Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ermənistanın Baş naziri Nikol Paşinyanın iyunun 20-də bu ölkəyə etdiyi səfər gündəmin əsas mövzularından birinə çevrildi. Əlbəttə ki, səfərin bir sıra səbəbi var. Məlumdur ki, İrəvanın işğal siyasətinə, keçmiş Qarabağ münaqişəsinə görə Türkiyə Ermənistanla diplomatik münasibət qurmayıb, bir-birinin ərazisində səfirlikləri yoxdur. Türkiyə 1993-cü ildə Kəlbəcərin işğalından sonra Ermənistanla sərhədlərini bağladı və Azərbaycan ərazilərinin işğalına son qoyulmayacağına qədər hər hansı əlaqə qurmayacağını bəyan etdi.
İkinci Qarabağ müharibəsi və bir günlük antiterror əməliyyatları ilə Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam təmin etməsi artıq regionda yeni reallıqlar yaratmış oldu. Ancaq Azərbaycan işğala tam son qoysa da, sülh danışıqları başlanılsa da, sülh sazişi hələ də imzalanmayıb.
Türkiyə 2021-ci ildə Ermənistanla normallaşma prosesinə başlayıb və qarşılıqlı olaraq xüsusi nümayəndələr təyin edilib. Amma istənilən halda Ermənistanla aparılan bu proses, kontaktlar Azərbaycanla koordinasiyalı şəkildə həyata keçirilir. Ermənistan Türkiyə ilə münasibətləri bərpa etməyə, sərhədlərin açılmasına can atır. Çünki anlayır ki, bu, onun üçün xüsusilə indiki dövrdə mühüm əhəmiyyət daşıyır. Lakin bunun üçün Azərbaycanla sülh prosesini başa çatdırmalıdır. Nəzərə almaq lazımdır ki, saziş layihəsinin mətni, yəni 17 bənd tam razılaşdırılıb. İrəvan Bakının iki şərtini yerinə yetirməlidir: ATƏT-in de-fakto mövcud olmayan Minsk qrupunun de-yuri ləğvi və Azərbaycana qarşı ərazi iddialarının yer aldığı Konstitusiyasında dəyişiklik etmək.
İndi yaxın ətrafımızda baş verən qarşıdurmalar, gərginlik ocaqları Cənubi Qafqazda onsuz da kövrək olan sülhə də təsirsiz ötüşmür. Eyni zamanda, Ermənistanın müttəfiqi Rusiya ilə münasibətlərindəki soyuqluq, digər yaxın tərəfdaşı İrandakı vəziyyət, Qərbin əvvəlki dəstəyinin olmaması Ermənistanı vadar edir ki, Türkiyə və Azərbaycanla mümkün qədər tez münasibətlərini qaydaya salsın. Buna görə də ona yalnız müsbət perspektivlər vəd edən addımları atmaqdan çəkinməməlidir. Hazırkı vəziyyət həm də Zəngəzur dəhlizinin önəmini daha qabarıq şəkildə göstərir. İrəvan bununla bağlı da nəhayət qərarını verməlidir.
Yuxarıda qeyd edilənlər nəzərə alınmaqla, Nikol Paşinyanın Türkiyəyə ilk işgüzar səfərinin maraqla izlənilməsi anlaşılandır. Qeyd edək ki, Paşinyan 2023-cü ilin iyununda Türkiyədə olub, amma bu səfər sadəcə Prezident Ərdoğanın andiçmə mərasimində iştirak etmək məqsədini daşıyıb. Sonra bəzi beynəlxalq tədbirlərdə də müəyyən təmaslar olub. Onlar bu ilin mayında Avropa Siyasi Birliyinin Tirana Zirvəsində görüşüblər, bu ay Qurban Bayramı münasibətilə telefon danışığı aparıblar.
Ermənistan parlamentinin sədri Alen Simonyan Türkiyə səfərini tarixi adlandırıb: "Bu, tarixi bir səfərdir, çünki Ermənistan səviyyəsində Baş nazirin ilk səfəridir".
