Əhməd Cavadın kədərli "tövbə"si
Həmid Piriyevin "Kulis"də Əhməd Cavadın bir məqaləsi barədə hazırladığı material maraqla oxundu. Çünki bu araşdırma bəzi bizə bəlli olmayan səhifələrə işıq salır. Əhməd Cavadın tövbəsi... kədərlidir. Qanlı quruluş böyük fikir, əqidə adamını məngənəyə salır. Onun protestosu ilə bağlı qələmə aldığı cümlələrdən "Yaşamaq istəyirəm!" nidası boylanır:
"1928-ci ildə Türkiyədə çap olunan bir məcmuədə Əhməd Cavadın özündən xəbərsiz bir neçə şeiri çap olunur. Buna görə 1929-cu ildən ona qarşı mütəmadi hücumlar başlayır. Şair ittihamlara cavab olaraq "Kommunist" qəzetinin 1929-cu il 31 oktyabr tarixli nömrəsində "Şiddətli protesto edirəm" adlı məqaləsini çap etdirir:
"Ə.Nazim yoldaşın Moskvada çıxan "Mətbuat və inqilab" adlı ədəbi məcmuədə yazdığına görə, müsavatçılar tərəfindən İstanbulda nəşr edilmiş "İstiqlal uğrunda" ünvanlı kitabda bənim də bir para şeirlərim dərc edilmişdir.
Aprel inqilabından sonra əlaqədar olmadığım bu təşkilat tərəfindən nəşr edilən bu kitabdan xəbərim olmadığı kimi, hansı parçalarımın da oraya düşdüyündən məlumatım yoxdur. Lakin nə olur-olsun, Azərbaycan Şura quruluşu əleyhinə olan bir kitabda yazılarımın fitnəkarlıqla nəşr edilməsinə, şeirlərimin bir siyasi alət olaraq qollanılmasına qarşı şiddətlə etiraz edirəm".
Bu məqalədən sonra Əhməd Cavada hücumlar bir az da vüsət alır və o, "Kommunist" qəzetində "İzah" məqaləsini çap etdirir:
"Bən milliyyət ruhu daşıyan milli faydalardan bəhs edən ədəbiyyatı zərərli hesab edirəm; çünki böylə ədəbiyyat hər şeydən əvvəl milli ədavətlər törədir, bir milləti başqa bir millətdən üstün göstərməyə çalışaraq bir çox uyğunsuz hərəkətlərə meydan verir. Bunun nəticəsində də milli qırğınlar baş verib bir çox qanların tökülməsinə, zəhmətkeş xalqın həlak düşməsinə səbəb olur. İndi bənim fikrimcə, hər bir şüurlu vətəndaş yalnız öz millətini deyil, millətinin də mənsub olduğu bəşəriyyəti, bu bəşəriyyətin xilası üçün fədakarlıq göstərən əməkçiləri düşünməlidir. Ona görə də bən milli ədəbiyyatdan imtina edirəm.
Nəhayət, burasını da qeyd etməliyəm ki, bən də bir insan olmaq etibarilə səhv etməmiş deyiləm. Çox səhvlər etmişəm, bəlkə də o səhvlər yenə də olacaqdır. Lakin heç zaman xəyanət etmədim. Bundan sonra da etməyəcəyimə əminəm. Bəni xəyanətdə müttəhim edən yoldaşlar həddindən ziyadə şiddətli davranmışlardır. Bən də ümumi iş naminə haqqımda yazılan bu şeylərin tərsini unudaraq, əlimdən gəldiyi qədər proletar quruluşu üçün çalışıb xain deyil, dost olduğumu isbatə müvəffəq olacağıma əminəm".
***
AYB-nin 90 illiyi: həm bayram, həm əziyyət?
Xalq yazıçısı Anar "Qobustan" dərgisinin AYB-90 xüsusi sayına, baş redaktor Pərvinə verdiyi video-müsahibədə Azərbaycan Yazıçılar Birliyinin 90 illiyinin keçiriləcəyi ilə bağlı məlumat verib. Fəxri ad tələb edən yazı-pozu əhlinin vəziyyəti çətinləşdirdiyini qeyd edən Xalq yazıçısı bunun mümkünsüz olduğunu vurğulayıb: "Ən yaxın plan 90 illiyimizi qeyd eləməkdi. Bayramdı da 90 illik... Amma bu bayram bizim üçün müsibətdir. Çünki bu bayramla əlaqədar hamı gəlir ki, mənə bir şey ver. Hamıya da fəxri ad vermək mümkün deyil, axı. İki min Yazıçılar Birliyi üzvünün hamısı Xalq yazıçısı ola bilməz, hamısı Xalq şairi ola bilməz. Hamısı Əməkdar incəsənət xadimi olmaq, orden, medal almaq istəyir. Bu, mümkün deyil. Beşinə verirsən, on beşi inciyir. On beşi alır, əllisi inciyir. Ona görə də bu bayram bizim üçün məşəqqətdi. Həm bayramdı, həm də əziyyətdir. Bilmirsən ki, bu işin içindən necə çıxasan? Amma hər halda, qeyd eləməliyik. 90 il balaca rəqəm deyil. Yəqin mənim bayram edəcəyim sonuncu bayramdı. Yazıçılar Birliyinin 100 illiyinə mən çətin qalım. Amma 90 illiyini qeyd edəcəyik".
