Azərbaycanın dilbər guşəsi Gədəbəy rayonunda yaşayıb-yaradan el ağsaqqalı, şair İkram Əhmədoğlu ömrünün onuncu onilliyinə qədəm qoyub.
Özünün sayca beşinci kitabı "Sar ötür"adlandıran müəllif bir sıra mənəvi dəyərlərimizin it-bat olmasını ürək ağrısı ilə yaşayır.
90 yaşı ötməsinə baxmayaraq, gündəlik mətbuatla maraqlanır, "525-ci qəzet"in və digər qəzetlərin, jurnalların abunəçisidir. Ona cansağlığı, həmişə gümrah və həyatsevər qalmağı arzulayırıq.
İkram Əhmədoğlu başqa mövzular kimi, qocalığa da münasibətini poetik şəkildə ifadə edib. Onun "Qocalıq" şeirini dəyərli oxuculara təqdim edirəm.
Qocalıq
Qılıqlayıb məni elə aldatdı, Gülə-gülə bəndə saldı qocalıq. Hərdən badalaq da yıxmağa, Taqətimi əldən aldı qocalıq. Yaxınlaşdı, gah da yana çəkildi, Gileyləndim küsdü, qəfil əkildi. Birdən hüzuruma gəlib dikəldi, Küsəyəndi, qərib haldı qocalıq.
Uzağa baxanda qarşımı kəsdi, Yana itələdim, əllərim əsdi. Üstümə qışqırdı: "Dillənmə, bəsdi", Elə bil ki, Rüstəm-Zaldı qocalıq. Əl çəkmədi mənlə üz-üzə durdu, İstədim şux gəzəm, başımdan vurdu. Sərbəst danışanda nitqimi qırdı, Yaddaşı da əldən aldı qocalıq. Əhmədoğlu, gəl incimə, sən küsmə, Qocalıqdan gileylənmə heç kimə. O da əldən düşüb, gəlib üstümə, Qovalama, əhli-haldı qocalıq.