
Serbiyanın paytaxtı Belqradın mərkəzində 2-ci Dünya müharibəsindən qalma bomba aşkarlanıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, 240 kq çəkisi olan bomba dünən tikinti sahələrinin birində tapılıb.
Ətraf binaların sakinlərinə partlayış təhlükəsi ilə bağlı xəbərdarlıq edilib, onlardan ərazidən uzaq olmaları tövsiyə edilib. Bomba mütəxəssislərin iştirakı ilə Belqraddan 180 km məsafədə yerləşən poliqona aparılıb və yaxın günlərdə zərərsizləşdiriləcək.
Mütəxəssislərin bildirdiyinə görə, ABŞ istehsalı olan AN-M44 aviasiya bombası 1944-cü ildə Belqradda qərarlaşmış alman ordusunun mövqeyinə atılıb.
Qeyd edək ki, indiyə kimi Serbiya ərazisində 2-ci Dünya müharibəsindən qalma partlamamış bir neçə ağır bomba aşkarlanıb. Məsələn, 2021-ci ildə Belqrad yaxınlığındakı tikinti sahəsində tapılan bombanın çəkisi 242 kq idi.
L.Tağıyeva