lll
"Böyük şair" kimə deyilməlidi?
Jurnalist İradə Sarıyeva sosial hesabında belə bir sual ünvanlayıb: "Böyük şair kimdi və kimə deyilməlidi?"
Şair, tərcüməçi Səlim Babullaoğlu cavab olaraq Marina Svetayevanın bölgüsündən bəhs edir: "Svetayeva 4 tip şairdən danışır: "bolshoy poet", "velikiy poet", "vısokiy poet", "genialnıy poet". Marina Svetayeva yazır ki, "bolshoy poet" olmaq üçün böyük istedad (bəlkə təb) bəs edir; "velikiy poet" üçün böyük poetik istedad azdır, bu istedada bərabər şəxsiyyət (şəxsi keyfiyyətlər) - ağıl, qəlb, iradə və bütün bunları yönəldəcəyi ali hədəf olmalıdır; "vısokiy poet" böyük şair olmaya da bilər, mütəvazi təbə malik olar bilər, eynən Alfred de Vinyi kimi - amma içindəki qiymətli nəsnə bizi onu etiraf etməyə məcbur edir; "velikiy poet" "vısokiy poet"i ehtiva edir və onu müvazinətə gətirir, tərsi mümkün deyil; bir də var dahi..."
Maraqlıdır, görəsən, Səlim müəllim bu bölgünü bizim ədəbiyyat üçün aparsa, hansı nəticə alınar?
***
Bir şeir üstündə "xəyanət"
Şair Bəxtiyar Hidayət bir şeir yazıb. Şeirin ilk bəndi belədi:
Dar günümün dostu Rasim
Gennən də yaxşı adamdı
Əzəldən də yaxşı adam
Sonnan da yaxşı adamdı
Rasim Qaraca da bu şeirə şərh yazıb: "Əla yazmısan!"
Rasim Qaracanın bu rəyi Emil Rasimoğlunun tənqid hədəfinə çevrilib:
"Rasim Qaraca daim imzasına (imzasının şəxsində ədəbi təfəkkürünə) sayğı ilə yanaşdığım şəxslərdən olub.
Amma... sanki zaman keçdikcə əksər imzanın ədəbi xarakteri, düşüncəsindəki sənət prinsipləri öz müvazinatını itirir. Bu hal kimisində qeyri-ixtiyari baş verir, kimisində isə özünün ədəbi prinsiplərinə "xəyanətindən"... və yekunda yaradıcı təfəkkürün "qanqrenası" meydana çıxır.
Deyəsən, növbə Rasim Qaracadadır. Belə olmasaydı, adam heç bir ciddi mətni, müəllifin yaradıcı novatorluğunu, ədəbi hadisəni... ifadə etməyən bu şeirə "ustalıqla yazılıb" rəyini verib, müəllifi "əla" ilə qiymətləndirməzdi.
Az öncə qeyd etdiyim müvazinatın itməsi halı heç şübhəsiz ki, Rasim Qaracada ədəbi prinsiplərinə "xəyanətdən" doğur... Çünki adam nə etdiyinin, nə yazdığının fərqindədir.
Rasim bəy Bəxtiyar Hidayətin dil barədə tayı-bərabəri olmadığını deyib: "Emil bəy, Bəxtiyar Hidayətin yaradıcılığını çoxdan izləyirəm. Azərbaycan dilinin imkanlarından onun qədər geniş istifadə edən yeni nəsil şairlərdən ikinci şair tanımıram. Xüsusən, təcnis janrında çoxlu yeniliklər edib. Sərbəst şeirləri də var, ümumən adam talantlıdır, bunu danmaq olmaz".
E.Rasimoğlunun genişləndirməyə cəhd etdiyi dialoqu R.Qaraca "Tənqidiniz barədə düşünəcəm" cavabı ilə sonlandırıb.
***
"Çirkaba batmış dünya", şeirlər və uşaqlar...
