|
|
|
|
“ATV Kitab” seriyasının “Parlaq imzalar”la birgə layihəsi çərçivəsində silsilənin növbəti 4-cü nəşri - “Səsindən tanıdılar payızı” klassik yapon şeiri antologiyası işıq üzü görüb.
İstedadlı tərcüməçi və publisist Cəmşid Bəxtiyarın tərcüməsində işıq üzü görən antologiyaya klassik yapon poeziyasının zirvələri sayılan Başo (1644-1694) , Buson (1716-1783) və İssanın ( 1763-1828) ölməz üçlükləri - seçmə haykuları ilə yanaşı, həmin şairlərin özlərinə ustad saydıqları böyük yapon şairi Saygyonun ( (1118-1190) qələmindən çıxan tankalar - beşliklər də ilk dəfə olaraq oxuculara məhz bu topluda təqdim edilir. Şeirlərlə yanaşı, böyük yapon şairlərinin həyat və yaradıcılığına işıq salan, ara-sıra yapon poeziyası tarixini sərf-nəzər edən məqalələri də bu kitabdan oxumaq olar.
Antologiyanın tərtibçisi, redaktoru və məqalələrin müəllifi “ATV Kitab” seriyasının rəhbəri, şair Səlim Babullaoğludur.
Onun fikrincə, yapon şeirinin anı göstərmək, anın məzmununu çatdırmaq kimi yalnız özünə xas bir əsas xüsusiyyəti var və bu xüsusiyyət - anı yaxalamaq cəhdi və bu cəhdi dəqiq qaydalarla hüdudlanmış qısa şeirdə icra etmək yapon poeziyasını vizuallıq baxımından dünya şeirinin baş tacına çevirib.
“Parlaq imzalar” nəşriyyatının direktoru Nurman Tariq hesab edir ki, “Səsindən tanıdılar payızı” klassik yapon şeiri antologiyası məzmun məziyyətləri ilə yanaşı, həm də xüsusi poliqrafik keyfiyyətdə, poetik toplulara xas standartla icra olunub. O da qeyd edib ki, yalnız haykular deyil, həmçinin böyük yapon şairi Saygyonun qələmindən çıxan tankaların - beşliklərin da təklif edildiyi kitab bu məziyyəti ilə bir ilkdir, yenilikdir.
Yaradıcı qrup antologiya üzərində iş zamanı Yaponiyanın Azərbaycandakı səfirliyi ilə də əməkdaşlıq edib. Kitabın məsləhətçisi Aydın Tağıyevdir, bədii və texniki tərtibat isə İsmayıl Süleymanlıya məxsusdur.
“ATV Kitab” layihəsinin redaksiya heyətinə Vüqar Qaradağlı (sədr), Məsiağa Məhəmmədi, Cavanşir Yusifli, İlqar Fəhmi, Səlim Babullaoğlu (layihə rəhbəri), Seyfəddin Hüseynli, Dilman Şahmərdanlı, Əliş Mirzalı və Bəxtiyar Əlirzayev daxildir.
Bədii Tərcümə Mərkəzi və Ədəbi Əlaqələr Mərkəzinin iştirakı ilə hazırlanan kitaba və seriyaya informasiya dəstəyi www.news.atv.az tərəfindən verilir.
Qeyd edək ki, bundan əvvəl eyni seriyadan A. Strindberqin “Tənha” romanı, V. Krevenin “Azəristan hekayələri”, M. Ağaoğlunun “Alman malı” hekayələr toplusu nəşr edilmişdi.
Kitabı şəhərin əksər kitab dükanlarından əldə etmək olar. Eyni zamanda internet üzərindən www.parlaqimzalar.az və telefonla (055 259 72 59) da sifariş vermək mümkündür. Çatdırılma pulsuzdur.
Kitabda “Tərtibçidən” verilmiş yazını oxucularımızın diqqətinə çatdırırıq:
“Səsindən tanıdılar payızı...”
