
Ermənistan hakimiyyəti son bir neçə ay ərzində davamlı təxribatları, pozucu addımları ilə sülhə sipər çəkməyə çalışır. Baxmayaraq ki, bir müddət əvvəl normallaşma prosesinin irəliyə aparılması, sülh sazişinin imzalanması üçün çox yaxşı imkanlar yaranmışdı, İrəvan öz havadarları ilə birgə vəziyyəti mürəkkəb hala gətirdi. Demək olar ki, hər gün Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Ordusunun müxtəlif istiqamətlərdəki mövqeləri atəşə tutulur. Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən ölkəmizin hava məkanından istifadə etməklə uçuşlar yerinə yetirən yerli və xarici aviaşirkətlərin sərnişin təyyarələrinə qarşı radiomaneələr tətbiq olunur. Ermənistanın bir neçə gün əvvəl yenidən hərbi təxribata əl atması dörd hərbçisinin məhv edilməsi ilə nəticələndi.
İrəvanın və havadarlarının Laçın yolu, Qarabağ ermənilərinin guya "aclıq" çəkdiyi ilə bağlı apardığı kampaniya da ölkəmiz əleyhinə növbəti təxribatdır. Azərbaycan bu dezinformasiyaya qarşı öz faktlarını ortaya qoyub, təminat üçün Ağdam-Xankəndi yolunu təklif edib. Eyni zamanda, rəsmi Bakı bəyan edib ki, Ağdam-Xankəndi yolu açıldıqdan 24 saat sonra Laçın yolu da açılacaq. Bundan əlavə, artıq neçə gündür ki, Azərbaycanın Qızıl Aypara Cəmiyyəti vasitəsilə göndərdiyi 40 ton un Ağdam-Xankəndi yolundadır. Cəmiyyətin nümayəndəsi bildirib ki, ərazidə şərait yaradılandan sonra sakinləri ehtiyacı olan digər məhsullarla da təmin etməyə hazırdırlar. Əgər doğrudan da Qarabağdakı ermənilərin yardıma ehtiyacları olsaydı, çörək qıtlığı çəksəydilər, təbii ki, Azərbaycanın bu xoşməramlı addımını müsbət qarşılayardılar. Amma sülh prosesinə mane olan qüvvələr Qarabağ ermənilərinin reinteqrasiyası istiqamətində Bakının atdığı addımlara da maneə yaradırlar. Xarici işlər naziri Ceyhun Bayramov bununla bağlı bildirib ki, Ermənistan Qarabağda Azərbaycanın mərkəzi hakimiyyət orqanları ilə erməniəsilli yerli sakinlər arasında dialoqa maneçilik törədir. Görünən odur ki, regionda əməkdaşlıq üçün yaranmış yeni imkanlardan faydalanmaq, qonşularla münasibətləri normallaşdırmaq əvəzinə, İrəvan havadarlarının dəstəyi ilə pozuculuqla məşğuldur. Paşinyan özündən əvvəlki cinayətkar xunta rejimlərinə rəhbərlik etmiş Koçaryan-Sarkisyan yolu ilə gedir. Məhz bu cinayətkarlar Qarabağ kartından istifadə edərək hakimiyyətlərinin ömrünü uzadırdılar. Ölkə daxilində istənilən problem gündəmə gələndə, Qarabağ amilini önə çəkirdilər. Öz ikili oyunları ilə nüfuzunu itirən Paşinyan da eyni kartdan istifadə etməyə çalışır. O, dəfələrlə beynəlxalq müstəvilərdə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etsə də, Qarabağ separatçılarına təbrik məktubunda yer alan ifadələr ikiüzlülüyünü ortaya qoydu. Eyni zamanda Paşinyan bununla hakimiyyəti əlində saxlamağa çalışır. Çünki revanşist qüvvələri hər an hakimiyyəti və həyatı üçün təhlükə hesab edir. İstənilən halda, dövlətə rəhbərlik edən şəxs qətiyyətini ortaya qoymalıdır.
