
Karyerasını Türkiyədə davam etdirən tanınmış seneqallı futbolçu Papi Cilobodji Sarıyerdə yerləşən ticarət mərkəzlərindən birində qorxulu anlar yaşayıb.
525.az “Milliyet”ə istinadən xəbər verir ki, futbolçu ilə mübahisə edən şəxs onun üzərinə silah çəkib.
İnsident bu ilin martında baş versə də, kamera görüntüləri və məlumat Türkiyə mediasına bu gün sızıb.
Papi Cilobodji dostu ilə birgə alış-veriş etmək üçün ticarət mərkəzinə yollanıb. Eskalatordan enərkən futbolçu ilə Abdullah A. arasında mübahisə yaranıb.
Söhbət qızışdıqdan az sonra Abdullah A. belindəki silahı çıxararaq seneqallı futbolçuya tuşlayıb. Hadisə yerinə gələnlər tərəfləri ayırıblar. Daha sonra Abdullah A. həbs olunub, silahı isə müsadirə edilib. Lakin məhkəmə onun barəsində şərti cəza kəsib.
Qeyd edək ki, Seneqal millisinin sabiq üzvü olan Papi Cilobodji karyerası ərzində “Nant”, “Çelsi”, “Verder”, “Sanderlend” kimi tanınmış klublarda forma geydikdən sonra 2019-cu ildə Türkiyəyə üz tutub. Hazırda o, “Karagümrük”ün uğurları üçün çalışır.
İbrahim Cəfərov



