Onda çoxumuzun o boyda Bakıda döyməyə bir qapısı yox idi.
Həmin vaxtlar idi ki, təxminən 18-19 yaşımız vardı və tək mən yox, hamımız hesab edirdik ki, bu, kifayət qədər ciddi yaşdır. O qədər ciddi ki, artıq təkcə gələcək həyat yolumuzu deyil, hətta həmin yolda bənzəmək istədiyimiz adamların siyahısını da müəyyənləşdirmişdik. Siyahı isə geniş idi: İsmayıl Şıxlı, Afad Qurbanov, Rəhim Əliyev, Alməmməd Alməmmədov, İsrail Mustafayev...
Siyahıda O da vardı.
Ona öz aramızda "Ələddinin sehrli çırağı" da deyirdik.
Amma həmin "sehrli çıraq" bunlardan xəbərsiz idi.
Bir dəfə o çırağın işığına mənim də ehtiyacım oldu və qulağıma ona yaxınlaşmağımı pıçıldadılar. Əvvəl-əvvəl tərəddüd edirdim. Sifətində sərtlik var idi və sanırdım ki, getməyin mənası yoxdur. Ürək-dirək verdilər, "get" dedilər, "sənə ancaq o kömək edər"i də əlavə etdilər.
Qapını açan kimi, birinci sınayıcı baxışları ilə süzdü, "nədir" - dedi. Adətən o adamlar sualı belə səsləndirirlər ki, missiyaları ilə barışıblar və belə demək mümkündürsə, dərhal məsələyə keçməklə vaxta qənaət edirlər. Bu da təbiidir. Azından o vaxta başqalarının da ehtiyacı var. Buna görədir ki, birbaşa mətləbə keçir, fars dili müəlliminin ədalətsizliyindən gileylənirəm. "Gəl dalımca" - deyir və gözümü açanda artıq kafedra müdirinin yanındayıq. Sözünü ərkyana deyir, apelyasiya ilə imtahan verməyimə şərait yaradılmasını tapşırır.
O ötkəmliyi bu günə qədər unutmuram.
Mən onu şəxsi həyatımda belə tanıdım.
Həsən Mirzəyev onda filologiya elmləri namizədi, dosent olmaqla bərabər, həm də indiki Pedaqoji Universitetdə Filologiya fakültəsinin dekan müavini idi. Deyirlər ki, alim olmaq asandır, insan olmaq çətin. Sonralar, lap sonralar öyrənəcəm ki, onun alim olmağı da asan olmayıb, qətiyyən asan olmayıb.
Peşəkar jurnalistikada olduğum ilk vaxtlar Həsən Mirzəyevlə təmaslarım intensivləşdi. Onda o, siyasətdə idi və özü etiraf etməsə də, tanıyanlar bilir ki, professor Həsən Mirzəyevin siyasətdə addımları da rahat mühitdə baş tutmadı. Bu, həmin vaxtlar idi ki, Azərbaycan sözün birbaşa mənasında, ağır zamanlarını yaşayırdı. O ağırlığın nədən ibarət olduğunu Bakı Şəhər Sovetinin deputatı kimi Həsən Mirzəyev daha aydın görürdü. İnsanlar, Dağlıq Qarabağ ətrafında süni yaradılan problemə, inzibati ərazinin qoparılaraq Ermənistana verilməsi istiqamətindəki siyasətə etiraz edirdilər. Faciə isə yerli siyasi rəhbərliyin o etiraza tərs münasibətində idi. Həmin münasibət Azərbaycanı fəlakətə aparırdı. Belə məqamda siyasətdə Heydər Əliyevin müstəsna yerini və qiymətini ilkin görüb bu barədə danışanlardan biri, bəlkə də birincisi professor Həsən Mirzəyev oldu.
Daha doğrusu, danışan deyil, hərəkətə keçənlərdən biri.
Professor indi o zamankı hadisələrdə kimlərlə olduğunu məmnunluqla xatırlayır: Murtuz Ələsgərov, Əli Nağıyev, Hacıbala Abutalıbov, Zahid Qaralov, Eldar İbrahimov, Fərəməz Maqsudov, Siyavuş Novruzov... və digərləri. Sonralar o siyahı genişlənərək ad da alacaq - 91-lər. Həmin adamlar Azərbaycan ziyalıları adından ölkədə gedən siyasi proseslərə fəal şəkildə qoşulmaq üçün Heydər Əliyevə müraciət edəcəkdilər.
