Dekabrın 16-da Rusiya Federasiyası Yazıçılar İttifaqının Moskva Şəhər Təşkilatının 60 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
İttifaqın çox sayda üzvü qurumun 60 illiyinə həsr olunmuş yubiley medalları, döş nişanları və diplomlarla təltif edilib. Sevindirici haldır ki, təltif olunanlar arasında həmyerlilərimiz - Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin katibi şair Nəsib Nəbioğlu və məşhur yazıçı Əbdül Hüseynov da var. Mükafatı Rusiya Federasiyası Yazıçılar İttifaqının Moskva Şəhər Təşkilatının sədri Vladimir Boyarinov təqdim edib.
Laureatlar Rusiyadakı ədəbi fəaliyyətlərinə, eləcə də, ədəbi-mədəni əlaqələrin gücləndirilməsindəki diqqətəlayiq işlərə görə mükafata layiq biliniblər. V.Boyarinov ədiblərimizin yaradıcılığını yüksək qiymətləndirib, onlara yaradıcılıq uğurları diləyib.
Xatırladaq ki, Nəsib Nəbioğlunun və Əbdül Hüseynovun yaradıcılığı Rusiya Yazıçılar İttifaqı tərəfindən daima yüksək qiymətləndirilib, onlar dəfələrlə medallarla, fəxri fərman və döş nişanları ilə təltif olunub, mükafatlara layiq görülüblər.