Allahın bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmaq hər kəsə nəsib olmur. Nə qədər çətin olsa da, dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür".
Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görürlər. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək, səhv etmərik. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi "Tezekend KFT" MMC-nin təsisçisi Aqil Magerramovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.
Aqil Məmmədəli oğlu Magerramov 1973-cü il avqust ayının 25-də Qərbi Azərbaycanda ziyalı ailəsində anadan olub. Müəyyən səbəblərdən ailə 80-cı illərdə Bakı şəhərinə köçür və Aqil Magerramov orta təhsilini Bakı şəhəri 54 nömrəli tam orta məktəbdə davam etdirir.
1990-cı ildə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat fakültəsinə daxil olur. Təhsilini bitirdikdən sonra uzun müddət Rusiya Federasiyasında yaşayır.
Ötən əsrin 80-90-cı illərinin gəncliyində valideynlərdən, dövlətdən və başqalarından gözləntilər çox idi. Lakin o, öz ayaqları üzərində müstəqil dayanmağa can atır və buna nail olur. İş dünyasına ilk qədəmlərini qoyan gənc sahibkar Rusiyada kiçik biznesdə (meyvə-tərəvəz ticarəti) özünü sınayır və nəticədə böyük uğurlar əldə edir. Bu uğurun nəticəsi olaraq hazırda Aqil Magerramov Azərbaycanın seçilən sahibkarlarındandır. Sahibkar müxtəlif illərdə ölkə daxilində və xaricdə bir çox şirkətlər təsis edib.
2008-2011-ci illərdə Rusiya Federasiyasının Soçi şəhərində "Naqornaya-11" şirkətinin səhmdarlarından olub və "Morskoy dvorets" yaşayış kompleksinin tikintisini həyata keçirib. 2008-2013-cü illərdə Rusiya Federasiyasının Soçi şəhərində "Fidan" restoranının sahibi olub.
2016-2018-ci illərdə Azərbaycan Respublikasında iki "Lukoyl" yanacaqdoldurma məntəqəsinə rəhbərlik edib. 2019-cu ildə "Göyüm" (Hindistan markası) yağ və toyuq yemində istifadə olunan ymıx istehsalı fabrikini Azərbaycanda təsis edib.
2018-2023-cü illərdə Azərbaycanda "Tezekend KFT" MMC-nin təsisçisi olub.
2023-cü ildən "MAYS Express servise" MMC-nin səhmdarıdır.
Aqil Magerramov bir çox şirkətlərin baş məsləhətçisi və ya baş texnoloqudur ("KLASS MMC" kirəmit, kərpic və qlinker divar üzlükləri fabrikinin istehsal üzrə baş texnoloq, "Şabran meyvələri" MMC-nin baş məsləhətçi, "Sultan Seramic"ABŞ-dakı baş distributorudur).
Həmçinin Aqil müəllim bir çox ictimai birliklərin də üzvüdür ("Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin üzvü, Azərbaycan Sahikarlar Cəmiyyətinin fəxri üzvü).
2023-cü ildən "Ceramic" GROUP İNTERNATİONAL-ın ABŞ-da təsisçisidir (50% payla).
Hazırda Azərbaycanda 39 quşçuluq fabriki fəaliyyət göstərir. Onların əksəriyyəti sovet dövründə tikilmiş və köhnəlmiş avadanlıqlarla təchiz edilib. Aqil müəllim "Tezekend" MMC quşçuluq fabrikini Abşeron rayonunun boş, yararsız torpaqlarında tikib istifadəyə verib. Fabrikin əksər avadanlıqlarını Türkiyənin "Kutlusan" şirkətindən alıb və fabrik müasir avadanlıqlarla təchiz olunub. Yüksək idarəçilik qabiliyyəti nəticəsində fabrikdə istehsal kəskin artıb. O, uğurlu ideyanı intuitiv hiss edir, yeniliklər yaratmağa can atır, qeyri-standart yanaşma və həll yolunu heç kəsin ağlına gəlməyən bir yerdə axtarır. Bununla da iş dünyasında seçilən sahibkarlardan birinə çevrilib.
Aqil müəllim gənclərin də dostudur. Universitetlərdə gənclər arasında keçirilən bilik yarışlarına tez-tez münsiflər heyətinin üzvü kimi dəvət olunur, onlarla ayrılıqda görüşlər keçirdir, iş dünyasında uğur qazanmağın yollarını izah edir, gənclərə tövsiyələrini verir.
Sahibkar öz şirkətlərinin idarə edilməsi ilə kifayətlənməyib, münasibəti olduğu bir çox şirkətlərə səmərəli məsləhət və tövsiyələr də verir. Bu şirkətlərə verdiyi səmərəyə görə Aqil müəllimə təşəkkürnamələr təqdim edilib. "KLASS" MMC, "Aqro-Trade" MMC və "Net Elektrik" MMC-nin rəhbərliyi tərəfindən verilən təşəkkürnamədə Aqil müəllimin tövsiyələri nəticəsində əldə edilən uğurlar qeyd edilib.
