|
|
|
|

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Qətərə hücumunu tənqid edib.
525.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, sosial şəbəkədə etdiyi paylaşımda Qətərin yanında olduqlarını bildirib:
“İsrailin Qətərdə HƏMAS danışıqlar qrupuna hücumu bir daha açıq şəkildə nümayiş etdirdi ki, ağlını itirmiş Netanyahu hökuməti münaqişə və qeyri-sabitliyi dərinləşdirmək məqsədi güdür.
Bu hücum beynəlxalq hüququn və Qətərin suverenliyinin açıq şəkildə pozulmasıdır. İsrail qardaş ölkəmiz Qətərin təhlükəsizliyini və əmin-amanlığını hədəfə alıb. Mən bu hücumu qınayıram. Türkiyə bütün imkanları ilə fələstinli qardaş və bacılarına və müttəfiqi, strateji tərəfdaşı və dostu Qətər dövlətinin yanındadır. Terrorizmi dövlət siyasəti edənlər heç vaxt öz məqsədlərinə çatmayacaqlar. Biz bütün bölgəni fəlakətə sürükləmək məqsədi daşıyan İsrailə qarşı qətiyyətli mövqeyimizi qoruyacaq və nəyin bahasına olursa olsun, sülhü, beynəlxalq hüququ və Fələstin xalqının azadlığını müdafiə etməyə davam edəcəyik”.
Rəcəb Tayyib Ərdoğan həmçinin, Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Sani ilə telefonla danışıb. Bununla bağlı açıqlamada qeyd olunub ki, telefon danışığı zamanı İsrailin Qətərdəki HƏMAS danışıqlar qrupunu hədəf alan hücumu və buna qarşı atılacaq birgə addımlar müzakirə edilib:
“Prezident Ərdoğan İsrailin bölgədə münaqişə, gərginlik və qeyri-sabitliyi daha da dərinləşdirməyə yönəlmiş, dostumuz və müttəfiqimiz Qətərin suverenliyini açıq şəkildə pozan hücumunu pisləyib. Mənfur hücumda şəhid olanlara başsağlığı verən Ərdoğan Türkiyənin Qətər dövlətinin və xalqının bütün imkanları ilə yanında olacağını bildirib. İki lider Qəzzada qətliamı tez bir zamanda dayandırmaq üçün birgə işi davam etdirmək barədə razılığa gəliblər”.
İsgəndər Həsənov