Səlim BABULLAOĞLU
Yapon ədəbiyyatı, bütövlükdə yapon mədəniyyəti azərbaycanlı üçün yeni və yad dünya deyil. Akira Kurosavanın (“Yeddi samuray”, “Raşömon”),Yasuciro Ocunun (“Tokio hekayəti”) və Takeşi Kitanonun (“Yakuzanın qardaşı”) filmləri, Akutaqava Rünoske (“Raşömon darvazası”, “Sıx meşədə” novellaları), Yasunari Kavabata (“Dağın səsi”, “Köhnə paytaxt” romanları ), Yukio Mişima (“Məhəbbət yanğısı”, “Qızıl məbəd” romanları), Kobo Abe (“Qumluqdakı qadın” romanı), Kenzaburo Oe (“Gecikmiş gənclik”, “Şəxsi təcrübə” romanları) və Haruki Murakaminin (“Kafka sahildə”, “Norveç meşəsi” romanları) əsərləri zaman-zaman Azərbaycan seyrcisi və oxucusunun ürəyinə yol tapıb, əsərlər dilimizə tərcümə olunaraq nəşr edilib.
Yaponiya haqqında “memuar və səfər qeydləri” janrında da görkəmli ədiblərimizin diqqətəlayiq əsərləri - Həsən Seyidbəylinin “On beş gün Yaponiyada” (1966), Novruz Nəcəfoğlunun “Eşitdiyim və gördüyüm Yaponiya” (2016) kitabları çap olunub.
Yapon poeziyası da vaxtaşırı Azərbaycan oxucularının ixtiyarına buraxılıb, təkcə peşəkarların deyil, “sıravi poeziya sevərlərin” də stolüstü kitabına çevrilib.
Azərbaycan oxucusunun əsrarəngiz və özünəməxsus yapon şeirilə ilk ciddi tanışlığı 1979-cu ildə baş verib. Xalq yazıçısı Elçinin tərcümə və tərtib etdiyi “Nərgizin bircə ləçəyi” toplusu ilə. Maraqlı “giriş yazısı”, “müəlliflər haqqında məlumat”, habelə “şərhlər və qeydlər”lə çap olunmuş 140 səhifəlik topluda həm orta əsrlər hayku ustaları, həm yeni yapon poeziyası nümayəndələrinin şeirləri - haykular və renkular ilə, üst-üstə 50-yə yaxın yapon şairinin əsərləri ilə tanışlıq imkanı qazanıb oxucularımız.
Yapon poeziyasına ikinci ciddi səyahət imkanı qazandıran kitab Pərviz Məmmədovun tərcüməsində ərsəyə gələn və 2003-cü ildə nəfis şəkildə nəşr edilən “Yapon ədəbiyyatı: haykular” toplusu olub. 280 səhifəlik bu topluda isə 46 hayku ustasının şeiri təklif edilib bizə.
İndi əlinizdə tutduğunuz kitab klassik yapon poeziyası ilə tanışlıq imkanı verən üçüncü belə nəşrdir. Və əlbəttə ki, sələflərindən fərqi də vardır. Əvvəla, istedadlı tərcüməçi və publisist Cəmşid Bəxtiyarın tərcüməsiylə təqdim olunan bu topluda yalnız haykular deyil, həmçinin böyük yapon şairi Saygyonun qələmindən çıxan tankalar - beşliklər da təklif edilir sizə, kitab məhz tankalarla başlayır. Özü də bu məziyyəti ilə toplu bir ilkdir, yenilikdir. Nəzərə alsanız ki, tankalar - beşliklər haykulardan - üçlüklərdən daha qədim və sonradan onları da doğurmuş olan ədəbi hadisədir, onda toplunun məhz belə tərtib edilməsi həm də qanunauyğun və ədalətli görünər. Sizə təklif etdiyimiz toplunun digər bir məziyyəti əsərləri təqdim edilən böyük yapon şairlərinin - Saygyo, Başo, Buson və İssa haqqında, habelə tanka və hayku barədə ümumyapon poeziyası kontekstində müfəssəl məqalələrin də olmasındadır. Müdrik, çoxyozumlu, füsunkar yapon poeziyasını əks etdirən kitabın başqa məziyyətləri də var ki, bu haqda rəy bildirməyi dəyərli oxucuların ixtiyarına buraxırıq.