Məsələn, Aqil Magerramovun məsləhətləri sayəsində "KLASS" MMC-də işçilərin sayı azalıb, məhsuldarlıq çoxalıb, yeni məhsul istehlı artıb, istehsala yeni texnologiyalar tətbiq olunub. Aqil Magerramovun məsləhəti nəticəsində "Aqro-Trade" MMC böyük səmərə əldə edib. Məsələn, sahibkar daima məsləhət görür ki, biznesdə düzgün informasiyanın toplanmasına önəm verilməlidir: satış rəqəmləri, anbar hərəkətləri, marketinq və reklam işləri, maliyyə hesabatları, işçilərin problemləri və sair. Bu informasiyanı düzgün idarə etmək, vacib informasiyanı öz səviyyəsinə çıxarmaq biznesin normal işləməsi üçün çox vacibdir.
Aqil müəllimin ən önəmli məsləhətlərindən biri müştəriyə düzgün xidmətin göstərilməsidir. Onun fikrincə, biznesin məqsədi məhsul və ya xidmət satmaq deyil. Biznesin məqsədi müştəriyə onun arzuladığından da üstün xidmət göstərməkdir. Biznesi xidmət olaraq görmək sahibkarın başlıca vəzifəsi olmalıdır. Müştərinin istəyi, ehtiyacı, arzusu sahibkar üçün əsasdır. Aqil Magerramovun daima işlətdiyi cümlə şirkətimizin şüarına çevrilib: Sizə pul qazandırdığı müddətcə müştəri hər zaman haqqlıdır.
Aqil Magerramovun şirkətə verdiyi ən önəmli məsləhətlərdən biri də strateji düşünmək bacarığının olmasıdır. Biznesinin sabahını görmək, sabah atılacaq addımları bilmək biznesin davamlı olması üçün çox vacibdir. Bazar necə olacaq? Rəqiblər hansı sürpriz yaşadacaq? Texnoloji inkişaf bizə hansı təhlükə və ya fürsət verəcək? Müştərinin istəyi hansı səmtə dəyişəcək? Bəli, məhz dəyişəcək, dəyişə bilər yox. Bazar inkişaf edir, bu inkişafdan geri qalmamaq üçün isə strateji düşünməyi bacarmaq lazımdır.
Uzun müddət şirkət buğdanı Qazaxıstandan, soyanı isə Braziliyadan idxal edirdi. Aqil müəllim daha ucuz qiymətə bu məhsulların əldə edilməsini məsləhət gördü: buğdanı Rusiya Federasiyasından, soyanı Argentinadan. Nəticə olaraq şirkət çox böyük səmərə əldə etdi.
Aqil Magerramov "Net Elektrik" MMC-nin fəaliyyəti ilə bağlı bir çox müsbət tövsiyələr verib, onun təklifləri nəticəsində yüksək səmərə əldə edilib. Aqil müəllimin ilkin tövsiyələri bunlar idi: sahədəki rəqiblərin sayı və onların nisbi ölçüləri, alıcıların sayı və onların maliyyə imkanları, istehsal prosesləri və yeni məhsulların yaradılması üzrə texnologiyaların inkişaf istiqamətləri, rəqiblərin istehsal etdikləri məhsulların fərqli və oxşar cəhətləri, istehsal miqyası, nəqliyyat və marketinq xərcləri üzrə qənaət imkanları və s. Aqil müəllimin düzgün bazar araşdırması nəticəsində təklif etmişdi ki, Türkiyə malları ilə bərabər, daha keyfiyyətli Avropa və nisbətən ucuz Çin mallarının idxalı şirkət üçün daha səmərəli olacaq.
Aqil Magerranovun sahibkar kimi ən üstün cəhəti sahibkara xas bir çox xüsusiyyətlərin olmasıdır. Bu xüsusiyyətləri sayəsində o, illərdir iş dünyasında uğur qazanıb, ölkə daxilində və xaricdə seçilən sahibkarlardan birinə çevrilib. Aqil müəllim çalışdığı müddətdə bacarıqlı və əməksevər rəhbər kimi daima özünü göstərməyi bacarıb, kollektivin hörmətini qazanıb. O, əsl rəhbər, əsl liderdir. Bu bacarığı ilə şirkət və müəssisələri düzgün idarə etməyi, işçilər qarşısında qarşısına məqsəd qoymağı, səlahiyyət verib tələb etməyi peşəkar şəkildə bacarır.
Aqil Magerramov rəqibini tanıyan, onun güclü və zəif cəhətlərini bilən sahibkardır.
Aqil müəllimdə sahibkara xas xüsusiyyətlərdən biri də hər hansı bir işdə qətiyyətli olmasıdır. Biznes sahibi çətin qərarlar üçün məsuliyyəti öz üzərinə götürə bilməlidir. Başqalarının fikirlərini dinləmək vacibdir, amma son qərar yenə də sahibkarındır və bu xüsusiyyətlər Aqil müəllimdə özünü tam və aydın şəkildə göstərir.
Bir sözlə, Aqil Magerramov təmsilçisi olduğu dövlətin, xalqın təəssübünü çəkən, etimadını yüksək səviyyədə doğrulda bilən vətəndaş və rəhbərdir.