
Son aylarda xarici valyutalar arasında dollara daha çox tələbat hiss olunur. Dekabrda keçirilən valyuta hərraclarında dollara tələbin əvvəlki aylarla müqayisədə nəzərəçarpacaq dərəcədə artması müşahidə edilir. İlin son ayının ilk iki həftəsi ərzində 4 valyuta hərracı keçirilib. Bu hərraclarda alınan valyutanın məbləği 279,9 milyon dollar təşkil edib. Hərraclarda ən az 44,8 milyon dollar, ən çox 95,1 milyon dollar alınıb. Orta hesabla hər hərracda alınan valyutanın məbləği 70 milyon dollar təşkil edib. Ayın sonuna qədər hərraclarda 500 milyon dollardan çox valyutanın alınması mümkündür.
Noyabrda 234,7 milyon dollar, oktyabrda 202,6 milyon dollar, sentyabrda 164,5 milyon dollar satılmışdı. Dekabrdakı ilk 4 hərracda satılan valyutanın məbləği əvvəlki aylardan daha çoxdur. Bu da dekabrda dollara tələbin xeyli artdığını göstərir.
İlin son ayında dollar alışının artması anlaşılandır. Sonuncu ayda həm əhalinin xərcləri artır, həm də biznes sektoru ilə yekun vuraraq müəyyən ödənişləri həyata keçirir. Ötən ilin dekabrında valyuta alışı 596 milyon dollar olmaqla əvvəlki aylardan xeyli yüksək olub. Bu ilin sonuncu ayında da eyni halın təkrarlanması gözlənilir.
Dekabrda dollara tələbin artmasına baxmayaraq, qeyd edək ki, 2023-cü ildə 2022-ci ildə olduğu kimi dollara tələb zəifdir. Bu səbəbdən Azərbaycan Mərkəzi Bankı manatın məzənnəsini sabit saxlamaq üçün təklif edilən dolların bir hissəsini alır.
Millət vəkili Vüqar Bayramov bildirib ki, valyuta hərraclarında dollara tələbin yenidən artması müşahidə olunur. Son 3 hərracda 241,1 milyon dollar satılıb: "Digər tərəfdən, son 3 hərracda hər satış əvvəlkindən daha çox olub. Əgər noyabrın 28-də keçirilən hərracda 68,2 milyon dollarlıq tələb yaranmışdırsa, ötən ayın son günündə 77,8, dünən isə 95,1 milyon dollarlıq sifariş olub".
Millət vəkili qeyd edib ki, dollara tələbin artması daha çox mövsümi faktorlar ilə bağlıdır: "Belə ki, dekabrda həm biznesin, həm də vətəndaşların xarici valyuta tələbi yüksəlir. Öncədən proqnozlaşdırıldığı kimi, dekabrda dollara tələbin artması gözlənilən idi. Belə ki, dövlət və özəl müəssisələrin və eləcə də bankların xarici borc öhdəlikləri üçün cari maliyyə ilində son ayın olması, idxalın artması, bayramlar ilə bağlı olaraq xarici səfərlərin çoxalması dollara tələbi artırır".
Dollara tələbin artması kontekstində manatın məzənnəsinin necə dəyişməsinə gəldikdə isə, millət vəkilinin sözlərinə görə, Azərbaycanda hələ ki, üzən məzənnə rejiminə keçirilməyib. Daha çox enerji gəlirlərimizin artması səbəbindən Azərbaycanın tədiyyə balansında müsbət saldo davam edir. Bununla belə, regional və eləcə də qlobal valyuta bazarındakı dəyişikliklər psixoloji təsirlərini qoruyub saxlayır. Amma Azərbaycan hələlik üzən məzənnə rejiminə keçmədiyi üçün valyuta bazarındakı tarazlıq Mərkəzi Bankın qərarları ilə müəyyənləşməkdə davam etməkdədir: "Praktiki olaraq, manatın məzənnəsi birbaşa Azərbaycan Mərkəzi Bankının qərarlarından asılıdır. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də gələn il manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq".
İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, əslində dollara olan tələbatın dekabr ayında artması ənənəvi xarakteri daşıyır: "Bunun iki səbəbi var. Birinci səbəb yeni il qabağı səyahət edənlərin sayında, ölkəyə gətirilən ərzaq və yeni ilə aid məhsulların çəkisində artımın olmasıdır. Bu səbəbdən dollara tələbat normal olaraq artır. İkinci məsələ büdcə öhdəlikləri ilə bağlıdır. Belə ki, IV rübdə əsasən da noyabr və dekabr aylarında büdcə xərclərinin daha çox artdığının şahidi oluruq. Bu, illərdir belədir. Neft fondu manat şəklində olan öhdəliklərini dolları manata çevirərək büdcəyə transfer etməsi ilə ödəyir. Sözügedən iki səbəb dollara olan tələbatın artmasına şərait yaradır".
Ekspert dollara olan tələbatın manatın məzənnəsinə təsir edəcəyini düşünmədiyini vurğulayıb: "Belə ki, Azərbaycanda məzənnə inzibati olaraq tənzimlənir. Bu nöqteyi-nəzərdən məzənnə ilə bağlı yaxın günlərdə, hətta aylarda hər hansı dəyişikliyin olması proqnozlaşdırılmır. Mərkəzi Bankın və hökumətin gələn ilki parametrlərində dollar hazırkı vəziyyəti ilə hesablanıb. Amma müəyyən müddətdən sonra məzənnədə bəzi dəyişikliklər olacaqdır. Gələn il olmasa da, 2025 və ya 2026-cı illərdə bu hal qaçınılmaz xarakter alacaqdır".