Paşinyan həm Minsk qrupu, həm də Konstitusiya dəyişikliyinə dair bir neçə dəfə müsbət siqnallar versə də, hələ də real addımlar atılmayıb. Eyni zamanda, o, Azərbaycanla sülh sazişini tezliklə imzalanmasının tərəfdarı olduğunu deyir. Düzdür, indi Ermənistanda daxili siyasi vəziyyət gərgindir, revanşistlər Paşinyanı devirmək istəyirlər. O, Konstitusiya ilə bağlı referenduma getdiyi halda, hakimiyyətini itirməkdən qorxur, amma bunun üçün mütləq şəkildə referenduma getmək tələb olunmur. Məsələn, parlament bu barədə qərar verə bilər.
Ərdoğanla Paşinyan arasında İstanbulda keçirilən görüşün əsas mövzusu da iki ölkə arasında aparılan normallaşma prosesi olub.
Ərdoğanın ofisinin görüşdən sonra müzakirə olunan məsələlərlə bağlı yaydığı bəyanatda vurğulanıb ki, Türkiyə-Ermənistan münasibətləri, Cənubi Qafqazda sülh və dialoq, cari regional hadisələr diqqətdə olub. Ərdoğan özü Ermənistanla Azərbaycan arasında əldə olunan razılaşmanı vacib adlandırıb və vurğulayıb ki, Türkiyə təkcə Qafqazda deyil, bütün regionda sabitliyin bərqərar olması üçün diplomatik vasitələrdən istifadə edəcək, İsrailin İrana hücumunun yaratdığı riskləri aradan qaldırmaq üçün digər ölkələrlə işləyəcək.
Ermənistan hökumətinin açıqlamasında isə deyilir ki, Baş nazir Nikol Paşinyan ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda görüş zamanı iki ölkə arasında münasibətlərin normallaşması prosesini müzakirə edib, konstruktiv dialoqun davam etdirilməsinin və konkret nəticələrin əldə olunmasının vacibliyini vurğulayıblar. Tərəflər, həmçinin regional hadisələrə toxunaraq bu kontekstdə ikitərəfli əməkdaşlığın mümkün istiqamətləri barədə fikir mübadiləsi aparıblar. Baş nazir Paşinyan Ermənistanın regionda sülh və sabitliyin təmin olunması prosesinə sadiqliyini vurğulayıb və qonşularla münasibətlərin normallaşdırılması siyasətini davam etdirmək əzmində olduğunu bildirib.
İki ölkənin liderləri birbaşa təmasların və dialoqun davam etdirilməsinə hazır olduqlarını təsdiqləyiblər. Görüş zamanı Ermənistan ilə Azərbaycan arasında sülh prosesinə dair də fikir mübadiləsi aparılıb.
Ermənistanın Baş naziri İstanbulda yerli erməni icmasının nümayəndələri ilə görüşü zamanı Türkiyəyə səfərinin ikitərəfli münasibətlərə yeni təkan verəcəyinə ümidvar olduğunu bildirib. Onun sözlərinə görə, səfərin əsasında Ermənistan-Türkiyə dövlətlərarası münasibətləri dayanır və baş verən proses münasibətlərin qurulması üçün hər iki ölkənin maraqlarından irəli gəlir.
Paşinyanı səfərdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Milli Assambleyanın vitse-spikeri, Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması üzrə respublikanın xüsusi nümayəndəsi Ruben Rubinyan müşayiət edib.
Milli Məclisin deputatı Rasim Musabəyov hesab edir ki, Paşinyanın səfərinin əsas məqsədi Türkiyə ilə diplomatik münasibətlərin qurulması və sərhədin açılması ilə bağlı danışıqların aparılması idi. Onun sözlərinə görə, hazırda İranda baş verənlər, Paşinyanın Rusiya ilə çox gərgin olan münasibətləri və Avropa layihəsindən çıxan Gürcüstanı nəzərə alsaq, Ermənistanın siyasi fəaliyyət üçün praktiki olaraq heç bir variantı yoxdur: “Türkiyə Ermənistanın yaxınındadır. Ermənistanın dünyaya, Yaxın Şərqə, Aralıq dənizinə və s. çıxışı Türkiyəyə bağlıdır, ayrı yolu yoxdur. Nəzərə alsaq ki, Nikol Paşinyanın indi Rusiya ilə münasibətləri xeyli gərginləşib, Rusiyada aşkar şəkildə onu hakimiyyətdən uzaqlaşdırmaq planları cızılır, o zaman bir daha görünən odur ki, Ermənistanın çıxış yolu Türkiyə ilə münasibətləri normallaşdırmadan keçir”.
