|
|
|
|
Möhsümə telefonda deyirəm ki, 4-5 arası gedəcəm sizə.
- Namiqin telefonunu göndərmişəm də sənə?
- Hə, - deyirəm.
- Çətinlik olsa, yolu tapmasan, zəng elə.
- Bəlkə deyim, mənə "məkan"ı göndərsin?
- Özüm indi göndərərəm. Sən get, Namiq də işdən çıxıb gələcək, - deyir.
Heç 5-10 saniyə çəkmir, Möhsüm Kiyevdən "Gənclik"dəki qardaşı evinin yeriylə bağlı bildirişi göndərir. Texnologiya indi hər şeyi asanlaşdırıb və mənim Kiyevi məxsusi qeyd eləməyimin yalnız bir səbəbi var, Möhsüm hansı coğrafiyada olur-olsun, fikri həmişə ailəsinin, qohum-qardaşının, dostlarının, Vətəninin yanında olub və biz əslində onu heç vaxt kənarda bilməmişik. İndi artıq qəzetçi, televiziyaçı mühitində hamının yaxşı tanıdığı Möhsüm Aslanovla eyni dövrdə, o qarışıq, çətin 90-cı illərdə Bakı Dövlət Universitetində oxumuşuq. Sonradan tanışlıq münasibətlərimizin dostluğa çevrilməsinin səbəbkarı Rafiq Həşimov olub. Qısa bir müddət AzTV-də bir yerdə də işlədik.
Sonra Möhsüm həyatını Kiyevlə bağladı. Jurnalist, xüsusi müxbir və Dövlət Televiziyasının "Ukrayna və Şərqi Avropa ölkələri üzrə müxbir postu"nun rəhbəri oldu. Cari telejurnalist işi öz yerində, o qədər böyük və başqa işlər gördü ki, Möhsüm. Azərbaycan naminə, Azərbaycanın maraqları naminə yüzlərlə layihənin - tədbirlərin, mitinqlərin, ədəbiyyat və mədəniyyət günlərinin, nəşr olunan kitabların, keçirilən sərgilərin, filmlərin ərsəyə gəlməsində birbaşa iştirakı, dəstəyi oldu. İmkanlarını, əlaqələrini ölkəsindən, dostlarından müzayiqə eləmədi. Nə qədər xəstələrin müalicəsinə, nə qədər dərmanların alınmasına, nə qədər vacib insanların görüşlərinə səy etdi. Harda oldusa, Vətənini də özüylə apardı, özü qədər, qəlbi qədər. Çünki Qədir əminin oğluydu. Qərbi Azərbaycanın yorulmaz salnaməçisi, məqamları uca olsun, əziz şəhidlərimizin həyat tarixçələrinin yorulmaz araşdırıcısı, Azərbaycan tarixinin bir çox faciələrini öz canında hiss edən yazıçı-publisist, jurnalist Qədir Aslanın.
İndi maşında, onun böyük qardaşı Namiqin evinə gedə-gedə, xatırlayıram ki, düz 27 il əvvəl, 1997-ci ilin fevralında Rafiq mənə dedi ki, Möhsümün atası Qədir əminin kitabı çapa hazırlanır, onun dizaynına kömək etmək lazımdır.
Kitab çap olundu və bu iş həm də mənim tanınmış jurnalist, yazıçı-publisist Qədir Aslanın bioqrafiyası və yaradıcılığı ilə ilk əsaslı tanışlığım oldu. Görünür, heç nə elə-belə deyilmiş, indi Azərbaycan Respublikasının Əməkdar jurnalisti, "Qızıl Qələm" mükafatı laureatı, Türkiyə, Ukrayna, Moldova, Belorus, Özbəkistan və başqa bir çox ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının, həmin ölkələrin bir çox rəsmi qurumlarının nüfuzlu ödülləri, diplomları ilə təltif olunmuş Qədir Aslanın 80 illik "hesabat kitabı"nı hazırlamalıyam (Möhsümün bu təklifini böyük məmnuniyyətlə qəbul etdim və bunu özüm üçün şərəf bildim), bu yol, sən demə, mənim üçün 27 il əvvəl başlayıb.
