|
|
|
|
2025-2026-cı tədris ili üzrə "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı" çərçivəsində dünyanın nüfuzlu universitetlərinin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə maliyyələşdiriləcək təhsil proqramlarının siyahısı müəyyən edilib.
Növbəti tədris ili üçün təsdiq olunmuş təhsil proqramlarının siyahısında 15 prioritet ixtisas sahəsi üzrə dünyanın 32 ölkəsinə aid 221 nüfuzlu ali təhsil müəssisəsində tədris olunan 4405 proqram yer alır. Bununla yanaşı, bu il namizədlər dünyanın aparıcı reytinq cədvəllərində olan və ötən il əhatə olunmayan 11 ölkənin nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq imkanı əldə edəcəklər.
Siyahıda bakalavriat səviyyəsi üzrə 1311, magistratura səviyyəsi üzrə isə 3094 proqram yer alır. Siyahıda yer alan ali təhsil müəssisələrindən 15 prioritet ixtisas sahəsi əsas götürülməklə doktorantura proqramlarına qəbul almış şəxslər Dövlət Proqramına doktorantura səviyyəsi üzrə müraciət edə bilərlər.
Namizədlər, eyni zamanda, 2025-ci ilin "Times Higher Education" və "QS World University Rankings" reytinq cədvəllərində ilk onluqda yer almış ali təhsil müəssisələri tərəfindən təqdim olunan istənilən ixtisas sahələri üzrə bakalavriat, magistratura və doktorantura proqramlarından əldə etdikləri qəbul məktubları əsasında müsabiqədə iştirak edə biləcəklər.
Mədəniyyət və incəsənət sahəsi üzrə də nüfuzlu ali təhsil müəssisələri tərəfindən təqdim olunan bakalavriat və magistratura proqramları üzrə namizədlərin müraciətləri qəbul ediləcək.
Qeyd edək ki, Prezidentin müvafiq sərəncamına uyğun olaraq Dövlət Proqramına qəbul üzrə kvota sayı 500 nəfər müəyyən olunub ki, 2025-ci ildən başlayaraq kvotanın 25 faizindən çox olmayan hissəsi bakalavriat səviyyəsini və 20 faizindən çox olmayan hissəsi doktorantura səviyyəsini əhatə edəcək.
Millət vəkili Fatma Yıldırımın sözlərinə görə, Azərbaycanda uğurlu dövlət gənclər siyasəti həyata keçirilir. Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu öndər Heydər Əliyev gənc nəslə qayğını heç vaxt əsirgəməyib. Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə gənc nəslə diqqətin göstərilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi.
Millət vəkili bildirib ki, Ümummilli lider Heydər Əliyev gənclər siyasətinin ayrı-ayrı istiqamətləri üzrə müxtəlif sənədlər imzalayıb. Belə ki, ayrı-ayrı dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədilə Ulu öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Bu nazirlik gənclərlə iş sahəsində vahid dövlət siyasətinin reallaşdırılmasını təmin etdi. Bütövlükdə, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb. Ulu öndərin 1997-ci ildə imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb. Hər il gənclərimiz bu günü böyük coşqu ilə qeyd edirlər.
Millət vəkilinin dediyinə görə, müasir, müstəqil Azərbaycanın intensiv inkişafını təmin edən fundamental amillərdən birini də cəmiyyətin ən dinamik təbəqəsi qismində çıxış edən gənclərin potensialından səmərəli istifadə təşkil edir. Gənclər siyasəti ölkədə həyata keçirilən inkişaf siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Gənclərin fəaliyyəti üçün dövlətin yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin aparıcı qüvvəsinə çevrilib və gəncliyimiz ölkəmizin gələcəyi uğrunda inamlı addımlar atmaqdadır.
Bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclərin formalaşdığını diqqətə çatdıran Fatma Yıldırım əlavə edib: "Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri, təsdiq etdiyi dövlət proqramları dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb. Xüsusilə, gənclərimizin yüksək vətənpərvərlik ruhu vurğulanmalıdır. Rəşadətli Azərbaycan Ordusunun sıralarındakı Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan bu şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev bununla bağlı demişdir: "Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz olubdur... Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər". Gənclərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərib, ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında fəal iştirak ediblər".
İnsan kapitalının önəmini vurğulayan deputat deyib ki, Prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncamlar əsasında reallaşan "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın, habelə "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"nın nəticəsində 5000-dən artıq Azərbaycan gənci dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa müvəffəq olublar. "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı" çərçivəsində isə hər il 500 nəfərədək Azərbaycan vətəndaşının xaricdə nüfuzlu ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələrində təhsil alması nəzərdə tutulub. 2025-2026-cı tədris ili üzrə "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı" çərçivəsində dünyanın nüfuzlu universitetlərinin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə maliyyələşdiriləcək təhsil proqramlarının siyahısı müəyyən edilib. Bu il gənclər dünyanın aparıcı reytinq cədvəllərində olan və ötən il əhatə olunmayan 11 ölkənin nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq imkanı əldə edəcəklər.
Millət vəkili Pərvin Kərimzadə qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncamlar əsasında reallaşan "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı" çərçivəsində dünyanın nüfuzlu universitetlərinin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə maliyyələşdiriləcək təhsil proqramlarının siyahısı müəyyən edilib. Növbəti tədris ili üçün təsdiq olunmuş təhsil proqramlarının siyahısında 15 prioritet ixtisas sahəsi üzrə dünyanın 32 ölkəsinə aid 221 nüfuzlu ali təhsil müəssisəsində tədris olunan 4405 proqram yer alır. Bununla yanaşı, bu il namizədlər dünyanın aparıcı reytinq cədvəllərində olan və ötən il əhatə olunmayan 11 ölkənin nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq imkanı əldə edəcəklər: "Ən önəmli məqam isə Azərbaycan gənclərinin yüksək milli vətənpərvərlik ruhunda yetişməsidir. Azərbaycan gənclərinin vətənə sədaqət ruhunda tərbiyə edilməsi məsələsi Ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətlərindən biridir. Gənclərimi məhz bu ruhda yetişdirilib. 44 günlük Vətən müharibəsində və antiterror tədbirlərində biz bu reallığın şahidi olduq. Bu da Ulu öndər Heydər Əliyevin gənc nəsli Azərbaycanın uğurlu sabahı naminə səfərbər edən siyasətinin, Prezident İlham Əliyevin gənc nəslə qayğısının nəticəsi idi. Beləliklə, tarixi missiyanı həyata keçirən bizim qəhrəman gənclərimiz tarix qarşısında, xalq qarşısında, Vətən qarşısında misilsiz xidmətlər göstərdilər. Rəşadətli Azərbaycan Ordusunun sıralarındakı Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Onların rəşadəti sayəsində əldə olunan şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Şübhəsiz ki, Azərbaycan gəncliyi bundan sonra da müstəqil Azərbaycan dövlətinin daha da inkişafına və güclənməsinə öz töhfələrini verəcəklər. Bunun üçün bütün imkanlar mövcuddur".
Sevinc QARAYEVA