
Fransa Azərbaycana qarşı təxribatçı addımlarını davam etdirir. BMT Təhlükəsizlik Şurasında Ermənistanla birgə Azərbaycan əleyhinə qətnamələrin qəbuluna nail ola bilməyən Paris bu istiqamətdə yeni planlar qurur. Makron hakimiyyətinin bütün bu qərəzli, beynəlxalq hüquqa zidd hərəkətləri Azərbaycanla Ermənistan arasında başladılmış sülh prosesinə ciddi zərər vurur, regionda gərginliyi alovlandırır. Fransanın da məqsədi məhz budur. Təəssüf ki, Ermənistan hakimiyyəti Parisin fitvasına gedərək regionda yaranmış yeni reallıqları lazımınca dəyərləndirə bilmir, düşmənçiliyə son qoyub, nəhayət sülh yolunda addımlar atmır.
Uzun illər Afrikada hegemonluq edən Fransa bu gün artıq bu qitədən qovulduğu və nüfuz dairəsini itirdiyinə görə öz hegemonluğunu yaratmaq üçün yeni bölgə olaraq Cənubi Qafqazı hədəfləyib. Amma vassal Ermənistandan fərqli olaraq, müstəqil xarici siyasət aparan Azərbaycan Fransanın da, digər güclərin də təzyiqlərinə qarşı çıxmaq, öz dövlət maraqlarını ən yüksək səviyyədə qorumaq iqtidarındadır və bunu dəfələrlə sübut edib. Fransanın tarixi göstərir ki, heç bir regiona xoş məramla getməyib, Afrika qitəsi buna əsaslı nümunədir. Yaxın bir nümunə də Livandır. 2020-ci ildə Livandakı dəhşətli partlayışdan sonra Makron bu ölkəyə də məhz işğalçılıq niyyəti ilə getmişdir. Fransanın iç üzü budur.
Ardıcıl ermənipərəst siyasət yürüdən Fransa Avropa İttifaqındakı imkanlarından və başı Ukraynada müharibəyə qarışmış Rusiyanın zəifləməsindən istifadə edərək Ermənistana hərbiləşmiş missiyanın göndərilməsinə nail oldu, bununla da danışıqlar prosesinə zərbə vurdu, faktiki olaraq Cənubi Qafqazda sülh prosesinə kobud müdaxilə etdi. Fransa indi də bu cür pozucu planlardan əl çəkməyib.
"Humanitar yardım" adı ilə bölgəyə TIR-ların gətirilməsi kimi təxribatçı addım sülhə zərbə vurur, bölgədə separatizmi alovlandırır. Baxmayaraq ki, Makron avqustun 29-da Prezident İlham Əliyevə zəng edib və telefon danışığı zamanı onun qaldırdığı məsələlər yetərincə cavablandırılıb, Azərbaycanın mövqeyi tam ifadə olunub, bir gün sonra Paris TIR təxribatına əl atdı. Qeyd edək ki, dövlət başçısı telefon danışığı zamanı bildirib ki, Ağdam-Xankəndi yolunun istifadəsinə Ermənistan və onun Azərbaycanın Qarabağ bölgəsində yaratdığı və dəstəklədiyi qondarma rejim tərəfindən məqsədyönlü şəkildə süni əngəllər yaradılır, bundan siyasi mani-pulyasiya məqsədilə istifadə edilir. Ermənistan və qondarma rejim Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə Ağdam-Xankəndi yolu ilə yüklə-rin daşınması barədə əldə olunmuş ilkin razılaşmadan imtina edib. Həmçinin, Ermənistan rəhbərliyi Azərbaycan tərəfi ilə razılaşdırmadan dövlət sərhədi istiqamətində humanitar təyinatlı olduğunu iddia etdiyi yüklər gətirib ki, burada məqsəd siyasi möhtəkirlikdir.
Azərbaycanın Qarabağ ərazisinə "humanitar yardım" aparmağa cəhd edən bir sıra regionların və departamentlərin rəhbərlərinin daxil olduğu dəstəyə Parisin meri Ann İdalqo rəhbərlik edib. Həmin İdalqo ki, qatı ermənipərəst mövqeyi ilə tanınıb, gələcək siyasi iddialarının reallaşmasında məhz ermənilərə ümid edir. Və həmin İdalqo ki, bu gün rəhbəri olduğu paytaxt zibil içində üzür, ekoloji problemlər dözülməz həddə çatıb. Bunu biz yox, Parisə turist kimi gedən, bütün dünyadan olan ziyarətçilər deyir. Yerli və xarici media yazır, üstəgəl, paytaxt sakinləri tez-tez şəhərin zibilxanaya çevrilməsinə etiraz edirlər. Belə olan halda, niyə İdalqonu Paris deyil, Xankəndi "maraqlandırır"? Parisi zibildən təmizləmək əvəzinə, Xankəndiyə soxulmağa çalışır. Makron hakimiyyəti, elə İdalqo da çox yaxşı bilirdilər ki, onların yüklərini Azərbaycan ərazisinə buraxmayacaq. İcazə alınmadan bu cür addımın atılması bir dövlətin ərazi bütövlüyünə hörmətsizlik, suverenliyinə qəsdir. Azərbaycan heç bir halda buna imkan verə bilməzdi.
Qeyd edək ki, 2014-cü ildən mer vəzifəsində çalışan İdalqonun siyasi iddiaları daha böyükdür. O, prezident olmaq istəyir və məhz ermənilərdən dəstək gözləyir. Sərhəddə qurduğu tamaşa da buna hesablanıb. Sonuncu - 2022-ci ildə keçirilən seçkilərdə namizəd olsa da, çox az səs toplayıb və ikinci tura keçməyib. Növbəti seçkilərdə qalib gəlməyi hədəfləyən xanım mer erməni icmasının dəstəyinə ümid edir. Onu da deyək ki, İdalqonun müavinlərindən olan Anuş Toronyan ermənidir. O, Ermənistanın sabiq prezidenti Serj Sarkisyanla bir neçə dəfə görüşüb.
Qeyd edək ki, Paris şəhərinin meri Ann İdalqonun səfəri ilə bağlı bu ölkənin Bakıdakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb. Mer daxil olmaqla Fransanın bir neçə şəhərinin rəhbər şəxslərinin müşayiəti ilə "humanitar yük" adı altında "Laçın" sərhəd-buraxılış məntəqəsi istiqamətinə nəqliyyat vasitələrinin göndərilməsi və həmin şəxslər tərəfindən Azərbaycana qarşı təxribatçı bəyanatlar səsləndirilməsi ilə bağlı XİN-in etiraz notası səfirə təqdim edilib. Fransa tərəfinin bu addımlarının Azərbaycanın daxili işlərinə birbaşa müdaxilə olmaqla yanaşı, ölkəmizin beynəlxalq hüquqla qorunan suverenliyi və ərazi bütövlüyünə qarşı qəsd olduğu vurğulanıb.
Son olaraq, rəsmi Bakı bəyan edib ki, Azərbaycan öz ərazisində boz nəzarətsiz bölgənin olmasına dözmək niyyətində deyil. Qeyri-qanuni rejim buraxılmalı və tərksilah olunmalıdır. Bu, qəti və dəyişməz, eyni zamanda haqlı, beynəlxalq hüquqa əsaslanan mövqedir. Heç bir güc, təzyiq bu həqiqəti dəyişə bilməz.



