"Elmar bəy "Araz-Naxçıvan"da yaxşı komanda formalaşdırıb. Futbolçularıma təşəkkür edirəm ki, intizamı pozmadılar. Səhvsiz oynadıq".
QOL.az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Şahin Diniyev Misli Premyer Liqasının 31-ci turunda bu gün "Araz-Naxçıvan"a qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.
O, 2:0 hesabı ilə qalib gəldikləri səfər matçını belə şərh edib: "Çətin matç idi. Futbol baxımından yox, psixoloji baxımdan. Futbolçuların üzərində böyük təzyiq var idi. Neçə tur idi ki, qələbə qazana bilmirdik. Avrokuboklar mübarizəsindən düşmə zonasındaydıq. Oyunçular tapşırıqları maksimum yerinə yetirdilər. Gərginlik var idi. Yolumuza davam edirik. Çətin oyunlar bizi gözləyir. Çalışacağıq ki, yaxşı nəticələr qazanaq. Uğurlu nəticələr qazanmaq istəyirik. Yeddi ayın komandasıyıq. İddialı olmağımız məni çox sevindirir".
Ş.Diniyev növbəti turda "Sabah"la keçiriləcək qarşılaşma haqda da danışıb: "Altı xallıq oyundur. Tamam və davam oyunlarından biridir. Futbol proqnozu sevmir. Anlayırıq ki, çox vacib oyundur. Son matça qədər "Səbail" döyüşəcək".
Baş məşqçi uzun müddətdən sonra kapitan Ağabala Ramazanovun meydana çıxması və heyətdəki durum haqda da fikilərini bildirib: "Səbail" funksional hazırlığı yaxşı olan komandalardandır. Komandanın gücünə, potensialına inanıram. Komandam pik nöqtədə olmasa da, yaxşıdır. Ağabala Ramazanovu da geri qayıtdığı üçün təbrik etmək istəyirəm. Onun meydana daxil olması futboldan çox, insani yanaşma idi. Düzdür, hazır deyildi. Amma Ağabala ölümlə həyat arasında çarpışan biri idi. Onu futbola qaytardıq. Heyətimiz yetərlidir ki, sona qədər mübarizə aparaq".
Ş.Diniyev hələ ki. müqaviləsi sona yaxınlaşan futbolçularla danışıq aparmadıqlarını qeyd edib: "Futbol nəticənin üzərində dayanan oyundur. Həm tələsmirik, həm də gecikirik. Komandanın harda olmasından çox şey asılıdır. Radikal dəyişikliklər istəmirik. Komandada 90 faiz dəyişiklik olanda, stabillik alınmır. Güclənməyə də ehtiyac var. Heç bir futbolçu ilə danışıq aparmamışıq. Futbolçuların hər biri burada xoşbəxtdir. Hər halda, bizim qərarlarımızdan asılı olan məsələdir".