
Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ dövlət katibinin müavini Ellison Hukerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
525.az xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin ofisi məlumat yayıb.
Nikol Paşinyan görüş zamanı Prezident Donald Trampın Azərbaycanla sülhün bərqərar olunmasında şəxsi töhfəsini yüksək qiymətləndirib. O, avqustun 8-də Vaşinqtonda keçirilən sülh sammitində əldə olunan razılaşmaların və onların nəzərdə tutulmuş qrafikə uyğun həyata keçirilməsinin vacibliyini qeyd edib.
Paşinyan, həmçinin ABŞ ilə ikitərəfli münasibətlərin müxtəlif sahələri əhatə edən geniş gündəliyini vurğulayıb.
ABŞ dövlət katibinin müavini qeyd edib ki, Prezident Tramp və Baş nazir Paşinyanın avqust görüşləri zamanı irəli sürdükləri vizyonu irəli aparmaq, ticarət, investisiyalar, infrastruktur, regional əlaqələr və təhlükəsizlik sahələrində əməkdaşlığın dərinləşdirilməsini müzakirə etmək üçün İrəvana səfərə gəlib. O, dövlət katibinin köməkçisinin müavini Sonata Koulterin rəhbərliyi altında ikitərəfli işçi qruplarının fəaliyyətə başladığını söyləyərək, bu qrupların məqsədinin tarixi sammitdə qəbul edilmiş ikitərəfli sazişlərin həyata keçirilməsi və Trampın beynəlxalq sülh və rifah kursunun irəlilədilməsi olduğunu bildirib.
Pərvanə Sultanova



