
Son illər Xəzər dənizinin səviyyəsinin azalması, suyun sürətlə geri çəkilməsi müşahidə edilir. Yeni qalıqlar üzə çıxdıqca dənizin suyunun geri çəkilməsi açıq-aydın görünür. Eyni zamanda, su səviyyəsinin azalması ilə sahilyanı torpaq ərazilərin sahəsi də genişlənib. Xəzərin səviyyəsi 1990-cı illərin ortalarından etibarən azalmağa başlayıb. Xəzər dənizinin su səviyyəsində 2021-ci ildə 35 santimetr, 2022-ci ildə isə 20-25 santimetr enmə müşahidə edilib.
Mütəxəssislərin fikrincə, Xəzərin qurumasına səbəb ilk növbədə iqlim dəyişikliyidir. Təxminən 20 il əvvəl Rusiyanın mərkəzi hissəsindən keçən və yağıntılarını Volqa su hövzəsinə tökən Atlantik okeanından daim siklonlar gəlirdi. Bu sular Xəzər dənizinə tökülürdü və dənizin öz buxarlanma balansı, su axını var idi. Hazırda bu siklonlar daha da şimala doğru hərəkət edir və yağıntıları Moskva, Sankt-Peterburq ərazilərinə tökür və Şimal Buzlu Okeanına qarışır. Hazırda isə Volqada su qıtlığı yaranıb, o, çox dayazlaşıb və müvafiq olaraq Xəzər dənizi də dayazlaşıb.
Xəzər dənizinin ekoloji vəziyyəti son illər ən çox müzakirə olunan məsələlərdən biridir. Rusiya Prezidenti Vladimir Putinin bu yaxınlarda Azərbaycana səfəri zamanı gündəlikdə duran məsələlərdən biri də məhz Xəzər dənizi olub.
Azərbaycan Prezident İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə görüşdə sözügedən məsələnin də müzakirə edildiyini bildirib: "Hər iki tərəfi narahat edən məsələlər, məhz Xəzərdə ekoloji vəziyyət, onun fəlakətli dayazlaşması üzrə fikir mübadiləsi apardıq. Danışıqlar apardığımız otağın pəncərəsindən Vladimir Vladimiroviçə hələ iki il əvvəl suyun altında olan, bu gün isə artıq bir metr yuxarıya çıxan qayaları göstərdim. Biz bunu Abşeron yarımadasının bütün sahili boyu, həm də Azərbaycanın bütün sahilyanı ərazilərində müşahidə edirik. Mümkün ekoloji fəlakətin qarşısını almaq üçün biz birgə səylərlə vəziyyəti təhlil etmək və həm ikitərəfli, həm də beştərəfli formatda həll yollarını müəyyənləşdirmək barədə razılığa gəldik. Yəni bu ekoloji fəlakətin meydana çıxmasını artıq açıq-aşkar görürük".
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizi sahilləri və dibinin geomorfologiyası şöbəsinin müdiri, coğrafiya üzrə elmlər doktoru, professor Əmir Əliyevin sözlərinə görə, iqlimdə baş verən proseslər hər zaman xəzərin səviyyəsinə təsir edib. Məhz bu təsirlər səbəbindən Xəzərin səviyyəsi daim qalxıb-enib. Son 200 il ərzində bunun əsas səbəbi, yəni 85 faiz iqlim, 10 faiz tektonik proses, 5 faiz isə antropogen təsirlərdir: "Xəzər dənizi üzərində müşahidələr 1837-ci ildən aparılmağa başlayıb və bu müddət ərzində Xəzərdə suyun səviyyəsinin kəskin dəyişməsi ilə bağlı 3-4 period qeydə alınıb. 1929-cu ildən 1977-ci ilə qədər Xəzərin səviyyəsi 3 metr aşağı düşüb. 1978-dən 1995-ci ilə qədər isə səviyyə 2,5 metr qalxıb. 1996-cı ildən bu günə qədər səviyyə təxminən 2 metr aşağı düşüb. Xəzərin səviyyəsinin düşüb-qalxmasının əsas səbəbi qeyd etdiyim kimi, Xəzər regionunda baş verən iqlim prosesləridir ki, bunlar nəticəsində Xəzərin su balansı formalaşır. Xəzər dənizinin su balansı dedikdə Xəzər dənizinə gələn, daxil olan sular və Xəzərdən gedən sular nəzərdə tutulur. Xəzər dənizinə daxil olan sular əsasən çay sularıdır ki, burada da 80-85 faiz Volqa çayı əsas paya sahibdir. Amma gedən sularda isə əsas rolu Xəzər dənizi səviyyəsinin