O, ilk dəfə Heydər Əliyevin yanına - Naxçıvana gedəndə 1990-cı il dekabr ayının 26-sı idi. Əvvəlcədən planlaşdırılan 5 dəqiqəlik söhbət saatlarla uzandı. Ümummilli Lider ziyalıların, daha çox ali məktəb müəllimlərinin fikrini ifadə edən bu sadə elm adamına daha çox həyati suallar verirdi. Və hadisələrin sonrakı gedişatı göstərəcək ki, Həsən Mirzəyevin verdiyi cavablar bu elm adamını dövlət xadiminin yaddaşına əbədilik həkk edib. Bunu sonralar zaman göstərəcək.
Kimdir Həsən Mirzəyev və hansı keyfiyyətləri ilə o, dünyanın siyasət nəhənglərindən birinin yadında qaldı?
Bu sualın cavabı üçün keçmişə qayıtmaq lazımdır.
Özü deyir ki, 1926-cı ildə doğulmuşam. Amma sənədlər 1927-ni göstərir. Atası İbrahim Şərur-Dərələyəzin ən hörmətli kişilərindən sayılıb - həm də Təbrizdə təhsil alan az-az adamlardan biri kimi. Elə 1935-ci ildə onun "xalq düşməni" ittihamı ilə mühakiməsi, nəticə olaraq Sibirə sürgünündə Təbriz faktorunun kifayət qədər rolu oldu. Atasızlığın yaratdığı maddi-mənəvi boşluğu "xalq düşməninin oğlu" yarlığı bir az da dərinləşdirirdi. Lakin həmin boşluq onu sındırmadı- Dərələyəzin ilk ali təhsillisi, daha sonra ilk alimi kimi siyahıya düşməsinə maneə olmadı.
1987-ci ildə müdafiə etdiyi doktorluq dissertasiyasından sonra isə indiki Azərbaycan Pedaqoji Universitetinin - evi qədər doğma ocağın professoru, "Müasir Azərbaycan dili" kafedrasının müdiri seçildi.
Ətrafındakı gənclik ona öz himayədarı kimi baxıb. Sənədlər isə onun himayəsinin genişliyini belə göstərir: Həsən Mirzəyev 60 əsərin elmi redaktoru, 15-nin rəyçisi, 5-nin məsləhətçisi olub. Həsən Mirzəyev 15 elmlər doktoru və elmlər namizədinin oponenti olmaqla nə qədər elmlər doktoru və elmlər namizədi yetişdirib, 24 magistr, 85 diplomçunun da elmi rəhbəri olub. Onun elmi araşdırmalarının miqyası çapda belə görünür: bu, 1020-dən artıq yazıdır, 200-dən çoxunu elmi əsərlər təşkil edir. Həmin yazılar 25 kitab, 8 tədris proqramı kimi işıq üzü görüb.
Pedaqoji İnstitutda Həsən Mirzəyev bizə - tələbələrinə "Müasir Azərbaycan dili"ndən mühazirələr deyirdi. Həmin mühazirələrin daimi mövzularından biri isə "müasir azərbaycanlı necə olmalıdır?" polemikası idi. Həmin polemikalarda o, bütün zamanların gəncliyi kimi bəlkə də bizim nəzərimizdə konservator görünürdü... Lakin illər keçəcək, müasirliyi keçmişimizin ən yaxşı dəyərləri ilə qovuşan görmək istəyən Həsən Mirzəyevin "konservatorluğu" şəxsən məndə xəfif təbəssüm yaradacaq.
Onda çoxumuz, elə mən özüm də bilmirdim ki, müasir Azərbaycan dilinin leksik, linqivistik, semantik, ümumiyyətlə, qrammatik imkanlarının genişliyindən danışan bu insanın mənəvi zənginliyi haradan qidalanır. Professor Həsən Mirzəyevlə sonrakı ünsiyyətim o mənbəni aşkarladı. Bu, misilsiz sərvətimiz olan folklorumuzuymuş. Onu da bildim ki, professor 4 dastanımızı sinədən deyə bilir.
