|
|
|
|

Azərbaycan dövləti bir günlük antiterror tədbirləri ilə özünün suverenliyini tam bərpa etdi. Sentyabrın 19-da başladılan və təxminən 24 saat davam edən antiterror tədbirlərinin əsas məqsədi də üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, ölkəmizin konstitusiya quruluşunun bərpa edilməsi idi.
Separatçılar təslim olduqdan və Azərbaycanın şərtləri qəbul edildikdən sonra artıq qeyd edilən istiqamətlərdə işlərə başlanılıb. Belə ki, Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahları təhvil verir, tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.
Bakı antiterror tədbirləri ilə həm də ermənilərin 200 illik saxta layihəsinə son qoydu. 200 il idi ki, ermənilər və havadarları özlərini "Böyük Ermənistan" quracaqlarına inandırmışdılar və bu istiqamətdə sərsəm planlarını reallaşdırmağa çalışırdılar. "Böyük Ermənistan" xülyası ilə ermənilər tarixən qonşuların torpaqlarına göz dikib, ərazi iddiaları ilə çıxış ediblər. Onların bu sərsəm iddialarından ən çox əziyyət çəkən isə azərbaycanlılar olub. Məqsədli şəkildə ərazilərimizə köçürülən ermənilər tarixən xalqımıza qarşı soyqırımlar törədiblər. 80-ci illərin sonlarından başlayaraq isə Qarabağa qarşı öz ərazi iddilarını ortaya qoyub, müstəqilliyin ilk illərində ölkəmizdə yaranmış çətin vəziyyətdən istifadə edərək torpaqlarımızı işğal etməyə başlayıblar. Bu işğal həm də görünməmiş vəhşiliklə, zorakılıqla həyata keçirilib. Ermənilər dinc insanlarımıza olmazın işgəncələr verib, onları xüsusi amansızlıqla qətlə yetirib, soyqırımına məruz qoyub. Soyqırımı həm də dini-mədəni abidələrimizə, təbiətimizə, insanlarımızın əmlakına qarşı törədilib, işğal müddətində daşı daş üstə qoymayıblar. Ərzilərimizi kütləvi şəkildə minalarla çirkləndiriblər ki, bu gün Azərbaycanın dinc insanları, hərbçilərimiz minanın qurbanına çevrilirlər. Təkcə son bir neçə gündə 10 nəfərdən artıq insanımız ermənilərin basdırdıqları minaya düşərək həyatlarını itiriblər. Ermənilər ərazi iddilarına başlayanda paralel olaraq 1988-1991-ci illərdə Qərbi azərbaycanlıları da indiki Ermənistan ərazisindən deportasiya ediblər. Onlar Qərbi azərbaycanlıları da etnik təmizləməyə və soyqırımına məruz qoyublar. Təəssüf ki, dünya 30 il boyunca və ondan sonra bütün bu insanlıqdan kənar əməllərə, vəhşiliklərə susub, Azərbaycan öz ərazilərini işğaldan azad etməyə başlayanda isə sülhlə manipulyasiya edərək, ölkəmizə qarşı təzyiq göstərməyə başlayıblar. Amma bütün təzyiqlərə, müdaxilə cəhdlərinə rəğmən, Prezident, Ali Baş Komanda İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, Qarabağda separatizmin kökünü kəsdi. Həmçinin, ermənilərin 200 illik qondarma layihəsini darmadağın edərək, nöqtə qoydu. Bu, Azərbaycan dövlətinin, onun liderinin böyük tarixi qələbəsidir. Çünki ermənilər və onların havadarları "Böyük Ermənistan" layihəsi ilə məhz Azərbaycan torpaqları hesabına Ermənistanın ərazisini genişləndirməyə çalışırdılar. Qondarma "Miatsum" ideyası da (Qarabağın Ermənistana birləşdirilməsi) "Böyük Ermənistan" planının tərkib hissəsi idi. Amma ötən illər göstərdi ki, Ermənistanın bu sərsəm ideyaları onun özünün də ziyanına işləyib. İrəvan heç nəyə nail ola bilməyib, iqtisadi inkişafdan, regional inteqrasiyadan geri qalıb. Ermənistan hakimiyyəti sözdə sülh deyib, amma müharibə canilərini, terrorçuları qəhrəmanlaşdırmaqda, Azərbaycan ərazisində separatizmə dəstək verməkdə davam edib. Təəssüf ki, Ermənistanın hazırkı hakimiyyəti İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni fürsətləri zamanında dəyərləndirə bilmədi. Həmin fürsətlər İrəvan üçün yeni bir nəfəslik açırdı. Paşinyan hakimiyyəti sülh danışıqlarını uzatmaqla, verdiyi açıqlamalarla regionda gərginliyi daha da alovlandırmış oldu. Azərbaycanın mərkəzi hakimiyyətinin dialoq təkliflərindən də məhz İrəvanın və Fransa kimi xarici qüvvələrin diktəsi ilə imtina edilirdi. Bakı öz ərzisində separatizmə, qanunsuz silahlı birləşmələrə antiterror tədbirləri ilə son qoydu. Artıq Azərbaycan regionda yeni bir səhifə açıb, bu səhifə inkişafa, sülhə, barışa xidmət edir.
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli məqsədilə Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi altında İşçi qrup yaradılıb. İşçi qrup Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı çərçivəsində fəaliyyət göstərir. Azərbaycanın mərkəzi hakimiyyəti ilə Qarabağın erməni sakinlərinin nümayəndələri arasında dialoq başlayıb. Antiterror tədbirlərindən sonra iki görüş keçirilib, birincisi Yevlaxda, ikincisi isə Xocalıda. Rəsmi Bakı Qarabağ ermənilərinin təminatı üçün lazım olan addımları atır.
Politoloq İlyas Hüseynov mövzu ilə bağlı bildirib ki, Ermənistan Azərbaycana qarşı ərazi iddialarından əl çəkməlidir. Azərbaycan əraziləri hesabına "Miatsum" və "Tsexakronizm" (nasizm və irqçilik - red.) ideologiyasını irəli sürən, etnik təmizləmə siyasətini həyata keçirən Ermənistan birdəfəlik bu iddilarına son qoymalıdır. Bizim torpaqlarımızda separatizm təşviq olunmamalıdır fikirlərini uzun illər ərzində səsləndirdik. Buna məhəl qoymayan separatçı qüvvələri isə ordumuz cəmi bir sutka ərzində diz çökdürdü. Hazırda qanunsuz birləşmələrin silahlarını təhvil verməsi və reinteqrasiya prosesinə başlanılıb. Artıq işçi qrup formalaşdırılıb və müvafiq icra hakimiyyəti orqanları da bu prosesdə iştirak edəcəklər. Eyni zamanda, Qarabağ İqtisadi rayonunda yaşayan bütün ermənilərin ehtiyacları ödəniləcək və onlar Azərbaycan vətəndaşı kimi həyatlarına davam edəcəklər. Çünki rəsmi Bakı dinc, silahsız insanların reinteqrasiyasında maraqlıdır. Azərbaycan uzun illərdir təhlükəsizlik istiqamətində fikirlər irəli sürürdü və artıq bunun praktiki icrasını görəcəyik. Xankəndi, Xocalı, Xocavənd, Ağdərə, Əsgəran Azərbaycanla bütünləşir və konstitusion quruluş bərqərar olunur. Bu isə qürurverici bir haldır".