buxarlanması oynayır. Bu iki proses arasında münasibət səviyyəni təyin edir. Əgər gələn su ilə buxarlanma bərabərdirsə, səviyyə dəyişmir. Gələn su buxarlanmadan çoxdursa, səviyyə qalxır, əksinə olduqda isə səviyyə azalır. Səviyyə qalxan zamanlarda - 1978-1995-ci illərdə Xəzər dənizinə əvvəllki illərə nisbətən hər il təxminən Volqa çayından 50 kub km su artıq gəlmişdi. Bunun nəticəsində səviyyə qalxmışdı. Son illərdə isə Xəzər dənizində buxarlanma çoxalıb və bunun nəticəsində Volqa çayının gətirdiyi su 30 faizə qədər azalıb. Həmçinin Xəzərin "baseyni" dediyimiz Volqa hövzəsi ərazisinə tökülən yağıntıların miqdarı son illərdə kəskin sürətdə azalıb. Bunun da əsas səbəbi qlobal iqlimdə baş verən dəyişmələrdir. Belə ki, bu əraziyə su siklonlar və antisiklonlar vasitəsilə gəlir. Qərb axınları dediyimiz Atlantik okeanından gələn siklonlar özləri ilə rütubət çox gətirirlər və əraziyə çoxlu yağıntı düşür. Həmin o "baseyni" dediyimiz əraziyə tökülən sular Xəzərə daxil olur. Son illərdə siklonların sayı azaldığına görə, antisiklonlar çoxalıb. Antisiklonlar Şərq ərazilərindən gələn sulardır və onlar əsasən quru hava gətirir, ona görə də orada su qıtlığı yaranır. Bu nöqteyi-nəzərdən Xəzərə tökülən suların miqdarı azalır və nəticədə Xəzər dənizinin səviyyəsi getdikcə enir".
Xəzər dənizinin səviyyəsinin qalxdığı 1978-dən 1995-ci ilə qədər olan dövrdə 50 min hektar Azərbaycan ərazisinin su altında qaldığını xatırladan professor vurğulayıb ki, baş verən bu proses nəticəsində ölkəmizin kənd təsərrüfatına 2 milyard dollara qədər ziyan dəyib: "İndi isə proses tərsinə baş verir. Deməli, o vaxt müəyyən olunmuşdu ki, Xəzər dənizinin səviyyəsi 1 santimetr qalxanda təxminən 200 hektar Azərbaycan ərazisi su altında qalır. İndi isə əksinə cərəyan edən proses nəticəsində həmin ərazilər su altından çıxır. Hazırda Azərbaycan ərazisində səviyyənin 2 metr aşağı düşməsi nəticəsində təxminən 38 min hektar su altından çıxmış ərazi var".
Alimin dediyinə görə, Xəzərin səviyyəsinin bundan sonra da 1-1,5 metr də aşağı düşəcəyi proqnozlaşdırılır: "Bu müddət ərzində əgər Baltik sistemi ilə - 29 metrə gəlib çıxsa, yəni 1977-ci il səviyyəsindəki kimi olsa, əlavə olaraq ərazilərimizin təxminən 13 min hektarı da su altından çıxacaq. Həmin çıxan torpaqlardan istifadə etmək istəyirlər. Amma nəzərə almaq lazımdır ki, Xəzərdə 100 illik dəyişmələr var. Məsələn, Xəzərdə ən yüksək səviyyənin 1805-ci ildə bugünkündən 5-6 metr yuxarı olduğu müəyyən olunub. O gündən bu günə qədər Xəzərin səviyyəsi aşağı düşüb. Bu proses təxminən 2050-ci ilə qədər davam edəcək. 2050-dən sonra yenidən Xəzərin səviyyəsində qalxma baş verəcək. Ona görə də Xəzərin səviyyəsinin belə dəyişmələrinə adaptasiya olmaq lazımdır. Həmin o su altından çıxan ərazilərdə isə çox böyük obyektlər tikmək məsləhət deyil. Çünki Xəzərin səviyyəsi qalxanda onlar su altında qalacaqlar. Ümumiyyətlə, son 4 min ildə aparılan müxtəlif coğrafi, arxeoloji, tektonik müşahidələr göstərir ki, 250 ildən bir Xəzərin səviyyəsində enmə və qalxmalar olur. Bu proses Xəzər üçün qəbul edilmişdir. İndi 250 il onun enmə periodudur. Dediyim kimi, təxminən bu əsrin ortalarına qədər enmə dövrü davam edəcək. Enmə dövrünün içərisində kiçik qalxmalar da ola bilər. Amma ümumi tendensiya enmə dövrüdür. 2050-ci illərdə bu dövrün qurtaracağı nəzərdə tutulub".