Bakı onun üçün ikinci doğma evidir. Ancaq bu evin istiliyi, rahatlığı belə Dərələyəzi arxa plana çevirə bilməyib. İstər elmi tədqiqatlarında ("Dərələyəzin toponim və şivə sözləri", "Dərələyəz folkloru", "Qərbi Azərbaycanın Dərələyəz mahalı" (ensiklopedik məlumat) monoqrafiyaları), istərsə də bədii yazılarında ("Nanı o səndəki el, Dərələyəz", "Deyilən söz yadigardır") Dərələyəzi tanıdığı, qəbul etdiyi kimi təqdimata, sevdiyi kimi sevdirməyə çalışıb. Yeri gəlmişkən, Dərələyəzin tarixi toponimləri ilə xəritəsini də professor Həsən Mirzəyev yaradıb və inanır ki, həmin yerlərə qayda biləcəyik.
Həsən Mirzəyevi tanıyanlar onu uğurlu tale adamı kimi qəbul edir və bioqrafiyasındakı sətirlər belə düşünmək üçün əsaslıdır. Həmin boqrafiyada Dərələyəzdən gələn qaraşın oğlanın, Bakıdakı 88 yaşlı ixtiyar, nurlu kişinin rəsmən qazandıqları belə sıralanır: Əmək veteranı, respublika ali məktəb əlaçısı, əməkdar elm xadimi, Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının akademiki, türk dünyası ədəbiyyatı və mədəniyyətinə göstərdiyi xidmətlərinə görə Uluslararası Qızıl Ulduz medalı, Avropa Akademiyasının akademiki və sair və sair. Bunlar Professor, Azərbaycan Yazıçı, Jurnalist birliklərinin üzvü Həsən Mirzəyevin qazandıqlarının tam olmayan siyahısı.
Siyasətçi Həsən Mirzəyevin mükafatları da az deyil. YAP Siyasi Şurasının üzvü olaraq qalan keçmiş millət vəkili "Şərəf", "Şöhrət" ordenlərinə layiq görülüb.
Binlar da mükafatların tam olmayan siyahısıdır.
Bilmirəm, özü razılaşarmı? Onun ən böyük mükafatı el adamı olmasıdır.
Düzdür, adamlara qiymətində meyarı Vəli Həsənə verdiyi "Sən Dərələyəz üçün neynəmisən?" sualı olur. Lakin onun üçün "el" anlayışı Azərbaycanın sərhədlərini aşır, Təbrizə, Borçalıya, Dərbəndə qədər gedib çıxır.
Yeri gəlmişkən, elə-belə, maraq üçün öyrəndiyim bir də odur ki, Həsən Mirzəyev barədə ayrı-ayrı şairlər 170 şeir, 4 poema yazıblar. Həmin şeirlərin bədii keyfiyyətlərindən danışmaq istəmirəm. Azından ona görə ki, bədii məziyyətindən asılı olmayaraq onlar İnsan obrazını ifadə etməyə çalışıb.
Bunlar necə, şeirlər və poemalar mükafatların siyahısını tamamlayırmı?
Yoxsa qürur duyduğu, fərəhləndiyi övladları, doğmalarıdır onun yenə tam olmayan mükafatlarını müəyyənləşdirən?
Bilmirəm. Hesab etdim ki, özündən də soruşmayım. Ən azından ona görə ki, elə mən də elə belə istəyirəm. İstəyirəm ki, onun mükafatlarının siyahısı qapanmasın.
Evlərində isə cəmi bir dəfə olmuşam. Geniş olmayan zalda özünü və qonaqları görürəm. Və deyirlər ki, Həsən müəllimin evindəki mənzərə, demək olar ki, hər gün belədir - dəyişmir. Bunu, Mahirə Nağıqızı deyir - mənim tələbə yoldaşım. Yeri gəlmişkən, o da Həsən müəllimin dissertantı olub və elmi rəhbərindən gördüyü tələbkarlıqla bərabər, qayğıdan da saatlarla danışa bilər.
Mətbəxdən çıxmayan Zərifə xanımı isə həyətdən yenə mətbəx üçün nəsə gətirəndə görürəm. Bəlkə də özümdən asılı olmur, "qonaqlar sizi yormurmu, Zərifə xanım?" - deyirəm. Sifətinə xəfif bir təbəssüm, məmnunluğun yaratdığı təbəssüm qonur: "Belədə Həsənə xoşdur" - cavabını verir.
Nurlu xanımın cavabı mənim üçün Həsən müəllimə aid mükafatların siyahısını bir az da genişləndirir.
Və mənə elə gəlir ki, onun başlıca mükafatı elə odur - Zərifə xanım.
Firuz KAZIMOĞLU
25 dekabr 2014-cü il.