Sumqayıt şəhər TET gimnaziyasının tarix-hüquq müəllimi
İnformasiya cəmiyyəti anlayışı XX əsrin 90-cı illərinin ortalarında yaranıb.
Adından göründüyü kimi informasiyalı cəmiyyət ictimai həyatın bütün sahələrində, cəmiyyətin və şəxsiyyətin həyat fəaliyyətində informasiyanın rolunun durmadan artırılmasını nəzərdə tutur. İnformasiya dedikdə ümumi mənada insan tərəfindən siqnallar vasitəsilə ötürülən və qəbul edildikdən sonra işlənilən və istifadə olunan bilik və məlumatlar başa düşülür. İnformasiyalı cəmiyyət elə bir mürəkkəb sosial orqanizmdir ki, burada cəmiyyət həyatında informasiyanın rolu sürətlə artır. İnformasiyanın yaranması, toplanması, emalı və örtülməsi təkcə bilavasitə istehsalda deyil, habelə siyasi və mənəvi həyatda, idarəçilik funksiyalarının yerinə yetirilməsində də uğurla tətbiq olunur.
Bütün dünyada olduğu kimi, Azərbaycanda da təhsil sisteminin informasiya cəmiyyətinin tələblərinə uyğunlaşdırılması, təhsilin keyfiyyətinin artırılması, dünya təhsil məkanına inteqrasiyasının təmin edilməsi istiqamətində dövlət proqramları qəbul edilmiş və bu proqramlar çərçivəsində bir sıra mühüm əhəmiyyətli işlər görülmüşdür.
Təhsil sahəsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi bir neçə ildir ki, uğurla davam etdirilir.
Bunun üçün ölkəmizdə həm hüquqi baza, həm də texniki-iqtisadi əlaqələr yaradılıb.
Hələ 1999-cu ildə Heydər Əliyevin 15 iyun tarixli 168 saylı sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Sahəsində İslahat Proqramı”-nda bu sahənin dövlət siyasətində prioritet olduğu müəyyənləşmiş və həmin proqramda gənc nəslin informasiya-kommunikasiya texnologiyalarından istifadə vərdişlərinə yiyələnməsini təmin etmək ən mühüm vəzifələrdən biri kimi qarşıya qoyulmuşdur.
Dünya təcrübəsi göstərir ki, İKT-dən səmərəli istifadə olunması hər bir ölkənin sosial – iqtisadi inkişafına müsbət təsir göstərir, yoxsulluğun azaldılmasında səmərəli vasitəyə çevrilir, yeni iş yerlərinin açılmasına gətirib çıxarır. 2001 – ci ildən etibarən BMT-nin İnkişaf Proqramı ilə Azərbaycan hökumətinin hazırladığı birgə lahiyə əsasında bu sahədə müəyyən addımlar atılıb.
2002-ci ilin fevralından başlayaraq Azərbaycan hökuməti BMT-nin inkişaf proqramı ilə birgə işlənib hazırlanmış “Azərbaycan Respublikasında informasiyon – kommunikativ texnologiyaların tətbiqi və inkişafı üzrə Milli Srategiya” adlı layihəni yerinə yetirməkdədir. Bu sənəddə ölkəmizdə mütərəqqi kommunikativ texnologiyaların tətbiqinin başlıca istiqamətləri, əsas vəzifələri və prioritetləri müəyyənləşdirilib. Bu gün birmənalı şəkildə söyləmək olar ki, respublikamız müasir qloballaşma şəraitində informasiya cəmiyyəti yaratmaq yoluna uğurla qədəm qoyub.
Respublikamızda İKT üzrə milli strategiyanın işlənib hazırlanması qlobal informasiya cəmiyyətinə keçid üçün zəruri mühitin yaradılması istiqamətində atılan mühüm addım hesab edilməlidir. “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)” lahiyəsinin təsdiqi Azərbaycanın artıq informasiya cəmiyyətinin qurulmasına dair mühüm siyasi sənədə malik olduğunu göstərir. Bu lahiyə çərçivəsində yaradılmış işçi qrupları Azərbaycanda İKT-nin inkişaf etdirilməsi prosesinə fəal qoşulub və bir çox nailiyyətlər əldə ediblər. Artıq respublikanın rayonlarında İKT üzrə regional mərkəzlər yaradılmağa başlanılıb.
Dünyanın 112 ölkəsindən və 374 təşkilatından 621 nəfərin iştirak etdiyi Cenevrə informasiya üzrə dünya sammitində Azərbaycanın yüksək səviyyədə təmsil olunması respublikamızda İKT-nin yaradılmasına, inkişafına və müvafiq strukturların qurulmasına böyük əhəmiyyət verildiyini bir daha sübut edir. Prezident İlham Əliyevin sammitdəki proqram xarakterli çıxışı bu sahədə atılan növbəti ciddi addım oldu. Onun çıxışında səslənən “Qara qızılı insan kapitalına çevirmək” şüarı dillərdə əzbər oldu. Bu çıxışda səslənən qiymətli fikirlərdən biri də inviuasiya-kommunikasiya texnologiyalarını nəinki Azərbaycanda geniş tətbiq etmək, həm də onu iqtisadiyyatın bir sektoru kimi inkişaf etdirməkdən ibarət idi.