Ə.Əliyev deyir ki, Xəzərin səviyyəsinin enməsinin fəsadları artıq müşahidə olunmaqdadır: "Xəzərin Azərbaycan hissəsində elə yer var ki, dəniz 100-200-500 metr geri çəkilib. Bu, əsasən balıqçılıq sahəsinə, gəmiçiliyə mənfi təsir edir. Bu, kənd təsərrüfatına da xeyli təsir edərək ekoloji problemlər yaradıb. Prosesin qarşısını almaq üçün müəyyən tədbirlərin görülməsinə ehtiyac var. Ona görə də Xəzəryanı dövlətlərlə birgə monitorinq sistemi yaradıb müşahidələr aparılmalı, bu proseslər izlənilməlidir. Buna uyğun nəticələr üzrə təkliflər verilməlidir. Çünki bu prosesin qarşısına almaq mümkün deyil. Xəzərlə bir növ həmrəy yaşamaq lazımdır".
Yaxın illərdə dəniz səviyyəsinin aşağı düşməsi ilə bəzi endemik növlərin itirilməsi və Xəzər dənizinin biomüxtəlifliyinin azalması mümkündür.
Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib ki, Xəzər dənizinin səviyyəsinin azalmasına iqlim dəyişikliyi ilə bağlı buxarlanmanın artması, eləcə də Volqa çayının suvarma üçün istifadəsi təsir edib. O, Xəzər dənizinin səviyyəsindəki dəyişikliklərin ətraf mühitə və iqtisadi sektorlara, xüsusilə də dəniz neft və qaz əməliyyatlarına təsir etdiyini bildirib.
H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizinin Hidrometeorologiya şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Səid Səfərovun sözlərinə görə, Xəzərdəki çəkilmələr ekoloji və iqtisadi problemlərə də yol açır. "Eyni zamanda dəniz nəqliyyatında olan problemlər də çoxalır. Demək olar ki, hər gün gəmilərin sahilə yan ala bilməsi üçün qazma işləri aparılır. Çəkilmə dənizsahili torpaqların şoranlaşmasına, infrastrukturun mahiyyətini itirməsinə, dəniz canlılarının yaşaması üçün mənfi şərait yaradır. Yay aylarında dəniz sahillərinin qızması oksigenin azalmasına, balıqların əsas yem bazası olan planktonların məhvinə gətirib çıxarır".
Professor qeyd edib ki, əsrin sonuna qədər Xəzərdə su səviyyəsinin 9-18 metr aşağı düşməsi proqnozlaşdırılır: "Səviyyə təxminən 20 metrə yaxın aşağı düşə bilər. Hərçənd uzunmüddətli proqnoz olduğu üçün özünü doğrultması çox da real görünmür, amma hər halda bir siqnaldır. Xəzərdə suyun səviyyəsi 4-5 metr aşağı düşsə, bu, Şimali Xəzərin tamamilə quruması deməkdir. Çünki Şimali Xəzərin dərinliyi orta hesabla 5 metrdir".
Onun sözlərinə əsasən, dənizdə suyun enib-qalxması spiralvari hərəkətlər nəticəsində olur: "Keçən və bu il yağıntıların çox olması Xəzərə tökülən çayların suyuna təsir etdi ki, bu da Xəzərin səviyyəsinə töhfə verdi. İki ildir Kür çayı Xəzərə çatmırdı, artıq çatır. Rusiya ərazisindən keçən Volqanın da suyunun artması su səviyyəsinə müsbət təsir edə bilər. Son vaxtlar Xəzərin səthindən olan buxarlanmalarda küləyin təsiri qabardılır. Biz tədqiqatlar apardıq, belə bir şey var. Xəzərin üzərində küləyin sürəti su səviyyəsinə çox təsir etməsə də, istiqamətində olan dəyişmələr səthdən buxarlanmanın daha da artmasına və son nəticədə səviyyənin aşağı düşməsinə səbəb olur".
Sevinc QARAYEVA



