|
|
|
|
Azərbaycanda cəmiyyəti ciddi şəkildə narahat edən məsələlərdən biri də pensiya yaşının ilbəil artırılmasıdır. Qeyd edək ki, Azərbaycanda kişilərin pensiya yaşı 63, qadınlarda isə 60 idi. 2017-ci ildən başlayaraq pensiya yaşı hər il 6 ay artırılır. "Əmək pensiyaları haqqında" qanuna əsasən, kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Artıq kişilər üçün pensiya yaşı 65-dir və bu proses 2021-ci ildə başa çatıb. Qadınların pensiya yaşının hər il 6 ay artırılması isə 2027-ci ilə qədər davam edəcək və 65-ə çatdırılacaq.
65 yaşda pensiyaya çıxan insan pensiya kapitalının 12 ildə olan ayların sayına (144-ə) bölünərək aylıq pensiya müəyyən edilməsi orta hesabla insanların 77 il yaşamasını qəbul etmək deməkdir. Doğurdanmı Azərbaycanda insanlar orta hesabla 77 yaşa qədər yaşayıb, pensiya alır?
Statistik məlumatlara əsasən, 2002-ci ildə əmək qabiliyyətli əhali arasında 11588 nəfər ölmüşdüsə, 2020-ci ildə 27991 nəfər dünyasınını dəyişib. Bu, pensiya almadan ölənlərin təxminən 150 faiz artması deməkdir. Bunun bir neçə səbəbi olsa da, əsas səbəb pensiya yaşının artırılmasıdır. Çünki 2009-cu ilə qədər əmək qabiyyətli əhali olaraq kişilər 15-61 yaş, qadınlar 15-56 yaş arası hesab olunurdu. Amma 2020-ci ildə bu yaş həddi kişilər üçün 15-64, qadınlar üçün 15-61,5 yaş hesab edilirdi. Burada koronavirusun yaratdığı "ölüm dalğasının" da səbəbləri vardı. Amma virusun ölüm dalğasından əvvəlki 2019-cu ildə əmək qabiliyyətli kateqoriyaya daxil olan 19000-ə yaxın insan ölüb. Göründüyü kimi, pensiya yaşı artırıldıqca pensiya almadan ölənləri sayı kəskin artır. Bu artım illər üzrə bərabər qalxmır, artan hər pensiya yaşına ölüm daha çox artır.
İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, Azərbaycanda müzakirə olunmalı əsas məsələ pensiya yaşının yuxarı olması deyil, pensiyaların məbləğinin aşağı olmasıdır. Bu səbəbdən də yaşlı insanların əksəriyyəti pensiyaya çıxmaq istəmir: "Maaşlar yüksək, təqaüdlər isə aşağıdır. Təqaüdlər qaneedici səviyyəyə çatdıqdan sonra yaş məsələsi müzakirə oluna bilər. Sistemin özündə olan ən böyük problemlərdən biri təqaüdün yığım hissəsidir. Qanunvericiliyə görə, minimum təqaüd artdıqca təqaüd kapitalının yığım hissəsi də artır. Hazırda bu rəqəm 40 min 320 AZN-dir. Azərbaycanda o qədər də yüksək əmək haqqı yoxdur ki, təqaüd yaşına çatana kimi bu məbləğ yığılsın və normal təqaüd verilsin. İlk növbədə bu məsələ həllini tapmalıdır. Bundan başqa, sözügedən vəsait təqaüdçülərin öz vəsaiti hesabına yığılır. Təqaüdçülər zamanı gələndə bu məbləğdən istifadə edə bilməlidirlər, eyni zamanda vərəsəlik hüququ olmalıdır. Məbləğin varislərə ötürülməsi üçün qanuni əsaslar yaradılmalıdır. Yəni bu qədər ciddi problem var ikən pensiya yaşı ikinci dərəcəli məsələdir".