Ulucay Akif nəsrə keçməyini necəsə əsaslandırmağa çalışır və bu an bəşəri fikirlərlə çıxış edir: "Bilmirəm, bəlkə də, mən yanılıram, amma fikir verirəm, artıq şeir gücünü itirib insanlar üçün, artıq heç kim şeirdən güc almır, kimsə sevgisini şeirlə bildirmir sevdiyinə. Ona görə də artıq gözəl şeirlər də çox az yazılır, şairlər öz qınına çəkilib elə bil. Uzun illər şeirlə nəfəs almışam, içim-çölüm şeir olub daim, dünyaya daha fərqli baxmışam, daha fərqli görmüşəm hər zaman. Təvazökarlıqdan uzaq olsa da, çox gözəl şeirlər yazdığımı düşünürəm... İndi beynimdəki misraları elə ordaca boğuram, heç birinin dalına düşmürəm, hamısı it-bata düşür beynimin bir küncündə. Düşünürəm ki, kimin nəyinə lazımdı şeir? Təxminən, dünyaya uşaq gətirmək kimi... Düşünürəm ki, neyləyəcək bu çirkaba batmış dünyada o şeirlər, o uşaqlar?"
***
"Bu sözləri özünüzə sığışdırıb işlətməyin..."
Şəhriyar Del Gerani xətalı tələffüzlə dilimizi korladığını düşündüyü kəslərə səslənib: "Əziz həmvətən yadellilər, əgər rusca danışırsınızsa, buyurun, praTçses*, intanaTçsiya* və s. bu qəbil sözləri asudə tərz ilən ağzınıza sığışdırıb işlədin. Olsun. Problem yox. Amma Azərbaycan türkcəsində danışırsınızsa, biləsiniz, o sözlər "proses", "intonasiya" və s. kimi tələffüz olunur. Bu sözləri özünüzə sığışdırıb işlətməyin. Yekə adamlarsınız. Açın kitab oxuyun, dili öyrənin, özünüzə hörmət edin. Ayıbdır! Nə qədər danlamaq olar axı adamı? Utanmırsınız? Neyləyək? Ad çəkək bu istidə? Sonra da deyirsiniz, "Füzuli rindü-şeydadır..." Taa olar da. Hələ Füzuli möhkəm adamdır vallah..."
lll
Təzə nə var?
Hədiyyə Şəfaqətin növbəti tərifi: "Ədəbiyyat həm də nifrət bəslədiyimiz şeyləri, şəxsləri və hadisələri əbədi cəzalandırma sənətidir..."
***
Cavid Zeynallı yeni şair kəşf edib:
"Dərinə getsək, məlum olar ki, İTV-nin şərhçisi kəşf olunmayan şairdir. Oyunun ölüm-qalım vaxtında lirik ricətin biri bir qəpik:
- Vurmaq lazım idi, ay qəlbidaş. Ürəyimizdə yağ qalmadı, üzümüzdə qan qalmadı.
Sənə quzu kəsim. Bizim adamsan".
***
Salam Sarvanın səhhəti yaxşıdı. Hətta polşalı şair Vislava Şimborskanın şeirlərini tərcümə edib. Şərif Ağayar bu barədə yazır: "Əziz dostum Salam Sarvan nəinki özünü yaxşı hiss edir, üstəlik, yaradıcılıqla da effektiv məşğuldur. Bayaqdan məni votsaplayır ki, bazar günü olmasından sui-istifadə edərək yan gəlib yatma, dur bu şeirləri qoy sayta, sosial hesablarda da paylaş, qədirşünas dostlarımız bu gözəl şairi tanısın.
Mən də dedim, baş üstə!
Salam şairə yüksək qiymət verir, mən həm şairə, həm tərcüməyə. Orijinal kimi oxunur".
***
Ömər Xəyyam ssenarisi Nicat Mənalı, rejissoru Natiq Novruzov olan, Milli Qəhrəman Mübariz İbrahimova həsr olunmuş "Mübariz" filmini tənqid edib. Görünür, bu tənqiddən sonra Ömərə çoxlu zənglər gəlib: "Hansısa filmi, yaxud yazılı materialı təndiq edirsən, zəng edirlər, zəng elətdirirlər; küsürlər, inciyirlər. deyirlər, səni kimsə öyrədib. Hansısa filmi, yaxud yazılı materialı təqdir edirsən, zəng edirlər, zəng elətdirirlər; küsürlər, inciyirlər. Deyirlər, diktəylə yazmısan. Ümumiyyətlə, nə istəyirsiniz? Məsələn, necə edək? nə cür olsun?"