Noyabrın 17-də Füzuli rayonunda "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin "Regional Təlim İnkişaf Proqramı-1" çərçivəsində növbəti "Kompleks Təlim Proqramı"nın açılışı olub. Heydər Əliyev Mərkəzində keçirilmiş açılış mərasimində əvvəlcə "Azərsu" ASC-nin fəaliyyəti ilə bağlı videoçarxlar nümayiş etdirilib.
Füzuli rayon icra hakimiyyətinin başçısı Alı Alıyev məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşması ilə əlaqədar dövlət başçısının həyata keçirdiyi məqsədyönlü siyasətdən və rayonda aparılan abadlıq quruculuq işlərindən danışıb: "Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq əhalinin sosial problemlərinin həlli istiqamətində Füzuli rayonunda mühüm işlər görülüb. Cəbhəyanı bölgə sakinlərinin içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə həyata keçirilən tədbirlər nəticəsində sakinlər keyfiyyətli içməli su ilə təmin olunub".
"Azərsu" ASC sədrinin müavini Mahir Məmmədov istehlakçıların 24 saat fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi istiqamətində regionlarda həyata keçirilən layihələr barədə məlumat vermiş və qeyd edib ki, layihələrin icrası ilə yanaşı, kadrların peşəkarlığının artırılmasına da xüsusi diqqət yetirilir: "Yeni infrastrukturu idarə etmək üçün peşəkar kadrların hazırlanması prioritet kimi müəyyənləşdirilib. Həyata keçirilən təlim proqramları yerli sukanal idarələrində çalışan işçilərin bilik və bacarıqlarının artırılmasına xidmət edəcək".
"Azərsu" ASC-nin "Birləşmiş Sukanal" MMC-nin direktoru Etibar Məmmədov qeyd edib ki, regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarına uyğun olaraq bölgələrdə, xüsusilə cəbhəyanı kəndlərdə içməli su təchizatının yaxşılaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər davam etdirilir: "Cəbhə xəttində yerləşən və içməli sudan əziyyət çəkən kəndlərin problemlərinin həlli istiqamətində işlər surətlə davam etdirilir. Yerli icra strukturlarının dəstəyi ilə Füzuli rayonun cəbhə bölgəsində yerləşən kəndlərinin içməli su problemi köklü şəkildə həll olunub".
Tədbirə dəvət olunmuş Fransanın "Suez Environment" şirkətinin layihə direktoru Alen Karbonel keçirilən təlimləri yüksək qiymətləndirib və "Azərsu" ASC ilə əməkdaşlığın faydalı olacağını bildirib.
"Azərsu" ASC-nin İşlər İdarəsinin rəis müavini Rahid Fətəlizadə Füzuli rayonunda keçirilən 6-cı regional təlimdə Ağcabədi, Ağdam, Bərdə, Beyləqan, Füzuli, İmişli, Laçın, Tərtər, Xocavənd və Zərdab sukanal idarələrinin 224 nəfər əməkdaşının iştirak etdiyini bildirib: "Seminar və praktiki məşğələlər formasında keçirilən təlimləri müvəffəqiyyətlə başa vurmuş işçilər "Azərsu" ASC-nin "Daxili təlimçilərin təlimi" layihəsi üzrə namizədlərin seçilməsi və hazırlanması layihəsinə daxil ediləcəklər. Təlim müddətində iştirakçıların asudə vaxtlarının səmərəli təşkili üçün müxtəlif sosial proqramlar həyata keçiriləcək".
Mərasimdən sonra "Azərsu" ASC-nin rəhbərliyi Füzuli rayonu ərazisində yerləşən N saylı hərbi hissədə olub, şəxsi heyətlə görüşərək onlara müxtəlif hədiyyələr təqdim ediblər.