Qədir Aslanın 80 illik ömrünün "hesabat kitabı" isə, necə deyərlər, "janrın tələblərinə uyğun" olaraq düşünülüb. Əsasən onun şəxsiyyəti və 54 illik fədakar, zəhmətkeş, vətənsevər jurnalist, yazıçı-publisist fəaliyyəti barədə görkəmli alim və yazıçılarımızın, millət vəkilləri və ictimai xadimlərin, naşir və jurnalistlərin, bir sözlə, onu yaxından tanıyan insanların danışdıqları, bəzən kitablarına "ön söz", bəzən isə təbrik kimi məxsusi yazdıqları məqalə və yazılardan ibarətdir; o yazıların kiçik bir qismi daha əvvəl çap olunub. Həmçinin hörmətli oxucular daha yaxşı tanısınlar və bilsinlər deyə onun ilk və sonrakı qələm təcrübələrindən bəzi nümunələr, ömrünün müxtəlif dövrlərini əks etdirən fotolar, diplomlar da kitaba daxil edilib.
Bəzi dəqiqləşdirmələr üçün növbəti dəfə Qədir əmi ilə görüşməliyik, odur ki, 33 ildi tanıdığım oğlu, dostum Möhsümün vasitəsi ilə həmin görüşə gedir, mənzil başına çatıram.
.
Sürücüyə ünvanı unutmamağı, saat səkkiz, doqquzun yarısında gəlməyi tapşırıram. Darvazanın ağzında Bakir qarşılayır məni, Qədir əminin ortancıl oğlu. Ciddiyyəti və mülayimliyi sanki dərində, bilərəkdən gizlənmiş Bakir; səbəbi ilə bağlı sonradan bu qənaətə gələcəkdim: Bakir hüquq-mühafizə orqanlarında işləyir, polisdir deyə şəxsi emosiyalarını daim "nəzarətdə saxlamaq", görünür ki, peşəkar vərdişidi. Elə çöldəcə söhbət edirik, eyni zamanda siqaretimi çəkib bitirirəm. Həmin qısa söhbətdə Bakirlə bağlı daha bir qənaətim də formalaşır: ədalət hissi, ata "kultu" güclüdür.
Qədir əmini çox gözlətmək olmaz, içəri keçirik.
Gəlişimin əsas məqsədi kitab üçün şəkil seçmək, "şəkilaltı yazıları" qeyd eləməkdi. Həmişəki kimi səliqəli, təmiz geyimli, kübar, ləngərli davranışlı və gözlərinin dərinliyindən sonsuz mehribanlıq yağan, ağsaçlı Qədir əmiylə üz-üzəyik: "Xoş gəlmisən, qadan alım".
Qucaqlaşıb görüşürük.
- Bir çay iç hələ, - başının ustufca hərəkəti ilə Bakirə "göstəriş" verir, Bakir də zabit hazırlığı ilə "əmri" ötürür.
- Narahat olmayın, Qədir əmi, içərik, çay qaçmır ki... Şəkilləri hazırlamısız?
- Narahat deyiləm, qadan alım. Öz evindi. Rafiq də burda çox olub.
- Hə, bilirəm.
- Çay iç, çay iç. İndilərdə Namiq də gələcək. Bir yerdə yemək də yeyəcəyik.
Çay içə-içə bir gözümlə şəkillərə baxır, həm də Qədir əminin şəkillərdə həkk olunmuş, fotonun əbədiyyətin pəncəsindən qoparıb saxladığı anlara - ömrün şövqlə yaşanmış parçalarına yenə də şövqlə necə baxdığını gözdən qoymamağa çalışıram. İki fərqli şəkil diqqətimi çəkir. Birində gəncdi. Hər ikisində qarmonu sinəsinə basıb.
- Qarmon çaldığınızı bilmirdim...
- Göyçəli olub musiqini sevməmək mümkün deyil. Xalq mahnıları, saz havaları bizim qanımızdadı. Qarmonu uşaqlıqdan çalıram. Sonradan çox dadıma yetdi. Qarmon ağır, dərdli, elə sevincli günlərimin də ən sadiq yoldaşı olub. Dindirməsən, dinməyib. Dindirəndə də ürəyini oxuyub, ürəyincə danışıb. Şirmayı dilləri çox ovudub məni.
- Kəndinizi necə xatırlayırsız?
