Özbəkistan Prezident Şavkat Mirziyoyev Əndican vilayətinə səfəri çərçivəsində regionda investisiya layihələri həyata keçirməyi planlaşdıran xarici şirkətlərin nümayəndələri ilə görüş keçirib.
525.az yerli KİV-ə istinadən xəbər verir ki, görüşdə bu il Əndicanda ümumi gücü 24 meqavat olan 763, gələn il isə daha 20 meqavatlıq kiçik və mikro su elektrik stansiyasının istismara verilməsi nəzərdə tutulur.
Çin şirkətlərindən biri belə su elektrik stansiyaları üçün lazımi avadanlıqların birbaşa regionda istehsalını qurmağa hazır olduğunu bildirib. İnşa edilən stansiyalara bir il ərzində pulsuz xidmət göstəriləcək.
Bundan əvvəl Babur şəhərində genişmiqyaslı abadlıq və tikinti proqramı elan edilib. Bir çox investorlar yeni şəhərin tikintisində iştirak etməkdə maraqlı olduqlarını bildiriblər. Çinli investor müasir çoxfunksiyalı kompleksin tikintisinə 250 milyon dollar sərmayə qoymaq niyyətindədir. Layihəyə əsasən, 55 hektar ərazidə biznes mərkəzi, mehmanxana, ticarət mərkəzləri və 3 min mənzilli binalar tikiləcək.
Görüşdə bu və digər layihələr barədə ətraflı məlumat verilib. Prezident sərmayələrin cəlb edilməsi istiqamətində işlərin gücləndirilməsi, investorlarla sıx əməkdaşlığın qurulması və onlar üçün hər cür şəraitin yaradılması ilə bağlı məsul şəxslərə tapşırıqlar verib.
Pərvanə Sultanova