
“Yaponiya dərhal səhvlərini düzəltməli və Tayvanla bağlı bəyanatlarını geri götürməlidir, əks halda nəticələrə görə tam məsuliyyət daşımalı olacaq”.
525.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Jian deyib.
O bildirib ki, Yaponiyanın Baş naziri Sanae Takaiti bu yaxınlarda parlamentdə Tayvanla bağlı açıq şəkildə təxribatçı açıqlamalar verib və Tayvan boğazına hərbi müdaxilənin mümkünlüyünə işarə edib.
XİN rəsmisi deyib ki, Çinin sərt bəyanatından və qəti etirazından sonra Yaponiyanın Baş naziri səhvlərini etiraf etməyib və sözlərini geri götürməkdən imtina edib.
“Yaponiyanın bu sözləri və hərəkətləri vahid Çin prinsipini ciddi şəkildə pozur, dörd Çin-Yaponiya siyasi sənədinin ruhuna və beynəlxalq münasibətlərin əsas normalarına ziddir. Bu, Çinin daxili işlərinə kobud müdaxilə, ölkəmizin əsas maraqlarına meydan oxumaq və suverenliyini pozmaqdır. Çin qəti şəkildə buna qarşı çıxır, heç vaxt bununla barışmayacaq və Yaponiyanın səhvlərini dərhal düzəltməsini, qalmaqallı açıqlamalarını geri götürməsini tələb edir. Əks halda nəticələrə görə tam məsuliyyət Yaponiyanın üzərinə düşəcək”, - diplomat bildirib.
Pərvanə Sultanova



