
Ukrayna prezidenti Vladimir Zelenski jurnalistlərlə görüşdə ABŞ və Rusiya ilə müzakirə olunan sülh planının parametrlərini açıqlayıb.
525.az xəbər verir ki, Ukrayna mediasının dərc etdiyi sənəddə müqavilənin imzalanmasından dərhal sonra atəşkəs elan edilməsi tələb olunur və layihə təhlükəsizlik, ərazi, iqtisadi və humanitar məsələləri əhatə edir.
Plana Ukraynanın suverenliyinin təsdiqlənməsi, Kiyevlə Moskva arasında hücum etməmək haqqında müqavilə, təmas xəttində monitorinq mexanizminin yaradılması, təhlükəsizlik zəmanətləri daxildir. ABŞ, NATO və Avropa Ukraynaya alyansın 5-ci maddəsinə bənzər şəkildə təhlükəsizlik zəmanətləri verəcək. Rusiyanın Ukraynaya yenidən müdaxilə edəcəyi təqdirdə sanksiyalar bərpa ediləcək. Ukrayna münaqişəni yenidən başlatsa, zəmanətlər qüvvədən düşəcək.
Ukrayna ordusunun dinc dövrdə sayı 800 min nəfər olacaq və nüvə silahına malik olmamaq barədə statusunu saxlamalıdır.
Rusiya isə Avropa və Ukraynaya hücum etməməklə bağlı öhdəliyini qanuni şəkildə təsdiqləməlidir.
Planda Ukraynanın müəyyən edilmiş müddətdə Aİ-nin üzv olması, Avropa bazarına imtiyazlı çıxışı, bərpa üçün fondların yaradılması və 800 milyard dolların cəlb edilməsi nəzərdə tutulur.
Bundan başqa, Ukrayna ilə ABŞ arasında sərbəst ticarət müqaviləsi də təklif olunur, ABŞ isə Rusiya ilə oxşar bir razılaşma əldə etməyə çalışır.
Zaporojye Atom Elektrik Stansiyasına gəlincə, Vaşinqton stansiyanın Ukrayna, Rusiya və ABŞ tərəfindən birgə idarə olunmasını təklif edir, Kiyev isə Rusiyanın iştirakı olmadan ABŞ-la birgə idarəçilikdə israr edir.
Ərazi məsələsi ilə bağlı da razılıq əldə edilməyib. Sənədə görə, Rusiya Dnepropetrovsk, Nikolayev, Sumı və Xarkov vilayətlərindən çıxır. Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərində isə “harada dayanmışıqsa, orada qalırıq” təklif edir. Rusiya Ukraynanın Donetsk vilayətindən çıxmasını istəyir, ABŞ isə kompromis olaraq azad iqtisadi zona təklif edir. Əgər “harada dayanmışıqsa, orada qalırıq” variantı üzrə razılıq əldə olunmasa, azad iqtisadi zona yalnız referendum yolu ilə qəbul edilə bilər və bu halda bütün sənəd referenduma çıxarılmalıdır.
Plan, həmçinin humanitar komitənin yaradılmasını, hamı üçün müharibə əsirlərinin mübadiləsini, uşaqlar və siyasi məhbuslar da daxil olmaqla mülki şəxslərin geri qaytarılmasını və münaqişə qurbanlarının problemlərinin həllini nəzərdə tutur.
Pərvanə Sultanova



