|
|
|
|

Rəssam, heykəltaraş, Rusiya Rəssamlıq Akademiyasının prezidenti Zurab Sereteli vəfat edib.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə onun köməkçisi Sergey Şaqulaşvili məlumat verib. Sereteli 91 yaşında dünyasını dəyişib.
S.Şaqulaşvilinin sözlərinə görə, mərhumla vida və dəfn mərasiminin keçirilməsi ilə bağlı qərar daha sonra veriləcək.
Qeyd edək ki, Zurab Sereteli 1934-cü ilin 4 yanvarında Gürcüstanda anadan olub. O, Moskva Müasir İncəsənət Muzeyini, Rusiya Rəssamlıq Akademiyasının Moskva Sərgi Kompleksini, Zurab Sereteli Rəsm Qalereyasını, Tiflisdə Müasir İncəsənət Muzeyini təsis edib.
Seretelinin yaradıcılığına 5 mindən çox rəngkarlıq, qrafika, heykəltaraşlıq, monumental və dekorativ sənət (freskalar, mozaikalar, pannolar) nümunələri daxildir.
O, heykəltaraş kimi çoxsaylı abidələr yaradıb ki, onların arasında Moskvada "Əbədi dostluq", Nyu-Yorkda BMT binası qarşısında "Yaxşılıq pisliyi məğlub edir", Sevilyada "Yeni insanın doğuluşu", Londonda "Etimadsızlıq divarını dağıtmaq" və başqaları var.
İbrahim Cəfərov



