Çağdaş Azərbaycan musiqişünaslığının tanınmış nümayəndələrindən olan sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi, nəhayət, tələbəmiz Səadət Təhmirazqızının fəaliyyəti həm tədqiqatçı, həm metodist, həm də ənənələrimizi yaşadan pedaqoq kimi təqdirəlayiqdir. S.Təhmirazqızı, sözün əsl mənasında ona dərs deyən müəllimlərin pedaqoji prinsiplərini və metodik tovsiyə və arzularını vicdanla yeni nəsillərə ötürür. Ənənə həmişə kökə bağlı olub. Mərhum Xalq şairi Bəxtiyar Vahabzadənin sözüdür: “Ənənə kökə sədaqətdir. Ağacın varlığı üçün kök nə qədər vacibdirsə, sənət üçün də ənənə bir o qədər gərəklidir”. Atası, tanınmış xanəndə, Əməkdar artist Təhmiraz Şirinovun mənalı həyat yolu Səadət üçün bir məktəbdir. Təhmiraz müəllim bəstəkar mahnılarının, muğam və xalq musiqisinin mahir ifaçısıdır. Biz musiqişünaslar muğamlarımızı ustadlardan öyrənmişik və onların sırasında Təhmiraz müəllimin xüsusi rolu var. O, olduqca sakit, təmkinli və zəhmətkeş insandır. Bütün bu xüsusiyyətlər Səadət xanımın fəaliyyətində də özünü büruzə verir.
Səadət Təhmirazqızı S.Hacıbəyov adına Sumqayıt şəhər orta ixtisas musiqi texnikumunun nəzəriyyə şöbəsini fərqlənmə diplomu ilə baş vurduqdan sonra Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Musiqi tarixi və nəzəriyyəsi fakültəsini bakalavr və magistr pillələrini də fərqlənmə diplomları ilə bitirib. 1990-1993-cü ildən ÜMM-nin müəllimi olub, 1997-ci ildən Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində, 2008-ci ildən isə Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzində çalışır.
Mən S.Təhmirazqızını Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasına daxil olduğu dövrdən tanıyıram. Mən “Solfecio”, “Harmoniyanın tarixi”, “Musiqi nəzəriyyəsi” üzrə müxtəlif fənlərdən Səadətə dərs demişəm. O, seminar və imtahanlarda həmişə yüksək səviyyədə cavab verər, yazdığı kurs işləri xüsusi fərqlənər, tələbələrin elmi konfranslarında, respublika üzrə müsabiqələrdə fəal və bilikli tələbə kimi yaddaqalan çıxışları ilə diqqəti cəlb edirdi.
Hələ tələbəlik illərindən S.Təhmirazqızı Dövlət Televiziya və Radiosunda işləməyə başladı. O, radioda bəstəkarlarımız, ifaçılarımız və musiqişünaslarımız haqqında maraqlı verilişlər hazırlayır, tez-tez rayonlara yaradıcılıq ezamiyyətlərinə gedir və müxtəlif ekspedisiyalarda iştirak edirdi. Azərbaycan radiosunun fondunda onun 1000-ə qədər verilişi qorunub saxlanılır. “Azərbaycantelefilm” yaradıcılıq birliyində Səadət xanımın ssenarisi əsasında Seyid Şuşinski, Xan Şuşinski, Fikrət Əmirov, Əlövsət Sadıqov, Tofiq Əhmədov, Cövdət Hacıyev, Asəf Zeynallı, Zakir Bağırov, Vasif Adıgözəlov və digər görkəmli şəxsiyyətlər haqqında sənədli filmlər çəkilib.
