|
|
|
|

“Rusiya heç vaxt Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyünə etiraz etməyib, lakin onun NATO-ya üzvlüyü qəbuledilməzdir”.
525.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Pekində Slovakiyanın Baş naziri Robert Fitso ilə görüşdə deyib.
"Biz Ukraynanın Aİ-yə üzvlüyünə heç vaxt etiraz etməmişik. NATO-ya gəlincə, bu, başqa məsələdir. Burda söhbət Rusiyanın təhlükəsizliyinin təmin olunmasından gedir", - Putin söyləyib.
Qeyd edib ki, təkcə bu gün deyil, ortamüddətli perspektiv yox, uzunmüddətli perspektiv nəzərdə tutulur:
“Bizim bununla bağlı mövqeyimiz məlumdur, Ukraynanın NATO-ya üzvlüyünü qəbuledilməz hesab edirik”.
O bildirib ki, təhlükəsizliyini necə təmin etmək Ukraynanın öz qərarıdır, lakin fundamental sənədlərdə yazıldığı, o cümlədən Avropa qitəsində də qəbul edildiyi kimi, bu, digər ölkələrin təhlükəsizliyi, xüsusən də Rusiya Federasiyasının hesabına təmin edilə bilməz".
Putin vurğulayıb ki, Ukraynanın təhlükəsizliyinin təmin edilməsi məsələsində variantlar var və münaqişə bitərsə, bu mövzuda konsensus tapmaq imkanları mövcuddur.
Pərvanə Sultanova