- Mən Göyçə mahalının Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olmuşam. Kəndimiz Nəriman Nərimanovun adını daşıyırdı. Əvvəlki adı Əliquluağalı idi. El arasında, Göyçə mahalında bizim kəndi Göyçənin akademiyası adlandırırdılar. Neçə-neçə savadlı insanlar, professorlar çıxmışdı - Səfiyar Musayev, Qurban Bayramov, Maksim Musayev, Talıb Musayev, Qəmbər Bayramov, Yusif Bayramov, Maqsud Cəlilov, Rasim Məmmədov, akademik Nuru Bayramov. 200 nəfər Tibb Universitetinin müxtəlif fakültələrini bitirmişdi. Başqa sahələrdə də irəlidə olanlar vardı: Əməkdar incəsənət xadimi, aşıq İslam Yusifov, şair Bəhmən, Xəstə Bayraməli, Maşallah, aşıq Fətulla Alıyev. Bir neçə il əvvəl Fətulla Alıyev Prezidentin sərəncamı ilə Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görüldü. Gəncə Aşıqlar Birliyinin rəhbəridir. Kəndimizdən olan tanınmışları sadalamaqla qurtarmaz. Kənddə 480 ev var idi. Hər ailədə 8, 10, 12 uşaq. Demək olar ki, hamısı çoxuşaqlı ailələr idi. Bizim kənddən dünyada yoxdu. Dağlarla əhatə olunmuşdu. Kəlbəcərə yaxın idi. Bir tərəfdən də Göyçə gölünə yaxın idi. Bağ-bağat, hamının həyətində meyvə ağacları, gül-çiçək, bir sözlə, cənnət bir guşə idi.
- Atanızdan danışın. Kim idi? Neçə uşaq idilər?
- Atam Təyyar kişi İkinci Dünya müharibəsi iştirakçısı idi. O, xüsusilə Moskva ətrafında gedən döyüşlərdə yaxından iştirak eləyib, orden-medallara layiq görülmüşdü. Dörd qardaş olublar. Əmilərimin hamısı müharibədə iştirak edib, sağ-salamat da qayıdıblar. Kiçik əmim Əvəz Aslanov "Poçetnıy qrajdanin Leninqrada" ("Leninqradın fəxri vətəndaşı") olub.
- Atanız təhsilli adam idi?
- O, İrəvan Kənd Təsərrüfatı Texnikumunu bitirmişdi.
- Baytardı, ya aqronom?
- Aqronomdu.
- Siz ailədə neçə uşaq idiniz?
- Dörd qardaş, iki bacı. Eldar, Eyyub, Yavər. Bacılarımız da Elmira, Leyla.
- Qədir müəllim, ananız haqqında danışın, Allah rəhmət eləsin, Zümrüd xanımı necə xatırlayırsız?
- Bakıda vəfat elədi anam... (susur)... Bir hadisə danışım sizə. Mənə də danışıblar, özüm xatırlamıram. Çətin vaxtlardı, çörək tapılmırmış, qonşuda bir imkanlı adam çörək bişirirmiş, bilmirəm anam nəyə görəsə ora gedib, məni də kürəyinə şəlləyibmiş. Qonşu çörəkdən bir xeyli kəsib anama verir, ancaq baxır ki, anam çörəyi yemir, qoltuğunun altına qoyur. Soruşur ki, ay Zümrüd, sən çörəyi niyə yemədin? Anam da deyir ki, Qədirə saxlayıram, acanda verəcəm. Sonra ona ayrı bir çörək də verirlər, deyirlər, bu da Qədirin payı. Anadı da... (gözləri dolur)... Belə idi mənim anam. Uzun illər rayon yerində, kənd yerində, kolxozda heyvandarlıq sahəsində sağıcı işləyib. Bizdə tütünçülük də var idi, tütünçü olub. Həmişə zəhmət çəkib. Atamla çiyin-çiyinə çalışıb. Bakıya gələnə qədər işləyirdi. Yay olanda da mal-heyvanı götürüb gedirdik Kəlbəcər tərəfə, yaylağa çıxırdıq. Yaxşı yaylaqlarımız var idi. Avqustun axırında mal-heyvanatla, yaxşı məhsulla geri qayıdırdıq.
- Siz evdə böyük uşaq olmusuz?
- Xeyr, məndən böyük uşaq körpə ikən tələf olub.
- Məktəbi kənddə oxumusuz?
- Bəli. Nərimanlı kənd orta məktəbində.
- Onillik idi?
- Bəli. Hətta qonşu kəndlərdən gəlib bizim məktəbdə oxuyurdular ki, oranı qurtaranda mütləq ali məktəbə daxil olsunlar.
- Qardaş-bacılarınız təhsil alıb?
- Bəli. Hamısı ali təhsil alıb. Rəhmətə gedən qardaşım həm Bakı Dövlət Universitetini, həm də Ali Partiya Məktəbini bitirmişdi. Mən özüm Jurnalistika fakültəsini, bir qardaşım Xalq Təsərrüfatı İnstitutunu, kiçik qardaşım da Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişdi.