Səadətin yaratdığı yazı üslubu fərqli və orijinal, saf və zəngindir. O, “Süleyman Ələsgərov xatirələrdə”, “Nəğmədir həyat - Şəfiqə Axundova”, “Fikrət Əmirov”, “Nəsimi və musiqi”, “Bizim ustad - Əlibaba Məmmədov”, “Şəkinin ifaçılıq folkloru”, “Şəkinin musiqi folkloru”, “Üzeyir Hacıbəyli müasirlərin düşüncələrində”, “Seyid Şuşinski”, “Fikrət Əmirovun simfonik muğamları” (ingilis dilində), “Üzeyir Hacıbəylinin elmi fəaliyyətindən səhifələr” və digər elmi-publisist kitabların müəllifidir. Onun monoqrafiyaları sanki iki üslubu özündə birləşdirir – ciddi akademik və peşəkar danışıq dili. Bu baxımdan Səadət xanımın 2019-cu ildə çap olunmuş “Akademik Üzeyir Hacıbəylinin elmi fəaliyyətindən səhifələr” adlı araşdırması xüsusilə əhəmiyyətlidir. Bu tədqiqat işi arxiv sənədləri əsasında yazılıb. Lakin oxucu görür ki, müəllif hər bir sənəd haqqında öz fikirlərini və ümumiləşdirilmiş nəticələrini verir. Kitab haqqında rəy verən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, professor Firəngiz Əlizadə yazır: “Səadət Təhmirazqızı öz oçerkində AMEA-nın və Üzeyir Hacıbəylinin ev-muzeyinin arxiv materiallarından bu dahi şəxsiyyətin akademik kimi fəaliyyətini əks etdirən tarixi sənədlərdən bəhs edir. Bu tədqiqatın ən ümdə cəhəti odur ki, buradakı sənədlər ilk dəfə olaraq araşdırılır. Beləliklə də, Üzeyir bəyin akademik kimi fəaliyyəti məhz sənədlərin vasitəsilə oxuculara çatdırılır”.
Biz Səadət xanımın öz fikirlərini, daha doğrusu, nəticələrini qeyd etmək istəyirik. O, bütün akademiklərin, ümumi iclasın stenoqrammasını oxuyub maraqlı fikirləri ümumiləşdirərək yazır: “Bu gün həmin iclasın stenoqramının hər sətrini bu görkəmli, müdrik şəxsiyyətlərin söylədiyi fikirləri izlədikcə onların hər növ şəxsi-qərəzlikdən uzaq olan sağlam düşüncə tərzi, diskussiya yaratmaq bacarıqları ilə daha yaxından tanış oluruq”.
Səadət xanım həmişə öz müəllimlərinə böyük hörmət və diqqətlə yanaşır, onlarla bağlı radio və televiziya verilişləri hazırlayır, məqalə və oçerklər qələmə alır. Onun mənim haqqımda da hazırladığı radio verilişləri, qələmə aldığı məqalələr yaradıcılığımı dolğun şəkildə əks etdirir.
Səadət xanım müasir dövrdə baş verən ictimai-siyasi hadisələri də musiqi ilə qovuşduraraq, dəyərli mənbələr ərsəyə gətirib. Bu baxımdan möhtərəm Prezidentimizə həsr olunan “İlham Əliyev və musiqi mədəniyyəti”, Ulu öndərimizin 100 illiyi ilə əlaqədar “Heydər Əliyev və musiqi mədəniyyəti” kitablarını xüsusi qeyd etməliyik. Bu kitablar tarixi faktlar, rəsmi sənədlər əsasında hazırlanıb. Qeyd edək ki, “İlham Əliyev və musiqi mədəniyyəti” kitabı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 60 illik yubileyinə həsr olunub. Bu dəyərli kitablar Azərbaycan Bəstəkarlar İttifaqı tərəfindən nəşr olunaraq, AMEA-nın müxbir üzvü, Xalq artisti, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadənin giriş məqalələri ilə açılır.
Səadət xanım həm də Azərbaycan Bəstəkarlar İttifaqının İdarə Heyətinin üzvüdür. Onun Bəstəkarlar İttifaqının fəaliyyətində də özünəməxsus xidmətləri var. İttifaqın keçirdiyi elmi konfranslarda, plenumlarda və digər tədbirlərdə o, fəal iştirak edir. S.Təhmirazqızı “Qızıl qələm”, “Məhsəti Gəncəvi”, “Gənclər” və “Heydər zirvəsi” mükafatlarının laureatı, eyni zamanda “İrsimizin tədqiqi və təbliği” İctimai Birliyinin sədri, “Musiqi aləmində” jurnalının baş redaktoru və təsisçisidir.
Biz - S.Təhmirazqızının müəllimləri istedadlı yetirməmizlə fəxr edir, onun hər bir uğuruna qəlbən sevinirik. Mən Səadət haqqında düşündüklərimi sevgi ilə qələmə aldım. Əminəm ki, o, bundan sonra musiqi mədəniyyətimizə daha gözəl töhfələr verəcək.
İmruz Əfəndiyeva
Azərbaycan Bəstəkarlar İttifaqının İdarə Heyətinin üzvü, Əməkdar incəsənət xadimi, professor