
“Azərbaycan ərazisi ilə Ermənistana yükdaşıma prosesi dinamikdir, yeni müraciətlər var”.
525.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan brifinqdə deyib.
O bildirib ki, Azərbaycan ərazisindən keçən dəmir yolu marşrutu ilə Rusiyadan malların idxalı ilə bağlı yeni müraciətlər daxil olur.
“Əvvəlcə Qazaxıstandan qatarın gəlməsi nəzərdə tutulurdu, lakin sonra məlum oldu ki, Azərbaycan Rusiya yüklərinə də bu imkanı yaradır. Hazırda bu marşrutla Rusiyadan müəyyən kateqoriyalı malların idxalı ilə bağlı müraciətlərə baxılır", - Paşinyan qeyd edib.
Onun sözlərinə görə, yük axınları Azərbaycan vasitəsilə Ermənistana malların çatdırılması üçün yeni imkanlar nəzərə alınmaqla yenidən bölüşdürülür.
Baş nazir Qazaxıstan qatarı gələnə qədər Rusiyadan əlavə yüklərin göndərilməsinin mümkünlüyünü istisna etməyib: “Həmçinin Ermənistandan Rusiya, Qazaxıstan və digər ölkələrə əks yük axınının necə təşkil oluna biləcəyini yoxlamaq lazımdır”.
Pərvanə Sultanova