- Siz Bakıda təhsil almısız?
- Bəli, Bakı Dövlət Universitetində.
- Deməli, orta məktəbi bitirən kimi Bakıya gəlmisiz. Sonra təzədən kəndə qayıtmısız, yoxsa Bakıda qalmısız?
- Xeyr, rayona qayıtmışam. Rayon komsomol komitəsində təşkilat şöbəsinin müdiri işləmişəm.
- Hansı rayonda?
- Basarkeçər rayonunda. Ermənilər son illər oranın adını dəyişib Vardenis eləmişdilər. Prezident İlham Əliyev Kəlbəcərə gedəndə əli ilə oranı göstərib dedi ki, Basarkeçərin adını Vardenis qoyublar.
- Deməli, siz raykom komsomolda (rayon komsomol komitəsində) işləmisiz...
- İki il yarım raykom komsomolda təşkilat şöbəsinin müdiri, sonra iyirmi il fasiləsiz olaraq "Bolluq uğrunda" rayon qəzetində əvvəlcə ədəbi işçi, sonra kənd təsərrüfatı şöbəsinin müdiri, məsul katib vəzifələrində işlədim. Sonralar ermənilər qəzetin də adını dəyişib "Vardenis" eləmişdilər.
- Həftəlik qəzet idi?
- Xeyr, həftədə üç dəfə çıxırdı. Hətta yeganə mətbuat işçisi oldum ki, işlədiyim müddətdə SSRİ Jurnalistlər İttifaqının üzvü seçildim.
- Neçənci ildə?
- 1974-cü ilin avqust ayında.
- Qərbi Azərbaycandan neçənci ildə gəlmisiz?
- 1988-ci il hadisələri başlayan kimi.
- O illər ermənilərlə aranızdakı münasibətləri necə xatırlayırsız? Zəhmət olmasa, bu barədə danışın.
- Qeyd edim ki, uzun illər bizim rayonda partiya komitəsinin birinci katibi azərbaycanlılar olub. Bir vaxtlar Talıb Musayev var idi, Maqsudun atası. Uzun illər bizim rayon partiya komitəsinin katibi olub. Sonra Yunis Rzayev. O, sonralar dövlət üzümçülük və şərabçılıq komitəsinin sədri vəzifəsində işlədi. Ona görə ermənilər qorxularından qınından çıxa bilmirdilər. Amma ermənilər bicdi, imkanları olmayanda düşmənçiliyi altdan-altdan edirdilər. İyirmi il qəzetdə işlədiyim müddətdə, komsomolda işlədiyim vaxtda gənc olsam da, erməni xəyanətini həmişə hiss eləyirdim.
- Məsələn, nədən hiss eləyirdiz?
- Bax, tutalım, gənc kadrlar var idi, hamısı ali məktəbi qurtarıb öz doğma kəndlərinə, rayonlarına dönürdülər, onları get-gələ salırdılar, iş vermirdilər, rəhbər vəzifələrə təyin eləmirdilər. Bizi sıxışdırırdılar ki, çıxıb gedək, Azərbaycana qayıdaq. Ümumiyyətlə, bu fərq adicə təminatda belə özünü göstərirdi. Məsələn, sovetin vaxtında nə gəlirdi, erməni kəndlərinə verirdilər, ərzağı beşqat verirdilər, ancaq Azərbaycan kəndlərinə zornan, özü də hər şeyi çox az verirdilər, kəsirdilər. Hər yerdə camaatın qarşısına sədd çəkirdilər. İki faktı deyim. Əslində bu, mənim kitablarımda da var. Günlərin bir günü bizim görkəmli onkoloq həkim Əhliman Əmiraslanovun atasını - Tapdıq müəllimi (o, bizim maarif şöbəsinin müdiri idi) muştuluqladım, dedim ki, Moskva radiosu Sov.KP MK-nın plenumu barədə xəbər verdi, plenumda Heydər Əliyev Siyasi Büroya üzv seçildi. Otaqlara girib iş yoldaşlarımın, azərbaycanlıların hamısını bir-bir muştuluqladım. Tapdıq müəllim də tez telefonu götürüb Bakını sifariş elədi, Səfyar Musayevlə danışdı: "Ə, bu "komsomol" (mənə komsomoldan gəldiyim üçün "komsomol" deyərdi) belə bir söz danışır, düzdür?" Səfyar müəllim xəbəri təsdiqləmişdi. O da gəlib mənim üzümdən öpdü. Bu xəbər bütöv rayona, hər yerə yayıldı. Mən ondan sonra yarım saatlığa iş yerini tərk edib poçta getdim, Heydər Əliyevə təbrik teleqramı vurdum. "Uvedomleniya" ilə (çatdırılma xəbərdarlığı ilə), mənə cavab da gəldi. Bütün rayona səs yayıldı ki, qəzetin əməkdaşı Heydər Əliyevə teleqram vurub, cavab gəlib. O vaxt hər il Ali Partiya Məktəbinə iki nəfər göndərirdilər, biri azərbaycanlı, biri erməni. Mən də rayonda təsdiq olunmuşdum, sentyabr ayında gedəsi idim. Bu teleqrama görə mənim işimi burdular, getməyə qoymadılar, yerimə də erməni göndərdilər.