İqtisadçı ekspert Rəşad Həsənovun sözlərinə görə, pensiya kateqoriyasına daxil olan bir qisim insanlar müxtəlif səbəblərdən bu qrupdan çıxır: "Vətəndaşların digər qismi də pensiya almaq hüququ qazanır. Yəni burada bir tərəfdən çıxış var, digər tərəfdən daxilolma. Xanımların yaş həddinin hər il 6 ay artırılması prosesi davam etdiyi üçün onların pensiya sisteminə daxil olmasında gecikmələr müşahidə olunur. Nəticədə qadınlar daha çox pensiya sistemindən çıxır, amma daha az daxil olur. Digər məsələ əlilliklə bağlı pensiyanın müəyyənləşdirilməsi istiqamətində aidiyyəti qurumun ortaya qoyduğu mövqedir. Birinci əlilliyin müəyyənləşdirilməsi şərtləri sərtləşdirildi. İkinci əvvəlki dövrlərdə əlilliyin verilməsi prosesində şübhələr olanda bu şəxslərin əlillik dərəcəsi dayandırıldı. I qrup əlillik xaric, əlilliyi olan pensiyaçılardan hər 5 ildən bir yoxlamadan keçmək tələb olunur. Pensiyaçıların əksəriyyəti yenidən qiymətləndirmə zamanı bu hüquqdan məhrum olur. Bu faktorların fonunda pensiyaçıların sayının azalmasını müşahidə edirik. Yumşalma ilə bağlı hər hansı bir mövqe yoxdur".
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri, hüquqşünas Sahib Məmmədov isə hesab edir ki, pensiya yaşının artırılması əvəzinə, daha köklü islahatlar aparılmalıdır. S.Məmmədovun fikrincə, pensiya islahatları sahəsində ən ciddi problemlərdən biri qeyri-rəsmi əmək bazarının həcminin yüksək olmasıdır: "Təqaüd yaşının artırılması prosesi davam edir. Kişilər üçün pensiya yaşı 65 olaraq müəyyən edilib, qadınların pensiya yaşı isə 2027-ci ilədək 65-ə çatdırılacaq. Bu hədd hər il yarım il artırılacaq. Yaxın illərdə pensiya yaşının daha da artırılması məsələsinə baxılacağını düşünmürəm, çünki bu, sosial ədalətsizlik olar. Pensiya yaşına çatmadan vəfat edən insanların sayını nəzərə alsaq, bu, real görünmür. Pensiyadan sonrakı orta yaş həddi 7-8 ildir. Pensiya yaşı bizdən daha yuxarı həddə olan ölkələr var. Məsələn, Avropa ölkələri, Yaponiya, amma orada pensiyadan sonrakı ömür daha uzundur. Pensiya yaşının yaxın illərdə azaldılacağını ehtimal etmirəm. Pensiya yaşı ona görə artırılır ki, Dövlət Sosial Müdafiə Fondunun vəsaiti kifayət qədər deyil. Dünya standartında 3-4 nəfər işləyənə nisbətdə 1 nəfər pensiyaçı olmalıdır. Bizdə isə bu rəqəm aşağıdır. Məsələn, 130 nəfər işləyənə nisbətdə 100 təqaüdçü var. Buna görə də Sosial Müdafiə Fondunda vəsait çatışmazlığı yaranır. Azərbaycanda 1,7 milyon nəfər muzdlu işçiyə nisbətdə 1 milyon 300 min nəfər təqaüdçü var. Yığım kifayət qədər deyil, çünki qeyri-formal əmək bazarının həcmi yüksək olaraq qalır".
O ki qaldı pensiya yaşının azaldılmasına, S.Məmmədov hesab edir ki, indiki vəziyyətdə bu, real deyil: "Bunun üçün dövlət büdcəsindən transferlər olmalıdır. Hökumətin bunu edəcəyini düşünmürəm. Amma müəyyən kateqoriyalar üçün güzəşt tətbiq edilə bilər. Qanunvericilikdə incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda təklif edirəm ki, qeyri-formal əmək bazarının həcmi azaldılsın. Muzdlu işçilərin əksəriyyəti vergi orqanlarında qeydiyyatdan keçməyib. Kölgə iqtisadiyyatının həcmi azaldılmalıdır".
Azərbaycan üçün optimal pensiya yaşı həddi neçə olmalıdır?
