Kanadanın Avropa İttifaqına (Aİ) daxil olması ehtimalı azdır, lakin qeyri-mümkün deyil, çünki “Avropa dövləti” anlayışı qanuni və ya rəsmi olaraq təsbit edilməmişdir.
525.az xəbər verir ki, bu barədə “Politico” ekspertlərə istinadən yazıb.
Nəşr “Abacus Data” tədqiqat şirkətinin sorğusunun nəticələrinə istinad edərək, kanadalıların 44 faizinin ölkənin Aİ-yə daxil olmasını dəstəklədiyini, 34 faizinin isə əleyhinə olduğunu bildirib.
Avropa Komissiyasının sözçüsü Paula Pinho Aİ-yə üzvlük üçün yalnız Avropa ölkələrinin müraciət edə biləcəyini qeyd etsə də, ekspertlər Kanadanın da şansının olduğunu düşünürlər.
“Kanada, şübhəsiz ki, buna uyğun ola bilər. Çünki o, bir çox cəhətdən Avropa dəyərlərinə, institutlarına və siyasətlərinə indiki namizəd ölkələrin bir çoxundan daha yaxındır”, - deyə Sürixdəki İsveçrə Federal Texnologiya İnstitutunun Avropa siyasəti üzrə professoru Frank Şimmelfenniq bildirib.
İbrahim Cəfərov