|
|
|
|

ABŞ və Kanada ilə birlikdə 2026-cı il dünya çempionatına ev sahibliyi edəcək Meksikada dəhşətli hadisə baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Quanaxuato şəhərində silahlı şəxslər məhəllədəki futbol meydançasına basqın ediblər. Açılan atəşlər nəticəsində ən azı 11 nəfər ölüb, 12 nəfər yaralanıb.
Yerli bələdiyyənin insidentlə bağlı yaydığı açıqlamasında təhlükəsizlik qüvvələrinin hücum edənləri tutmaq üçün əməliyyata başladığı bildirilib. Qeyd olunub ki, silahlı basqın nəticəsində 11 nəfər həlak olub. Onlardan 10-u hadisə yerində, 1 nəfər isə xəstəxanada həyatını itirib. Atışmada yaralanan 12 nəfər tibb müəssisələrində müalicə alır. Sənaye cəhətdən inkişaf etmiş bir əyalət olmasına və bir çox turizm mərkəzlərinə ev sahibliyi etməsinə baxmayaraq, Quanaxuato ölkədə ən ölümcül bölgə olaraq qalır.
Qeyd edək ki, Meksika, ABŞ və Kanada ilə yanaşı, bu il keçiriləcək dünya çempionatına ev sahibliyi edəcək. Mundialın oyunları Mexiko, Qvadalaxara və Monterreydəki üç stadionda keçiriləcək. Paytaxtdakı “Asteka” stadionu açılış oyunu da daxil olmaqla beş görüşə ev sahibliyi edəcək. Digər iki stadionun hər birində isə DÇ-2026-nın 4 matçı keçiriləcək.
İbrahim Cəfərov



