|
|
|
|

Antalyanın Manavqat rayonunda silahlı hücum olub.
525.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində idarə etdikləri mağazanın qarşısında oturarkən motosikletli iki nəfərin hücumuna məruz qalan iki əmioğlu və bir rus turist yaralanıb.
İnsident dünən Evrenseki məhəlləsində, beşulduzlu otellərin yaxınlığında baş verib. C.A. və əmisi oğlu H.B.A. işlədikləri dəri və geyim mağazasının qarşısında oturarkən dəbilqə taxan və motosiklet sürən iki nəfərin hücumuna məruz qalıb.

Hücum edənlərdən biri motosiklet sürərkən onun arxasında oturan şəxs tapançadan dəfələrlə atəş açıb. C.A. və güllələrə tuş gələn H.B.A., həmin vaxt ərazidə olan Rusiya vətəndaşı Tatyana Ruppert Şiller də yaralanıb.
Hadisə yerinə tibb və polis qrupları sövq edilib. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Hücum zamanı güllələrə tuş gələn dükanlara ziyan dəyib.
Hücum anını təhlükəsizlik kamerası lentə alıb. Görüntülərdə motosikletin gəlişi, atəşdən sonra yaranan panika və hücum edənlərin motosikletlə qaçması əks olunub. Görüntülərdə yaralı rus turistin atlayaraq oradan uzaqlaşdığı da əks olunub.
Ailə münaqişəsi zəminində baş verdiyi ehtimal edilən hadisə ilə bağlı araşdırmalara başlanılıb.
İbrahim Cəfərov