- Deyəsən, bu barədə oxumuşam... Əfşan Məmmədin "Göyçənin tərlanı" kitabında var bu barədə.
- Elədi, qadan alım. Geniş yazıb. Ürəknən. O kitab 2006-cı ildə çap olunub. "Nurlan" nəşriyyatında.
Təkrar Qədir müəllimin bu təfərrüatçı yaddaşı məni təəccübləndirir.
- Maraqlıdır, maraqlıdır, davam eləyin Qədir əmi.
- Bir hadisəni də xatırladım. Rayon mərkəzində 1 nömrəli erməni məktəbi var idi. Orada rus dili müəlliməsi işləyən bir rus qadın vardı, azərbaycanlıların xətrini istəyirdi. Bir gün mənə zəng elədi ki, səninlə işim var, görüşməliyik, onların içində, telefon ilə danışa bilmirəm. Məktəbə yaxın, univermağın yanında görüşdük, dedi ki, bizim məktəbdə Siyasi Büro üzvlərinin şəkilləri olan böyük bir lövhə var. İki gündür Heydər Əliyev Siyasi Büronun üzvü seçilib, ancaq baxıram, lövhədə şəkli yoxdur. Siz qəzetdə işləyirsiz, gedin redaktora deyin. Amma mənim söylədiyimi bilməsinlər, yoxsa məni doğrayarlar. Müəllimənin dediklərini redaktora söylədim. Baş redaktor Yunus Abdullayev idi. O, məktəb direktorunu çağırıb dedi ki, belə bir şey eşitmişəm, sabah mən qəzetin əməkdaşını göndərəcəyəm, sən belə qələt eləmə, bilsələr, səni işdən də çıxardarlar, partiyadan da. Səhəri günü məni o məktəbə göndərdi, getdim baxdım, gördüm ki, Heydər Əliyevin şəklini lövhədən asıblar. Məni də hörmətlə yola saldılar. Gəldim dedim ki, haqq-ədalət bərpa olundu.
Qədir əmi haqqında oxuduqlarımdan bəzi şeyləri də xatırlayıram. Onun hazırladığı ardıcıl felyetonlara görə xəstəxananın baş həkimi, milliyyətcə erməni olan şəxs vəzifəsindən uzaqlaşdırılmış, töhmətlə cəzalandırılmış, xüsusən azərbaycanlılara münasibətdə qiymət pozğunluğuna görə univermağın direktoru Samuel Madoyan işini tərk etməli olubmuş. Deyilənə görə, onun məhz bu cür mövqeyinə görə acıqlı olan ermənilər 1988-ci ildə jurnalist Qədir Aslanova sui-qəsd də hazırlayıbmışlar. Xoşbəxtlikdən bu qurğu mümkün olmamışdı...
- Bəs Bakıya gələndən sonra ancaq "Respublika" qəzetində işlədiz?
- Bura gələndə on il "İşıq" nəşriyyatında redaktor vəzifəsində işlədim.
- O nəşriyyat, deyəsən, "Malakan" bağında yerləşirdi.
- Bəli. Yazıçı Qılman İsmayılov bizim redaktor, Səfalı redaktorun müavini idi. On il orada işlədikdən sonra, 2001-ci ilin noyabr ayında Teymur Əhmədov məni "Respublika" qəzetinə dəvət elədi. O vaxt Heydər Əliyevin təşəbbüsü ilə Dünya Azərbaycanlılarının Qurultayı keçirilirdi. Mən də qurultayda iştirak elədim. Qayıtdıqdan sonra qəzetdə diaspor şöbəsi yaradıldı və məni həmin şöbəyə rəhbər təyin elədilər. O vaxtdan bu vaxta qədər qəzetdə şöbə müdiriyəm.
(Ardı var)