|
|
|
|
Qazaxıstanın magistral neft kəməri üzrə milli operatoru olan “Kaztransoil” şirkəti bu ilin yanvar-noyabr aylarında Bakı limanı istiqamətində neft tədarükünü 1 milyon 238 min tona çatdırıb.
525.az bu barədə “Kaztransoil” şirkətinin yaydığı məlumata istinadən xəbər verir.
Məlumatda deyilir ki, "Kaztransoil" Xəzər dənizin Qazaxıstan sektorunda yerləşən "Tengiz" yatağından Bakı limanı istiqamətində Aktau limanına ixrac üçün göndərilən neftin həcmi son 1 ildə 205 min tondan 1 milyon 238 min tona qədər artıb.
Bildirilir ki, bu ilin 11 ayında Aktau limanından Qazaxıstan neftinin ixracı 3 milyon 62 min ton təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 14 min ton və ya 50 % çoxdur.
Bundan əlavə, hesabat dövründə Aktau limanından Mahaçqala limanına 1 milyon 824 min ton neft göndərilib.
Qeyd edək ki, 2022-ci ildə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Transxəzər dəhlizi ilə neft nəqlinin artırılması barədə göstəriş verib. Bu göstərişə uyğun olaraq, “KazMunayQaz” və Azərbaycan Dövlət Neft Şirkəti arasında “Tengiz” yatağından hasil edilən, Bakı-Tbilisi-Ceyhan kəməri istiqamətində ildə 1,5 milyon ton neftin nəqlini nəzərdə tutan saziş imzalanıb.