
Cənubi Koreyanın Ulsan şəhərində səhər saatlarında baş verən elektrik stansiyasının çökməsi faciəyə səbəb olub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, çökmə nəticəsində azı yeddi işçinin dağıntılar altında qaldığı ehtimal olunur.
Cənubi Koreyanın rəsmi xəbər agentliyi “Yonhap” hadisədən sonra iki işçinin xilas edildiyini, lakin digərlərinin hələ də dağıntılar altında qaldığını bildirib.
Qeyd olunub ki, nəhəng 60 metrlik polad konstruksiya qəfildən çökərək həmin vaxt ərazidə çalışan işçilərin üzərinə düşüb. Çökmə geniş panika yaradıb və hadisə yerinə çoxsaylı axtarış-xilasetmə qrupları göndərilib.
Briqadalar ağır texnika ilə dağıntılar altında qalmış işçilərə çatmaq üçün çalışırlar. Konstruksiyanın çəkisi və mürəkkəb polad çərçivəsi səbəbindən işlər həddindən artıq ehtiyatla və yavaş tempdə davam edir.
Hadisə ilə bağlı araşdırma başlanılıb.
Qeyd edək ki, Cənubi Koreyanın cənub-şərqində yerləşən Ulsan ölkənin ən vacib sənaye və enerji istehsalı mərkəzlərindən biri kimi tanınır. Bölgədə böyük avtomobil və gəmiqayırma müəssisələri, eləcə də çoxsaylı enerji infrastruktur layihələri yerləşir.
İbrahim Cəfərov



