“Mançester Yunayted” futbol üzrə ölkə kubokunun yarımfinal matçında İngiltərə çempionatının ikinci güclü divizionunda çıxış edən “Koventri”ni penaltilər seriyasında məğlub edib.
525.az xəbər verir ki, matçın əsas və əlavə vaxtı 3:3 hesabı ilə başa çatıb.
“Mançester Yunayted”in qollarını Skott Maktominay (23-cü dəqiqə), Harri Maquayr (45+1) və Bruno Fernandes (58) vurub.
“Koventri”nin qollarını Ellis Simms (71), Kallum O'Hare (79) və Hacı Rayt (90+5, penalti) vurub.
Penaltilər seriyasında isə "Mançester Yunayted"in futbolçuları daha dəqiq olub - 4:2.
İngiltərə kubokunun finalında “Mançester Yunayted” şənbə günü Londonda “Çelsi”ni məğlub edən (1:0) “Mançester Siti” ilə qarşılaşacaq.
Həlledici qarşılaşma mayın 25-də Londondakı “Uembli” stadionunda keçiriləcək.
“Mançester Siti” hazırda İngiltərə Kubokunun sahibidir və ümumilikdə 7 dəfə kuboku qazanıb. “Mançester Yunayted” isə 12 titul qazanıb. Ölkə kubokunda ən çox qələbə qazanan rekordçu Londonun “Arsenal”ıdır – 14 titul.