
Ermənistanın terrorizmi, faşizmi dövlət siyasətinin tərkib hissəsinə çevirdiyi sirr deyil. Tarix boyu məhz ermənilərin yaratdıqları "ASALA", "Haydut", "Hnçaq" kimi erməni terror təşkilatları bir sıra ölkələrdə terror aktları törədib, diplomatları hədəf seçib. 1980-90-cı illərdə isə bu şəbəkənin sıralarına Fransada, İsveçrədə, Rusiyada və digər ölkələrdə yaradılaraq saysız qanlı cinayətlər törətmiş "9 iyun qrupu", "İntiharçılar eskadronu", "Erməni birliyi", "Erməni azadlıq hərəkatı", "İsveçrə qrupu", "Geqaron", "Apostol" və digərləri əlavə edilib.
Təəssüf ki, Ermənistan dövləti bu "tarixi ənənəni" davam etdirməkdədir. Azərbaycana qarşı Ermənistanın törətdiyi terror aktlarını göz önünə gətirdikdə, bu dövlətin mahiyyəti bir daha aydın olur. Təkcə 1990-cı illərdə erməni xüsusi xidmət orqanları tərəfindən Azərbaycana qarşı 32 terror aktı həyata keçirlib. Bu terror aktları insanların sıx olduğu yerlərdə - metroda, avtobuslarda, qatarlarda törədilib. Nəticədə iki mindən çox dinc azərbaycanlı həlak olub. Xocalı soyqırımı, İkinci Qarabağ müharibəsində döyüş bölgəsindən uzaq regionlarımızda dinc əhalinin hədəf alınması da Ermənistan dövlətinin terrorçu mahiyyətini ifşa edir.
Azərbaycanın xarici ölkələrdəki diplomatik korpusları da dəfələrlə erməni terrorçularının hücumuna məruz qalıb, diplomatlarımıza təhdid dolu məktublar göndərilib. Azərbaycan səfirliklərinə qarşı terror və vandal aktlarının sifarişçisi və təşkilatçısının da İrəvan olduğu açıq-aşkardır. Hücumlar üçün seçilən zamana nəzər yetirdikdə, dediklərimizə heç bir şübhə yeri qalmır. Bir neçə gün əvvəl Azərbaycanın Livandakı səfirliyinə 50-yə yaxın erməni əsilli şəxs hücum edib. Onlar səfirliyin inzibati binasının ətrafındakı hasara zərbələr endirib, özləri ilə gətirdikləri içərisində boya olan və partlayıcı bərkidilmiş şüşələri səfirliyin inzibati binasına atıblar. Hücum nəticəsində səfirliyin heyəti xəsarət almayıb. Hadisə ilə əlaqədar cinayətkarların aşkarlanması və həbs edilməsi məqsədilə, Livanın Xarici İşlər Nazirliyinə müvafiq nota təqdim edilib və aidiyyəti üzrə tədbirlər həyata keçirilir. Bu hücumun məhz indi planlaşdırılması təsadüfi deyil. Azərbaycan öz ərazi bütövlüyü və suverenliyi ilə bağlı məsələdə qətiyyətli mövqe tutub, Qarabağın erməni əsilli sakinlərinə Ağdam-Xankəndi marşrutu üzrə yardım göndərib, Ermənistan hakimiyyəti, Fransa, Qarabağdakı separatçılar həmin yardımın ünvana çatmaması, sülh, reinteqrasiya prosesini əngəlləmək üçün müxtəlif təxribatlara əl atır, səfirliyimizin hədəf seçilməsi də bu təxribatlardan biridir.
