|
|
|
|
Azərbaycanın dəyərli ədəbiyyat və mədəniyyət xadimi, şairə Nurəngiz Gün dünyadan köçüb.
Mərhumun qızı, millət vəkili Jalə Əliyevanın verdiyi məlumata görə, Nurəngiz Gün dekabrın 20-nə keçən gecə uzun müddət əziyyət çəkdiyi bir neçə ağır xəstəlik üzündən vəfat edib. Nurəngiz Gün 1938-ci ildə Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1 saylı Bakı Tibb Məktəbində, sonra isə ADİU-da təhsilini davam etdirib. Xeyli müddət Azərbaycan teleradiosunda çalışıb, böyük tamaşaçı və dinləyici sevgisi qazanıb. Oxucularla ilk görüşə "Ulduz" jurnalında dərc edilən "Tanrı" (1981) povesti ilə gəlib. Onun forma və məzmunca müasir şeirləri poeziyamızda özünəməxsus yer tutur.
Mərhum şairə dekabrın 21-də Yasamal qəbiristanlığında dəfn olunub. N.Günün evində təşkil olunmuş vida mərasimində Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Xalq şairləri Fikrət Qoca, Sabir Rüstəmxanlı, millət vəkilləri, ziyalılar iştirak ediblər.
Anar, S.Rüstəmxanlı, mərhumun qızı J.Əliyeva və başqaları N.Günün ömür yolu, ədəbi və bədii yaradıcılığı haqqında danışıb, onun vəfatını Azərbaycan ədəbiyyatı üçün böyük itki kimi qiymətləndiriblər.
Daha sonra mərasim iştirakçıları mərhumun ruhuna dualar oxuyub, Allahdan rəhmət diləyiblər. Nurəngiz Günün yas mərasimi dekabrın 22-də "Təzəpir" məscidində keçirilib.
Mərhum şairənin əsərlərindən nümunələri, onun xatirəsinə və ədəbi irsinə ehtiram əlaməti olaraq, dərc edirik.
Mənə soyuqdur, günəş
Günəş!.. Mənə soyuqdur,
Axı mən qütbə gedən tək gəminin
məzlum mənzərəsinə dözümsüz oluram.
Axı üşüyürəm mən hərdən
azad qanad yoluna atəş açan
zalım ovçu üzündən.
...Günəşim! Tez-tez röyalarımdasan!
Bir dəfə də xəyalımda
səninlə öpüşəndə,
qucaqlaşıb demişdim:
Məhvəşim! Atəşim! Sahib dur!..
Məşum toxunur hər şey.
Çək məni, apar məni.
Apar, apar!... ...
Yerdə mənə yaman soyuqdur, Günəş!
Quş, məkan, şair və Vətənə
dair aydın cavab
- Hansı quş daha yaxşı?
- Qaranquşdan, bayquşdan,
Darğa qarğadan başqa
Hamısı.
Ən sevgilisi -
mənim nəğmələrimi
"bub-bub" səsiylə titrədən
mənim ana məhbubum
fikirli, boynu bükük Şənəbub!..
- Hansı məkan daha yaxşı?
- Tikansızsa hisarı...
demək olar hamısı.
Ən dadlısı -
O məkan ki,
azadlıq qoxuyur onun
göylərində ab-havası.
Və Azadlıq havasının... küyü yox,
Özü gəzir təbəssümdə, gözlərdə.
- Hansı şair daha yaxşı?
- Şair doğulubsa, hamısı.
Yaltağından, taxtaürək,
saxtasından savayı!
Ən doğması -
ordensiz-medalsız
bizə qədər gəlib çıxan
Gözləri qəm dəryası
Qoca Şərqin
qoca, müdrik
dərdi füzun Füzulisi!
- Bəs Vətən?
- Köksümün eşq qübbəsinə,
Yaxasına toxunma! Ay uşaq...
Türkün eli böyükdür.
O Vətən ki,
basılmayır Ulusu!
Niyə gəldim
Nilufərlər solan çağı
Mən bu gölə niyə gəldim?
Niyə axı bura gəldim?
Gəlmişdimsə niyə gəlib,
Niyə getdim?
Ah, bilən yoxdur
bağrım başı nədən belə
bölük-bölük?
Nədən axı qəmgin olur
Könül belə o göl sarı?
Bəs nə üçün çıxdım getdim
Nilufərlər solan çağı?