N.Cəfərli vurğulayıb ki, valyutaya tələbatın yüksəlməsinin iqtisadiyyata birbaşa ciddi təsiri yoxdur: "Çünki həcmlər o qədər də böyük deyil. Sadəcə tələbatı ödəmək üçün valyutaya ehtiyac yaranır. Hələ ki, valyuta ehtiyatları da az deyil. Büdcəni manatla doldurmaq üçün Neft Fondu valyuta satmalıdır. Manata və iqtisadiyyata birbaşa böyük təsirləri yoxdur".
İqtisadçı-ekspert Xalid Kərimli qeyd edib ki, dollara tələbin artmasına baxmayaraq, ölkəyə girən dollar çıxan dollardan çoxdur: "Mərkəzi Bank il ərzində bazardan dollar yığıb ki, manat bahalaşmasın. Nəticə etibarilə Mərkəzi Bankın ehtiyatları artıb. Eyni zamanda son aylarda bankların özünün də nağd alışı nağd satışından çox olub. Dekabr ayında fəsillə bağlı dollara tələbatın artmasına baxmayaraq, manatı heç bir təhlükə gözləmir. Neftin qiyməti də yüksəkdir. Buna görə də hələ ki manat üçün elə bir ciddi təhlükə ola bilməz".
İqtisadçı bu ilin 12 aylıq proqnozunu qeyd edərək deyib ki, növbəti il üçün büdcənin neft qiyməti ilə bağlı proqnozu və digər bir sıra məsələlər çərçivəsində manatın dollara qarşı 1,70 müəyyənləşdirilmiş kursu davam edəcək. Onun sözlərinə görə, sonrakı illərdə necə olacaqsa, bunu yalnız gələn ilin sonlarına doğru müəyyən etmək olar.
İqtisadçı ekspert Eyyub Kərimlinin sözlərinə əsasən, ənənəvi olaraq dekabrda dollara tələb yüksəlir. Bu, idxalın və eləcə də bayramlar ilə bağlı olaraq səfərlərin sayının artması və o cümlədən, dövlət və özəl müəssisələrin xarici borc öhdəlikləri ilə bağlıdır. Amma Mərkəzi Bank və Dövlət Neft Fondu dollara tələbi asanlıqla qarşılayır. Bu mənada hərraclarda dollara tələbin artması manatın məzənnəsinə təsiriz ötüşəcək. Digər tərəfdən nəzərə almaq lazımdır ki, növbəti aydan etibarən tələb yenidən stabilləşəcək. Manatın məzənnəsinin necə dəyişməsi isə birbaşa yenə də Mərkəzi Bankın mövqeyindən asılı olacaq. Amma aydındır ki, uzunmüddətli dövrdə manatın məzənnəsinin stabilliyi üçün valyuta bazarına neft və qaz sektorundan kənar sektordan daxil olan valyutanın həcminin artırılmasına ehtiyac var: "İlin sonunadək dollara tələb yüksələcək. Bu, gözləniləndir. Hərraclarda satılan dolların təxminən 90 faizinin idxal üçün istifadə edildiyini nəzərə alsaq, bu zaman xarici valyutaya tələbin artması qaçılmazdır".
Ekspertin söylədiyinə görə, beynəlxalq ticarət əməliyyatlarında, xüsusilə də energetika sahəsində dolların dünya əsas valyutası kimi rol oynamağı davam etməsi gözlənilən prosesdir. Azərbaycanın neft və qaz kimi energetik resursları ilə dünya bazarında uzun müddət mühüm oyunçu olacaq. İkincisi, Azərbaycanın iqtisadiyyatının dollar ilə sıx əlaqəsi beynəlxalq ticarət əməliyyatlarının əksəriyyətində ABŞ valyutasının əsas pul olmasından irəli gəlir. Amma o da faktdır ki, ölkədə dolların geniş istifadə olunması, xüsusilə də xarici ticarət və investisiya sahəsində bunun özünü qabarıq göstərməsi ölkənin iqtisadiyyatının sürətlə inkişaf etməsinə kömək edir. Bu isə hərrac bazarında dolların tələbinin artmasına səbəb olur: "Üçüncüsü, Azərbaycanın maliyyə siyasəti və valyuta idarəetmə sistemi də hərraclarda dolların tələbinin artmasına təsir edir. Ölkədəki maliyyə siyasətinin və valyuta idarəetmə sisteminin investorlara və ticarət tərəfdaşlarına güvən verməsi, hərraclarda dollara tələbin formalaşmasında az rol oynamır. Beləliklə, Azərbaycanda hərraclarda dollara tələbinin artması bir çox müxtəlif faktorlardan irəli gəlir. Bu faktorlar arasında energetika sahəsindəki nailiyyətlər, beynəlxalq ticarət əməliyyatları, maliyyə siyasəti və valyuta idarəetmə sistemi kimi bir sıra aspektlər var. Energetika sektorundakı nailiyyətlər, xarici ticarət və maliyyə siyasəti bu tendensiyada əsas rolu oynayır. Amma istənilən halda Azərbaycan "üzən məzənnə" rejiminə keçmədiyi üçün valyuta bazarındakı tarazlığı Mərkəzi Bankın qərarları müəyyənləşdirir. Bundan başqa, dollara tələbin artım dinamikası davamlı deyil. Ona görə də manata hər hansı bir ciddi təzyiqdən söhbət gedə bilməz. Ölkənin mövcud valyuta ehtiyatları və hazırkı neft-qaz qiymətləri manata qorxu yaratmadan onun mövqeyinin rahatlığına imkan verir".
Sevinc QARAYEVA