Bu, Livandakı səfirliyimizə ikinci hücumdur. Ötən ilin sentyabrında ermənilərdən ibarət izdiham Beyrutdakı Azərbaycan diplomatik nümayəndəliyinə soxulmağa cəhd göstərib. 2022-ci ildə Azərbaycanın Fransadakı səfirliyi də iki dəfə erməni terrorçuların hücumlarına məruz qalıb. İlk hücum "Şuşa İli" çərçivəsində 16 iyun 2022-ci ildə Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə "Qarabağa gedən yol" adlı filmin nümayişi zamanı olub. Fransadakı erməni diasporunun radikal nümayəndələri, aktiv təxribatçı fəaliyyəti ilə tanınan "FRA Nor Seround" assosiasiyasının bir qrup üzvü Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzinə hücum edərək filmin nümayişinə mane olmağa çalışıblar, təxribatçı şüarlar səsləndirib, Mədəniyyət Mərkəzinin binasına zərər vurmağa cəhd ediblər.
2022-ci il sentyabrın 18-də radikal ermənilər Azərbaycanın Fransadakı səfirliyinə hücum edib və səfirliyin binası qarşısındakı dəmir maneələri qıraraq binaya daxil olmağa çalışıblar. Səfirliyin mühafizəsini Fransa polisi həyata keçirməli olduğu halda, diplomatik korpusun əməkdaşı ölümlə üz-üzə qalaraq, radikal ermənilərin binaya daxil olmasına imkan verməyib. Fransa polisi heç bir müdaxilə etməyib. ABŞ, Gürcüstandakı səfirliyimizə qarşı da təxribatlara əl atıblar.
Prezident İlham Əliyev bu mövzuya toxunaraq deyib: "Azərbaycanın Parisdəki səfirliyinə iki dəfə basqın edildi. Özü də birinci hücumdan sonra Fransa Prezidenti telefonda mənə vəd verdi ki, bunun təkrarlanmaması məqsədilə tədbir görüləcək. Lakin bunun, yumşaq desək, doğru olmadığı ortaya çıxdı. Birinci vandalizm aktından və səfirliyin binasına soxulmaq cəhdindən sonra Azərbaycan səfirliyinin qarşısında qoyulmuş mühafizə götürüldü. Çox güman ki, bu, erməni tərəfi ilə razılaşdırılıb. Mühafizə götürülən kimi ikinci basqın cəhdi oldu, təhqiramiz yazılar oldu, Azərbaycan səfirliyinə hücum edən özündən çıxmış radikalların izdihamı oldu. Bu, qətiyyən yolverilməzdir və bütün diplomatik konvensiyaların pozulması deməkdir".
Prezident vurğulayıb ki, həmçinin Ermənistan tərəfindən Azərbaycanın Livandakı və ABŞ-dakı səfirliklərinə qarşı təxribatlar törədilib: "Sonuncu təcavüz aktının, terrorun da - Azərbaycanın ABŞ-dakı səfirliyinin avtomobilinə odlu silahdan atəş açılmasının görüntüləri var. Biz ABŞ-ın, Fransanın və Azərbaycanın terrora məruz qala biləcək diplomatik missiyasının mövcud olduğu digər ölkələrin hökumətlərini məsuliyyətli olmağa və beynəlxalq öhdəliklərini yerinə yetirməyə çağırırıq. Bizdə heç bir şübhə yoxdur ki, terror və vandalizm aktları Ermənistan tərəfindən təşkil edilib".
Diplomatik əlaqələr haqqında 1961-ci il tarixli Vyana Konvensiyasına əsasən, səfirliklərin təhlükəsizliyinin təmin edilməsi yerləşdiyi dövlətin birbaşa vəzifəsidir. Ümumiyyətlə, səfirlik dövlətin ərazisi hesab olunur və hər hansı hücum səfirliyin mənsub olduğu dövlətin ərazisinə müdaxilə deməkdir. Ona görə də hər bir ölkə ərazisində olan diplomatik korpusların mühafizəsini lazımi şəkildə təmin etməli, əgər hər hansı təhdid varsa, bunu daha da gücləndirməlidir. Bir sözlə, proses Vyana Konvensiyasına uyğun olaraq tənzimlənməlidir. Necə ki, Azərbaycan bu prosesi yüksək səviyyədə həyata keçirir.