Türkiyə ilə münasibətləri normallaşdırmağa can atan Paşinyan hakimiyyəti yaxşı bilir ki, Azərbaycanla sülh əldə etmədən bu istqamətdə irəli gedə bilməyəcək. Bunu rəsmi Ankara da dəfələrlə bəyan edib. Ermənistanın İqtisadiyyat Nazirliyinin dünənki açıqlamasında etiraf olunub ki, Azərbaycan və Türkiyə ilə sərhədin bağlı qalması Ermənistanın xarici ticarət imkanlarını azaldır, yükdaşımaları üçün alternativ marşrutları məhdudlaşdırır. Qeyd olunub ki, hazırda Ermənistanın xarici ticarətində Ermənistan-Türkiyə ticarətinin payı 1 faizdir. İrəvanla Ankara arasında birbaşa ticarətə başlanacağı təqdirdə bu rəqəm 10 faizə qalxa və ya daha çox arta bilər.
Deməli, İrəvan anlayır ki, düşdüyü vəziyyətdən çıxması, iqtisadi inkişafı, əhalisinin rifahı üçün Azərbaycan və Türkiyə ilə normal münasibətləri bərpa etməlidir. Amma bunun üçün nələrin tələb olunduğunu da bilir və onları yerinə yetirmək istəmir. Sülhə getmir, amma onun alternativinə də hazır deyil. İrəvan ordusu 44 günlük müharibədə darmadağın edildi. Yeni bir müharibə onlar üçün son deməkdir.
Son olaraq, nə qədər ki, Paşinyanın əvəzindən Ermənistan dövləti üçün qərarlar Parisdən və digər paytaxtlardan veriləcək, o qədər də İrəvan çıxılmaz vəziyyətdə qalmaqda davam edəcək.
Milli Məclisin deputatı Elman Nəsirov da hesab edir ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması və sülh prosesinin öz məntiqi sonluğuna çatması istiqamətində addımlar intensivləşdikcə, bu addımların heçə endirilməsi üçün rəsmi İrəvan və onun himayədarları əllərindən gələni edirlər. Onun sözlərinə görə, bu, iki istiqamətdə - həm hərbi, həm də diplomatik müstəvidə baş verir: "Ermənistan bugünkü reallıqda birinci plandan imtina edib. Yəni İkinci Qarabağ müharibəsində qazandığımız tarixi Zəfər Ermənistanın siyasi hərbi rəhbərliyini məcbur edib ki, birinci plandan imtina etsin. Birinci istiqamətə görə, Qarabağın Azərbaycandan ayrılması və Ermənistana birləşdirilməsi reallaşdırılmalı idi. Yeni şəraitdə məğlub ovqatda onlar bu xətlərində dəyişiklik etmək məcburiyyətində qalıblar. İndi Azərbaycanın tərkibində Qarabağ erməniləri üçün ən yüksək status əldə etməyi hədəfləyiblər və bir az da irəli gedib əldə olunmuş muxtariyyətin beynəlxalq protektorat altında reallaşdırılmasını həyata keçirmək istəyirlər. Yəni, beynəlxalq təşkilatların nəzarəti altında Qarabağda yaşayan ermənilərin fəaliyyət göstərməsini tələb edirlər. Bunu ancaq yuxularında görə bilərlər. Azərbaycan Prezidenti İlham Əliyevin bu məsələ ilə bağlı prinsipial, dəyişməz, qətiyyətli mövqeyi var ki, heç bir statusdan söhbət gedə bilməz. Xüsusilə Fransa kimi dövlət əgər bu gün tələb edirsə ki, Qarabağda yaşayan ermənilər üçün xüsusi bir status təmin edilsin, onda dövlətimizin başçısının qeyd etdiyi kimi, elə Marseldə 120-150 min erməni yaşayır, onlara muxtariyyət statusunu versin. Azərbaycan dövləti o statusu tanımağa hazırdır".
Deputat əlavə edib ki, Ermənistan, ona havadarlıq edən dövlətlər, xüsusilə Fransa mətbuatı, Böyük Britaniyanın bəzi KİV-ləri açıq aşkar antiazərbaycan siyasəti həyata keçirməyə başlayıblar: "Bu əvvəllər də var idi, amma yeni şəraitdə, reallıqlar fonunda bu dezinformasiya maşını gecə-gündüz işləmə, 7/24 rejiminə keçib. Çalışırlar ki, regionda davamlı və dayanıqlı sülh əldə edilməsin. BBC bu istiqamətdə dəfələrlə canfəşanlıq edib, Fransa mətbuatı gecə-gündüz ermənipərəst mövqeyini ortaya qoyur. Amma bütün bunlar heç bir nəticə verməyəcək. Çünki bizim işimiz haqq işidir. Biz beynəlxalq hüquqa hörmətlə yanaşır, ona istinad edib öz siyasətimizi həyata keçirən dövlətik".



