ABŞ prezidenti Donald Tramp Rusiya və Ukraynanın bu həftə nizamlanma ilə bağlı razılığa gələcəyinə ümid etdiyini bildirib.
525.az xəbər verir ki, bu barədə o, “Truth Social”dakı səhifəsində yazıb.
“Ümid edirəm ki, Rusiya və Ukrayna bu həftə razılığa gələcəklər. Bundan sonra hər iki ölkə ABŞ-la böyük biznes qurmağa başlayacaq və bu, onların çiçəklənməsi və böyük sərvət qazanması ilə nəticələnərək”, - deyə ABŞ prezidenti bildirib.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə 19 aprel 18:00-dan 21 aprel 00:00-dək Pasxa atəşkəsini elan etmişdi. Ukrayna Prezidenti Vladimir Zelenski isə 30 günlük atəşkəs təklifi ilə çıxış edib.
Əlavə edək ki, ötən həftənin sonunda ABŞ Dövlət Departamentinin katibi Marko Rubio Moskva və Kiyev arasında razılığın əldə oluna biləcəyinə dair aydın işarələr görmədiyi təqdirdə ABŞ-nin Ukraynada vasitəçilik səylərini bir neçə gün ərzində dayandıracağını söyləyib.
Eyni zamanda xarici mediada ABŞ hakimiyyətinin atəşkəs müqabilində Rusiyaya qarşı sanksiyaları yumşaltmağı təklif etdiyi barədə məlumatlar yayılıb.
İbrahim Cəfərov