi 8 ay ərzində bərpa edilərək yenidən qurulması Azərbaycanın əzmini, iradəsini, öz doğma torpağına sevgisini, bağlılığını göstərir. Xatırladaq ki, Prezidentin 31 iyul tarixli sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis edilib. İlk belə bayramın qeyd edilməsi isə Laçının payına düşdü. Laçında keçirilən tədbirdə çıxış edən dövlət başçısı bir sıra mühüm mesajlar verdi. Ermənistana, dövlətimizə qarşı hələ də qərəzli yanaşma sərgiləyən havadarlarına ünvanlanan mesajlar bir daha Azərbaycan dövlətinin güclü iradəsini, öz mövqeyində nə dərəcədə qətiyyətli olmasını göstərdi.
Prezidentin "Bu il aprelin 23-də Laçın rayonunda, Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsi qoyulmuşdur. Sərhəd-buraxılış məntəqəsinin qurulması ərazi bütövlüyümüzün tam bərpası deməkdir və bunu biz beynəlxalq hüquq çərçivəsində etdik, biz öz ərazimizi qoruyuruq, öz sərhədlərimizi qoruyuruq və qoruyacağıq... Nə qədər bizə təzyiqlər oldu, nə qədər hədə-qorxular oldu. Bu gün də bu təzyiqlər davam edir, bu gün də müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində Ermənistan və onun arxasında dayananlar bizə qarşı müxtəlif fitnələr ortaya atırlar. Heç bir şey bizi yolumuzdan döndərə bilməz", - fikirləri bir daha bu postun qurulmasının nə dərəcədə mühüm addım olduğunu göstərməklə yanaşı, rəsmi Bakının təzyiqlər qarşısında geri çəkilib, kiminsə onun ərazi bütövlüyünə, suverenliyinə qəsd etməsinə imkan verməyəcəyini açıq mətnlə yenidən bəyan edilməsidir. Ermənilərin isə Ağdam-Xankəndi marşrutunu qəbul etməkdən başqa yolu qalmır. Əlbəttə, bir yol var, bu da dəfələrlə deyilib, o yol Azərbaycan ərazilərini tərk etmələridir. İndi hansı variantı seçəcəklərini yaxın zaman göstərəcək.
Prezidentin mesajlarını Ermənistan da, onun əsas havadarı olan Fransa da eşitdi və ölkəmizə qarşı yeni qərəzli planlar hazırlayan bu cütlük heç nəyin Azərbaycanın iradəsinə təsir etməyəcəyini, bu planların növbəti dəfə iflasa uğrayacağını yaxşı bilirlər. Öz nüfuzunu tamamilə itirən Makron hakimiyyəti ermənipərəstlyinin dozasını artırmaqla nəsə əldə edəcəyini düşünür. Amma hadisələrin gedişi bunun əksini göstərir. Fransa 2020-ci ilin oktyabrında, 2022-ci il dekabrın 20-21-də və 2023-cü ilin avqustun 16-da BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı qətnamələrin qəbuluna nail ola bilməyib. Amma yenə də həm qətnamə, həm də Qarabağa yardım adı ilə "humanitar TIR" təxribatı hazırlanması barədə məlumatlar var. Paris beynəlxalq hüquq və onun əsas prinsiplərini çoxdan tapdalayıb, amma Bakı dediyimiz kimi, nə Fransaya, nə də digərlərinə onun suveren ərazisində hansısa addım atmasına imkan verəcək. Təxribatçılara dövlət başçısının bu sözlərini xatırlatmaq yerinə düşür: "Bütün dünyaya sübut etmişik ki, heç kim bizim iradəmizə təsir edə bilməz. Bunu biz müharibə dövründə göstərmişik, 44 gün ərzində ancaq və ancaq irəli gedərək, düşməni məhv edərək, bayrağımızı qaldıraraq göstərmişik. Müharibədən sonra keçən 3 ilə yaxın müddətdə də bunu sübut etməyə məcburuq... Haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, biz heç kimdən qorxmuruq və bunu göstərmişik, həm döyüş meydanında, həm siyasi müstəvidə".
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib ki, Prezidentin bayram tədbirində çıxışı zamanı söylədiyi kimi, cəmi 8 ay ərzində Laçın şəhərinə əhalinin qayıdışı təmin olundu. Bu ilin sonuna qədər 900 ailə üçün evlər hazır olacaq. Artıq Zabux kəndinə də əhalinin qayıdışına start verilib.
Deputat əlavə edib ki, Ermənistan və onun havadarları Prezidentin Laçında verdiyi mesajlardan nəticə çıxarmalıdır: "Aprelin 23-də Azərbaycan - Ermənistan sərhədində yaradılmış Laçın nəzarət buraxılış məntəqəsi ilə əlaqədar müxtəlif dövlətlər və beynəlxalq təşkilatlar qərəzli mövqe nümayiş etdiriblər. Amma Azərbaycan beynəlxalq hüquq və öz suveren hüquqları çərçivəsində bu addımı atıb. Ona görə də, cənab Prezidentin dediyi kimi, heç kim dövlətimizin iradəsinə təsir edə bilməz, bizi haqq yolumuzdan döndərə bilməz. Bu baxımdan, bundan sonra da Ermənistanın havadarlarının çirkin kampaniyaları heç bir nəticə verməyəcək".



