Dünya İqtisadi Forumunun təsisçisi və sədri Klaus Şvab istefaya gedir.
525.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
“Bu yaxınlarda verdiyim açıqlamadan sonra və 88-ci ad günüm ərəfəsində mən Qəyyumlar Şurasının sədri və üzvü kimi dərhal istefa vermək qərarına gəldim”, - Şvab bildirib.
Şura yekdilliklə sədr müavini Piter Brabek-Letmatı sədr əvəzi təyin edib. Forumun bəyanatında deyilir ki, gələcək sədr üçün axtarış komitəsi də yaradılıb: “Şura Dünya İqtisadi Forumunun sədri və təsisçisi Klaus Şvabın görkəmli xidmətlərini yüksək qiymətləndirib. O, dialoq və inkişaf üçün dünyanın aparıcı platformasını yaradıb və Şura onun 55 illik yorulmadan Foruma rəhbərlik etdiyinə görə minnətdarlığını bildirib”.
Qeyd edək ki, Şvab ən nüfuzlu plarformalardan biri olan Dünya İqtisadi Forumunu 1971-ci ildə təsis edib. Forum hər il Davos şəhərində keçirilir.
Pərvanə Sultanova