Deputat söyləyib ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşaması üçün bir neçə məsələ qalıb. Bunun müqabilində Türkiyə də Ermənistanla münasibətləri qaydaya salacaq: “Bu məsələlər Konstitusiyada dəyişiklik, Minsk qrupundan imtina, nəhayət, baxmayaraq ki, sənəddə yoxdur, amma hamı anlayır ki, bu, bəlkə əsas məsələdir, yəni kommunikasiyaların açılması, Naxçıvanla maneəsiz əlaqələrin qurulmasının təmin olunması. İranla olan vəziyyət əslində Ermənistanı sövq edir ki, Azərbaycanın tələblərini, müraciətlərini qəbul etsin. Azərbaycan Ermənistana həm Rusiyaya, həm də Mərkəzi Asiyaya çıxış imkanı verəcək, eyni zamanda, Türkiyə vasitəsilə Ermənistan Avropaya, Yaxın Şərqə yol alacaq.
Kommunikasiya və Minsk qrupunun buraxılması ilə bağlı öhdəliklər götürdüyü halda, düşünürəm ki, həm sülh müqaviləsi, həm də Türkiyə və Azərbaycanla münasibətlərin normallaşması məsələsi irəli aparıla bilər. Konstitusiyanın dəyişilməsi ilə bağlı vaxt lazımdır, müəyyən prosedurlar və s. Amma Minsk qrupu ilə bağlı ATƏT-in sammitində üzv dövlətlərin XİN rəhbərlərinin səsveməsi ilə məsələ həllini tapmalıdır. Dəhlizlə bağlı qərarı da Paşinyan hökumət başçısı olaraq verə bilər. Təkcə qərar yox, onun icrasını da təşkil edə bilər. Əgər səmimidirsə, doğrudan da istəyirsə Türkiyə və Azərbaycanla münasibətləri normallaşsın, onda bu qərarları verməlidir, dəmir yolunun bərpası ilə bağlı işləri başlamalıdır. Biz də görək ki, təkcə söz deyil, onun arxasınca iş gəlir”.
R.Musabəyov söyləyib ki, Rusiyanın demək olar uçuşlar üçün hava məkanı bağlıdır, indi İran da hava yolunu bağlayıb və bütün təyyarələr Uzaq Şərqdən Avropaya təkcə Xəzər dənizinin üzərindən və Cənubi Qafqazdan uçaraq həyata keçirilir: "Bu onu göstərir ki, Orta Dəhliz təkcə bizim bölgə üçün yox, ümumiyyətlə, dünyada bütün kommunikasiyaları həyata keçirmək üçün olduqca önəmlidir. Bu baxımdan düşünürəm ki, Paşinyan bütün vəzyyəti, reallıqları dərk edərək qərar verməlidir”.
Erməni ekspert Sergey Melkonyan isə Rusiya mətbuatına bildirib ki, Ermənistanın Türkiyə ilə təmaslarında iki prioriteti var - münasibətlərin normallaşdırılması və quru sərhədinin açılması:
"Amma Ankara yalnız Ermənistan Azərbaycanın bütün tələblərini yerinə yetirsə və onunla sülh müqaviləsi imzalasa, münasibətləri normallaşdırmağa hazırdır. Ərdoğan-Paşinyan görüşünün nəticə verib-verməyəcəyini söyləmək çətindir. Lakin məlum olan budur ki, Ermənistan Azərbaycanın bütün tələblərini yerinə yetirsə, bundan sonra sülh müqaviləsi imzalanacaq. Tərəflər əvvəllər bəzi razılıqlara gəliblər, məsələn, üçüncü ölkə vətəndaşları üçün sərhədin açılması və sərhəddəki körpünün birgə yenidən qurulması və s. Lakin bunların heç bir praktiki məzmunu olmayıb”.