
İran hakimiyyəti iyul ayında ABŞ-ın zərbələri zamanı ölkənin nüvə infrastrukturunun qismən zədələndiyini etiraf edib.
525.az xəbər verir ki, ölkənin vitse-prezidenti və İslam Respublikasının Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami Britaniya kanalına müsahibəsində dəymiş ziyanı aradan qaldıra biləcəklərinə əminlik ifadə edib.
"Hərbi hücumun obyektlərə ziyan vurması və infrastrukturu məhv etməsi olduqca normaldır. Tehran toplanmış təcrübəsi sayəsində dəymiş ziyanı aradan qaldırmaq imkanına malikdir. Elmin, bacarıqların, texnologiyanın və sənayenin uzunmüddətli olması və İranın tarixində dərin kök salması vacibdir”, - Eslami deyib.
Rəsmi ABŞ-la İranın nüvə proqramı ilə bağlı birbaşa danışıqların əleyhinə çıxış edib:
"Onlarla danışıqlara ehtiyac yoxdur. ABŞ hökuməti İslam İnqilabının əvvəlindən İrana ciddi zərbələr vuraraq, İran xalqına qarşı böyük haqsızlıq edib və bu yaxınlarda ölkəmizə hərbi hücuma keçib. Düşmən düşmənçilik nümayiş etdirməsə belə, düşməndir və nə qədər ki, düşmənçilik səviyyəsi yüksəkdir, belə bir düşmənlə danışmaq əbəsdir”.
O, Vaşinqtonu davam edən dolayı danışıqlar zamanı İrana hücumda ittiham edib.
Pərvanə Sultanova



