
Almaniya kansleri Fridrix Mertz Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şaranı ölkəsinə səfərə dəvət edib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Mertz özü açıqlamasında deyib.
Kansler Holşteyn əyalətinə səfəri zamanı Əhməd əl-Şaranı ölkənin sabitliyinə töhfə vermək və oradakı suriyalıların geri qayıtması məsələsini müzakirə etmək üçün Almaniyaya dəvət etdiyini bildirib.
Suriyalı qaçqınların deportasiyası ilə bağlı ictimai müzakirələrə toxunan Fridrix Mertz deyib:
“Əlbəttə ki, cinayətkarları Suriyaya deportasiya etməyə davam edəcəyik. Plan budur. İndi biz bunu konkret şəkildə həyata keçirəcəyik. Daxili işlər naziri də bu məsələ üzərində işləyir”.
Suriyadakı vətəndaş müharibəsinin başa çatdığını vurğulayan Almaniya kansleri, qaçqınların öz istəkləri ilə ölkələrinə qayıdacaqlarına inandığını vurğulayıb:
“İnanıram ki, onlar Suriyanın yenidənqurma işlərində iştirak edəcəklər. Bu insanlar olmadan yenidənqurma mümkün deyil. Qayıtmaqdan imtina edənlər isə, əlbəttə ki, yaxın gələcəkdə Almaniyadan deportasiya ediləcəklər”.
İsgəndər Həsənov



