Müasir dövrdə hər hansı müəssisənin və ya məhsulun uğurunu reklamsız təsəvvür etmək çətindir. Reklam xidmətlərin faydalı tərəflərini təmsil edən ideyaların təbliğidir. Məhz reklam sayəsində bir məhsulu bazardakı oxşar məhsullardan fərqləndirmək mümkün olur. Reklam tətbiqindən düzgün istifadə etməklə istehsalın genişlənməsinə və təkmilləşdirilməsinə, eyni zamanda müəssisənin mənfəətinin əhəmiyyətli dərəcədə artmasına nail olmaq mümkündür.
Azərbaycan Dövlət Reklam Agentliyinin mətbuat katibi Hüseyn Azərinin "525"ə bildirdiyinə görə, müasir dövrdə rəqəmsal reklamlar daha çox inkişaf etsə də, ənənəvi reklamlar da öz aktuallığını itirmir. Onun sözlərinə görə, ənənəvi reklamların bir növü kimi açıq məkan reklamlarına maraq böyükdür: "Bunu ilbəil açıq məkanda reklam yerləşdirmək istəyənlərin sayındakı artımından da müşahidə etmək olur. Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, reklamların hazırlanması və yayımlanması sahəsində vahid tənzimləməni və nəzarəti həyata keçirən qurum kimi bu istiqamətdə sahibkarların işini asanlaşdırmaq üçün innovativ həlllərin tətbiqini davam etdirir. Agentlik ölkəmizin reklam tarixində bir ilkə imza atacaq. Fəaliyyətimizdə süni zəka tətbiq ediləcək. Artıq bununla bağlı hazırlıq işləri yekunlaşmaq üzrədir. Süni zəkanın tətbiqi nəticəsində reklamın növü, ünvanı, zonası, sahəsinin ölçüsü, dövlət rüsumu və yayım haqqı, qeydiyyatının olub-olmaması və s. barədə məlumatlar avtomatlaşdırılmış şəkildə müəyyənləşdirilərək, yeni yaradılmış mərkəzi sistemə ötürüləcək. Sistemdə məlumatlarda olan uyğunsuzluqlar dərhal təsbit ediləcək və onların aradan qaldırılması ilə bağlı zəruri tədbirlər görüləcək. Qeyd edək ki, yeni avadanlıqların tətbiqi proseslərin onlayn izlənməsinə, idarə edilməsinə, məlumat bazasının yaradılmasına, sahibkar məmnunluğunun ölçülməsinə, sahibkarlarla ünsiyyət zamanı onları maraqlandıran sualların dərhal cavablandırılmasına imkan yaradacaq. Sahibkarlarla ünsiyyətin qeydə alınması onların bu barədə məlumatlandırılmasından sonra həyata keçiriləcək".
H.Azərinin sözlərinə görə, Agentliyin fəaliyyətindəki daha bir yenilik "Reklama İntellektual Nəzarət Sistemi"nin yaradılmasıdır: "Yeni sistemin yaradılması informasiya təhlükəsizliyinin təmin edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu sistemin tətbiqinə hazırlıq işləri də yekunlaşmaq üzrədir".
Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən ölkəmizdə reklamı qadağan olunan məhsullar da var ki, bunlara həkim resepti əsasında buraxılan dərman vasitələri, dopinq vasitələri, istifadəsinə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən icazə verilməmiş tibbi təyinatlı texnika, müalicə, profilaktika, diaqnostika və reabilitasiya metodları, o cümlədən, hipnoz seansları, psixi və ya bioenergetik təsirə əsaslanan müalicə metodları, tibbi xidmətlər, tütün, tütün məmulatları aiddir. Ən çox üstünlük verilənlər isə sahibkarlar satışı stimullaşdırmaq üçün obyektlərinin üzərinə yerləşdirdikləri reklamlardır. Reklam istənilən halda təbliğat sosial, iqtisadi və siyasi sahənin inkişafına kömək edir. Kampaniyaların düzgün aparılması isə istədiyi nəticəni əldə etməyə imkan verir.
Online satış üzrə mütəxəssis Ələmdar Manafov isə qəzetimizə açıqlamasında bildirib ki, reklam üçün hər zaman yaxşı planlama olmalıdır: "Şirkətlər reklam zamanı istifadə ediləcək rənglərə xüsusi fikir verməlidirlər. Çünki öncə insanın diqqətini çəkən seçilmiş rənglərdir. Məhsulun reklamı elə təşkil olunmalıdır ki, müştəridə məhsulun keyfiyyəti və hazırlanması haqqında əlavə suallar yaranmasın. Eyni zamanda reklam verməzdən öncə bazar araşdırması edilməlidir ki, hansı növ reklam hansı formada verdikdə daha çox keyfiyyətlidir. Məsələn, yanacaqdoldurma mərkəzinin yanında maşın motorları üçün yağ məhsulunun reklamı yerləşdirilsə, bu reklam uğurlu alınacaq. Sosial şəbəkələrdə kiçik biznes sahibləri bu problem ilə çox rastlaşırlar. Belə problemlərlə üzləşməmək üçün təcrübəli mütəxəssislərlə məsləhətləşmək lazımdır".
Havar ŞƏFİYEVA