
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vasitəsilə avqustun 29-da Qarabağ ərazisində yaşayan erməni əsilli sakinlər üçün Ağdam-Xankəndi yolu ilə yardım yola saldı. 40 ton undan ibarət olan yardım yüklənmiş avtomobillər ərazidə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin Ağdam-Xankəndi yolu üzərində yerləşən postunda gözləyir. Bir müddətdir ki, Ermənistan və havadarları, Qarabağdakı separatçılar car çəkirlər ki, guya Azərbaycan Laçın yolunda sərhəd buraxılış məntəqəsi qurmaqla ermənilər "blokada"da qalıb, "aclıq", "çörək" qıtlığı çəkirlər, "humanitar böhranla" üz-üzədirlər. Dünya ictimaiyyətini, beynəlxalq təşkilatları öz yalanlarına inandırmaq üçün sosial şəbəkələrdə, xarici və yerli mediada geniş antiazərbaycan kampaniyası aparırlar. Təbii ki, bu kampaniyada Fransa başda olmaqla onların şər ortaqları da aktiv rol alıb. Ermənilərin məntiqi ilə yanaşaq, yəni əgər həqiqətən də aclıq çəkirlərsə, Azərbaycanın humanist addımını dəyərləndirməli və yardımını qəbul etməlidirlər. Amma aqressiv reaksiyaları, "acından ölərik, türk çörəyi yemərik", söyləmələri, rus sülhməramlılarına hücum edərək azərbaycanlı zənn etdikləri sülhməramlıların fotomüxbirinə xəsarətlər yetirməyə çalışmaları onu göstərir ki, heç də aclıq çəkmirlər və bu, doğrudan da bir şoudur. Əsas müəlliflərindən biri isə Fransadır. Dünyada nüfuzunu itirən, Afrika qitəsindən qovulan Fransa və ona rəhbərlik edən Makron boş yerə Cənubi Qafqaza ümid edir. Burada təsir imkanlarına malik olmaq üçün müxtəlif vasitələrə əl atır, gərginlik yaradacaq planlar qurur. Dünən Paris meri Ann İdalqonun müşayiəti ilə Azərbaycanın icazəsi olmadan Qarabağın erməni əsilli sakinləri üçün yardım gətirilməsi, fransız təxribatçıların Azərbaycan sərhədinə gəlməsi, "artsax" ifadəsinin işlədilməsi də bu planların tərkib hissəsidir. Amma Azərbaycan Parisin bu cür təxribatlarının qarşısını almaq gücündə olduğunu dəfələrlə göstərib. Beynəlxalq hüququ heçə sayan Fransa hakimiyyətinə bəzi məqamları yenə də xatırladaq. Birincisi, Azərbaycan ərazisində yaşayan ermənilər digər dövlətdən deyil, məhz Azərbaycandan yardımı qəbul etməlidirlər. İkincisi, Azərbaycan hansısa dövlətə onun ərazisindən karvansara kimi istifadə etməsinə, suverenliyinə qəsdə çalışmasına imkan verməyəcək. Digər tərəfdən Bakının Qarabağ ermənilərinə yardım göndərməsi onun daxili işlərinə qarışmağa çalışan, Azərbaycanın icazəsi olmadan ərazisində yardım gətirmək adı altında təxribat hazırlayan Fransaya tutarlı cavab oldu.
Ermənilər Azərbaycan ərazisində qalıb yaşamaq istəyirlərsə, Fransanın, Ermənistanın, separatçıların qalıqlarının təsirindən çıxmalı və Bakının reinteqrasiya təklifinə razılaşmalıdırlar. Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra erməni əsilli sakinlərin reinteqrasiyası üçün də müəyyən addımlar atıb, Xocalıda bu məqsədlə görüş keçirilib. Bakının növbəti görüş dəvətlərinə isə imtina cavabları verilib. Görünən odur ki, Qarabağ erməniləri Bakı ilə danışmaq əvəzinə, həm separatçıların, həm Ermənistanın, həm də Fransa kimi kənar qüvvələrin təzyiq və təsirləri altında öz qərarlarını verməkdən çəkinirlər. Necə ki, sonuncu Yevlax görüşünə razılıq verib, sonra imtina etdilər. Azərbaycan XİN-in bununla bağlı açıqlamasıında qeyd edilmişdir ki, beynəlxalq tərəfdaşların səyləri nəticəsində Ağdam-Xankəndi yolundan BQXK tərəfindən yüklərin daşınması üçün istifadə olunması və bundan 24 saat sonra Laçın yolundan BQXK vasitəsilə keçidin daha da intensivləşməsinə dair razılıq vardı. Bununla yanaşı, Yevlaxda Azərbaycanın nümayəndələri ilə Qarabağda yaşayan erməni sakinlərin nümayəndələri arasında görüşün keçirilməsi razılaşdırılmışdı və logistik məsələlər yekunlaşmışdı. Bütün bu razılıqlara baxmayaraq, Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri razılıqları son anda pozdu.
Qeyd edək ki, Prezident İlham Əliyev Fransanın rəhbəri Emmanuel Makronla telefon danışığı zamanı bəyan etdi ki, Ağdam-Xankəndi yolu açıldıqdan sonra Azərbaycanın gömrük və sərhəd rejimi qaydalarına riayət etməklə Laçın-Xankəndi yolundan istifadə edilə bilər. Dövlət başçısı Azərbaycanın Qarabağın erməni əhalisinin təmsilçilərinin reinteqrasiya məsələlərini müzakirə etmək üçün paytaxt Bakıya və Azərbaycanın digər şəhərlərinə dəvət etdiyini, ancaq onların bundan da imtina etdiklərini və məqsədyönlü şəkildə vəziyyətin guya humanitar gərginlik xarakteri daşıdığını təqdim etməyə çalışdıqlarını bildirib.
Göründüyü kimi, Azərbaycanın mövqeyi bütün məsələlərlə bağlı çox aydın şəkildə açıqlanıb. Bu mövqe regionun inkişafını, təhlükəsizliyini, rifahını ehtiva edir. Sülhə manelər yaradan, gərginlik üçün təxribatlar hazırlayan Fransa BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə qətnamə qəbul edilməsinə nail olmaq üçün hərəkətə başladığı da məlumdur. Ancaq Fransanın bu dəfə də məğlub olacağını əminliklə söyləmək mümkündür. Ona da əminik ki, Azərbaycan bütün səylərini dünyada münaqişə ocaqlarını alovlandırmağa, gərginlik yaratmağa yönəldən Fransanın Cənubi Qafqazı Afrikaya çevirməsinə imkan verməyəcək. Çünki bu regionda söz sahibi də, lider dövlət də məhz Azərbaycandır.



