
13 noyabr 2025-ci il tarixdə Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin və Gəncə şəhər MKS-in birgə təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik ili" çərçivəsində "Kəlağayı Günləri - 2025" layihəsi çərçivəsində Vaqif Osmanlının "Sazın, sözün kəlağaylı Güllüsü" kitabının təqdimatı keçirilib.
525.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri, Kəlağayı ev-muzeyinin direktoru, şair, publisist Güllü Eldar Tomarlı qonaqları salamlayıb, tədbir haqqında geniş məlumat verib, həmçinin şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Daha sonra söz "Cavadxan Tarix və Mədəniyyət Fondu"nun vitse-prezidenti Müzadil Həsənova verilib. O qeyd edib ki, milli-mənəvi dəyərlərimizin qorunması, təbliğ olunması, gələcək nəsillərə çatdırılması çox vacibdir: “İllərdir həyata keçirdiyimiz Milli Yaylaq Festivalı milli dəyərlərimiz yolunda bir xidmətdir, adət-ənənlərimizin sərgiləndiyi bir yoldur. Bu yolda əlbir, dilbir olmağımız vacibdir. Güllü Eldar Tomarlının milli dəyərlərimizin təbliğatı yolunda çalışmaları ürəyimizcədir”.
Tədbirdə AF Xalça Evinin rəhbəri Fəxri Akifoğlu öz çıxışında bildirib ki, kəlağayı hər bir Azərbaycan xanımının gözəlliyidir, ismətidir, yaraşığıdır. Bu ulu dəyərlərimizi qorumalıyıq. Fəxri Akifoğlu yaşı əsrlərə söykənən qədimi kəlağayını Güllü xanıma, "Kəlağayı Ev Muzeyi"nə qiymətli eksponat kimi təqdim edib.
Tədbirdə kəlağayı dizayneri Elnarə Axundova, şairlərdən Mələk İsmayıl, Səadət Qərib, şəhid Rəşad Ələkbərovun anası Nailə Ələkbərova çıxış ediblər.
Sonda Güllü Eldar Tomarlı qeyd edib ki, milli qadın geyimlərinin bir qolunu təşkil edən
kəlağayımızın geniş təbliğ etməkdə məqsədimiz onun əzəlki şan-şöhrətini özünə qaytarmaq, tarixi, istehsalı, istifadəsi haqqında gənc nəsli maarifləndirmək, beynəlxalq səviyyədə çatdırmaqdır: “Bu layihəyə Kəlağayı Ev-Muzeyindən başladıq, Bakı Xətai Sənət Mərkəzində, Tovuz Mərkəzi Kitabxanasında, bu gün də Gəncədə qeyd olunur. Sonra Qazax, Cəlilabad, Bərdə, Sumqayıt və digər bölgələrimizdə qeyd olunacaq.
Kəlağayımız 2014-cü ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə UNESCO-nun qeyri maddi-mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib. Beləliklə, noyabrın 26 Kəlağayı Günüdür. Bu münasibətlə 26 noyabrda Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında final konsertimiz – "Kəlağayı Bayramı"nı qeyd edəcəyik”.
Sonda Güllü Eldar Tomarlı tədbirdə zəhməti keçən hər kəsə və tədbir iştirakçılarına təşəkkürünü bildirib.