S.Məmmədov deyir ki, hazırkı şərtlər daxilində Azərbaycan üçün ən optimal pensiya yaş həddi 60-dır: "2020-ci ilin göstəricilərindən yola çıxsaq, ölkədə orta ömür 73 ildir. Dünya ortalamasına görə, gözlənilən pensiya dövrü 14 il və ya 14 il 6 aydır. Əgər biz dünya ortalamasına uyğun olaraq 14 il 6 ay ərzində vətəndaşlara pensiya verməli olsaq, burada 73 ildən 14 il 6 ayı çıxmalıyıq. Amma nəzərə almaq lazımdır ki, 2020-ci ildən yaş, gözlənilən ömür məlumatları pandemiya səbəbindən müəyyən qədər aşınmışdı. Epidemiyadan əvvəl bu göstərici təxminən 74-75 yaş arasında dəyişirdi. 14 il 6 ay çıxanda təxminən 60 yaş qalır ki, ən uyğun və ədalətli yol budur. Çünki nəzərə almaq lazımdır ki, bu gün vətəndaşlara 65 yaşında pensiya verilir. Hökumət pensiya müddətini isə qanunla 12 il təsdiq edir. Başqa sözlə, 2006-cı ildə qanunla gözlənilən pensiya dövrü 144 ay təsdiq olunub. Əslində, indiki şərtlər daxilində vətəndaşların pensiyası hesablanarkən, kapital 144-ə bölünərək daha az məbləğ müəyyən edilir, amma ödənilən dövr ən yaxşı halda cəmi 7-8 il olur. Bu da iki dəfəyə yaxın aylıq pensiya məbləğinin aşınmasına gətirib çıxarır".
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev qeyd edib ki, Azərbaycanda effektiv pensiya yaşı 62-dir: "65 yaş normativ yaşdır. Eyni zamanda qanunvericiliklə nəzərdə tutulmuş çoxsaylı güzəştlər nəticəsində effektiv yaş 62-dir. Bu, dünyada ən aşağı yaşlardan biridir. Ömür uzunluğu pariteti ilə götürsək, Azərbaycanda effektiv pensiyada olma müddəti 15 ildir. Bu da pensiyada olmanın ən yüksək rəqəmlərindən biridir. Əgər biz pensiya sistemini, sosial təminat sistemini dağıtmaq istəyiriksə, istənilən opportunist illər, rəqəmlər səsləndirilə bilər. Gəlin deyək, 30 yaşından pensiya olacaq. Bunun altında nəzəri, elmi təhlil olmalıdır. Dünyada ən uzunmüddətli pensiya dövrlərindən biri Azərbaycandadır. Bu da 15 ildir. Xüsusi güzəştli təbəqə hərbçilər, əlilliyi olan insanlarımız və digərləri üçün pensiya dövrü 18 ildir. Bu da dünyada ən uzunmüddətli pensiya dövrlərindən biri hesab olunur. Bu rəqəmlər 1 milyon 100 min pensiyaçının arasında olan rəqəmlərdir".
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən isə bildirilib ki, bütün dünyada olduğu kimi, ölkəmizdə də həyat şəraitinin yaxşılaşması, səhiyyənin inkişafı və tibb xidmətlərinin beynəlxalq standartlara uyğun təşkili, habelə elm və texnologiyanın inkişafı ilə əlaqədar iş və həyat təhlükəsizliyinin yüksəlməsi nəticəsində gözlənilən orta ömür uzunluğu davamlı olaraq artır: "Hazırda dünyanın bir çox ölkələrində də pensiya yaş həddi 65 və daha yüksəkdir, habelə əksər ölkələrdə pensiya yaşı mərhələli şəkildə artırılmaqdadır. Pensiya yaşının azaldılması məsələsinə əmək fəaliyyətinin son yaş həddi ilə birlikdə baxılmalıdır. Çünki pensiya yaşına çatmaq bir sığorta hadisəsidir, şəxsin əmək qabiliyyəti olmaması deməkdir. Təcrübə göstərir ki, pensiyaya çıxdıqdan sonra uzun müddət pensiya alanların sayı kifayət qədər çoxdur. Nazirlik və Dünya Bankının hesablamalarına əsasən 2050-ci ildə gözlənilən orta ömür uzunluğu qadınlarda 82,8 yaş, kişilərdə isə 79,8 yaş təşkil edəcəkdir. Onu da qeyd edək ki, pensiyaya çıxma yaşı ölkəmizlə yanaşı, əksər ölkələrdə, eləcə də regionda yerləşən və sosial-iqtisadi inkişaf səviyyəsi təqribən Azərbaycanla oxşar olan ölkələrdə, o cümlədən, Rusiya, Qazaxıstan və s. kimi ölkələrdə də orta ömür uzunluğunun artımına mütənasib şəkildə artırılır və həmin ölkələrdə gələcək perspektivdə də yaş həddinin daha da artırılması hədəflənmişdir. Bu baxımdan qeyd etməliyik ki, indiki mərhələdə ölkəmizdə kişilər və qadınlar üzrə pensiya yaşının azaldılması məsələsi müzakirə edilmir".
Sevinc QARAYEVA