|
|
|
|
"ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin açarı ermənilərin əlindədir. Ermənilərə lazım olanda düyməni basırlar və Ceyms Uorlik onda bir-iki kəlmə danışır".
Bu barədə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bildirib. Politoloqun sözlərinə görə, sanki ABŞ-lı diplomatların ermənilərlə xüsusi münasibətləri var və ermənilər itkilərə məruz qalanda o dəqiqə aktivləşirlər: "Bu gün onlar əndazəni aşan bəyanatlar verirlər. ABŞ Dövlət Departamenti erməni tərəfinin itkiləri ilə bağlı xüsusi narahatlığını bildirir. Amma dəfələrlə qoşunların təmas xəttində azərbaycanlıların öldürüldüyü nəzərə alınmır".
M.Əhmədoğlu qeyd edib ki, 2014-cü il ərzində Ermənistan prezidenti Serj Sarkisyan, xarici işlər naziri Edvard Nalbandyan və müdafiə naziri Seyran Ohanyan açıq mətnlə Azərbaycanı hədələyiblər: "Bu hədələr zamanı çox kəskin ifadələr işlədiblər. Məsələn, Ermənistanın müdafiə naziri Seyran Ohanyan deyir ki, Azərbaycan hərbçilərini məhv etmişik, məhv edirik, məhv edəcəyik. Ermənistan prezidenti Serj Sarkisyan və xarici işlər naziri Edvard Nalbandyan da müdafiə nazirinin fikirlərinə yaxın bir tonda çıxışlar etdilər.
Ancaq ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bunların birini belə görməyib". Politoloq bildirib ki, Ceyms Uorlik həmsədr təyin olunandan ermənilər atəşkəs rejiminin pozulmasında xüsusi aktivlik nümayiş etdirirlər: "Sanki ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik ermənilərin ilhamvericisidir. Ceyms Uorlikə məsləhətim budur ki, özünün həmsədrlik fəaliyyətini araşdırsın. O zaman görəcək ki, həmsədr olduğu dövrdə ermənilərin aqressivliyi xeyli artıb. Hesab edirəm ki, bunlardan nəticə çıxartsa, daha yaxşı olar. Eyni zamanda çalışsın ki, düyməsi öz əlində olsun, ermənilərə verməsin".
Politoloq Elman Nəsirli isə bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Ermənistan dövlətinin fərqli mövqeyi var. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı çərçivə sazişinin imzalanması ötən il Fransada keçirilən danışıqlar zamanı da müzakirə olunub: "Paris görüşündə Fransa prezidenti Fransua Olland bildirdi ki, artıq yekun sülh sazişinin imzalanması ilə bağlı sənədin tətbiqinin vaxtı gəlib çatıb. Lakin Ermənistan hakimiyyəti status-kvonun saxlanılmasına çalışır və qeyd edirlər ki, yekun sülh sazişinin imzalanması hazırkı dövrün məsələsi deyil. Ümumiyyətlə qarşı tərəf hər zaman çalışıb ki, məsələ ərazi bütövlüyü çərçivəsində deyil, xalqların öz müqəddəratını təyin etmək prinsipləri əsasında həll olunsun. Yəni ermənilər üçün böyük sülh sazişi çərçivə sənədi deyil. Bu səbəbdən də keçirilən bütün danışıqlar heç bir nəticə vermir. 2015-ci ildə Ermənistan tərəfindən münaqişənin həlli ilə bağlı hər hansısa pozitiv addım gözləmək sadəlövhlük olar. Çünki 2015-ci ildə ermənilər qondarma "erməni soyqırımı"nın 100 illiyini keçirməyi planlaşdırırlar. Bu cür vəziyyətdə ATƏT-in Minsk qrupunun Amerika Birləşmiş Ştatlarından olan həmsədri Ceyms Uorlikin 2015-ci il münaqişənin həlli ili olacaq fikrinin heç bir əsası yoxdur. Ceyms Uorlik bu iddiaları səsləndirməklə böyük optimistlik və nikbinlik nümayiş etdirib ancaq məsələnin məsuliyyətini tam şəkildə dərk etməyib".
PƏRVANƏ