|
|
|
|

“Tamştatlı müəllim modeli müəllimi cəzalandırmaq deyil, onun peşəkarlığını, sabit maaşını və sosial təminatını gücləndirmək məqsədi daşıyır. Məktəbdə mütləq 6 saat qalmaq kimi iddiaların əsassız olduğu, iş saatının məktəbin ehtiyacına görə 4–5 saata qədər dəyişə biləcəyi konkret rəqəmlərlə izah edildi. 142 min müəllimdən təxminən 20 mininin könüllü qoşula biləcəyi, modelin məcburi xarakter daşımadığı da açıq şəkildə vurğulandı. Əlavə əməkhaqqı mexanizmləri, sertifikasiya üstünlükləri və ibtidai siniflərdə dərs saatlarının qəfil azalması kimi illərdir mövcud olan problemlərin bu model ilə həll edilə biləcəyi faktlarla göstərildi. Repetitorluq sisteminin real təsirini açıq şəkildə etiraf edərək, məktəbin keyfiyyəti yüksəlmədən bu sahədə sərt addımların mümkün olmadığını səmimi şəkildə bildirdi. Amma dərhal da qeyd etmək istərdim ki, əks arqumenləri top-tüfənglə qarşılamaq doğru olmazdı. Düzgün qərarlar məhz açıq, konstruktiv və qərəzsiz müzakirələrdə ortaya çıxır. Cəmiyyətdə belə polemikalar çox faydalıdır”.
Bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz 525.az-a bildirib. O vurğulayıb ki, Emin Əmrullayevin müzakirələrdən çəkinməməyi, əksinə komandasının hazırladığı data və statistika ilə, arqumentlərlə "silahlanaraq" açıq müzakirəyə qoşulması təqdirəlayiqdir:
“Düşünürəm ki, nazirin ötən günkü çıxışı emosional müzakirələri faktlara, pafosu arqumentə çevirdi və cəmiyyətdə yaranmış neqativlərə bir aydınlıq gətirdi. Bu istiqamətdə açıq müzakirələrin, qərəzsiz yanaşmaların, konstruktiv təkliflərin verilməsinin davam etdirilməsini də zəruri və faydalı hesab edirəm”.
Sevinc Qarayeva