2004-cü ildə qəbul edilmiş “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya – kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər)” çərçivəsində ölkəmizdə təhsil müəssisələrinin müasir tələblərə uyğun olaraq yenidən qurulması, ümumtəhsil məktəblərinin kompyuterlə və digər müasir avadanlıqlarla təminatı, tədris prosesinin elektron vasitələrlə həyata keçirilməsi, müəllimlərin İKT sahəsində biliklərə yiyələnməsi istiqamətində çox mühüm işlər həyata keçirilib. Eyni zamanda “2008-2012-ci illərdə Azərbaycan Respublikasında Təhsil Sisteminin İnformasiyalaşdırılması Üzrə Dövlət Proqramı” qəbul edilib.
“2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində görülmüş işlər, əldə edilmiş nailiyyətlər təhsil sahəsində İKT-nin geniş tətbiq olunduğunu, ümumtəhsil məktəblərində gənc nəslin müasir informasiya texnologiyaları üzrə yüksək biliklərə yiyələndiklərini sübut edir.
Beləliklə tədris-informativ qarşılıqlı əlaqələrin strukturu tədricən dəyişir, informasiya-təhsil mühiti formalaşdıqca öyrədən, öyrənən və İKT vasitələri arasında yeni səviyyəli informasiya mübadiləsi imkanları yaranır. Nəticədə şagirdlər informasiya proseslərinə daha fəal cəlb edilir, onların yeni bilik axtarmaq və əldə etmək, informasiya resurslarına və proseslərinə tənqidi- yaradıcı yanaşmaq, bu əsasda yeni-yeni informasiya resursları yaratmaq, onları həmkarları ilə mübadilə etmək, layihə formasında əməkdaşlıq etmək, forumlara, müzakirələrə qoşulmaq öz rəyini bildirmək imkanı yaranır. Beləliklə, şagirdlər yaradıcı proseslərə cəlb edilir, tədricən yeni təfəkkürlü, innovativ düşüncəli yeni nəslin formalaşmasına imkan yaranır.
İnformasiya cəmiyyətinin formalaşmasına təsir edən əsas amillərdən biri də dünya (internet) şəbəkəsidir. Belə ki, yüksək informasiyaya əsaslanan müasir cəmiyyətdə şəxsiyyət hansı coğrafi məkanda yaşamasından asılı olmayaraq internet vasitəsilə istənilən dövlətdən qısa müddət ərzində dolğun və səhih informasiya ala bilər.
İnternet bu gün təkcə informasiya mübadiləsi məkan deyil, həmçinin dövlət idarəçiliyi, təhsil, səhiyyə, biznes, bank işi və digər sahələri əhadə edən, yeni dəyərlər yaradan mühitdir.
İnsan azadlıqlarının qorunması müasir internet şəbəkəsinin vacib fəaliyyət istiqamətlərindən biridir. İnternet mediasının inkişafı, internetdə fikir və söz azadlığı, sosial şəbəkələrin genişlənməsi, hökumətin açıq və şəffaf fəaliyyətinin təmin olunması, vətəndaşların idarəçilik proseslərinə cəlb edilməsi qlobal şəbəkənin insanlara verdiyi yeni imkanlardır.
Azərbaycanda həm İKT-nin həm də internetin inkişafına xüsusi diqqət yetirilir, ölkəmizdə ən yeni texnologiya olan 4G artıq tətbiq edilir.
Azərbaycanda internet azadlığı mövcuddur. Ölkəmizdə internet, radio və internet-televiziya proqramları, elektron qəzet və jurnallar, xarici və daxili sosial şəbəkələr geniş yayılıb. Minlərlə bloqqer Azərbaycanın internet məkanında sərbəst fəaliyyət göstərir.
Bu gün Azərbaycanda internetin yayılması 65% təşkil edir. 30% –i genişzolaqlıdır.
Azərbaycanda mobil rabitə abunəçilərinin sayı 100 sakinə 110 mobil telefon hesablanıb. Ölkənin bütün ərazisi mobil rabitə və internetlə əhatə olunub. Azərbaycanda Facebook istifadəçilərinin sayı bir milyona çatıb. Bu göstəricilərə görə ölkəmiz Asiyada və Avropada aparıcı ölkələrdən biridir.
Beynəlxalq və ABŞ təcrübəsinə əsaslanaraq həyata keçirilən “Elektron hökumət” quruculuğu istiqamətində bir çox işlər, həyata keçirilib ki, bu da ölkəmizdə şəffaflığın təmin olunmasına və asan xidmətə zəmin yaradıb.
Azərbaycan 9 ildə informasiya və kommunikasiya texnologiyaları sahəsində böyük uğurlar əldə etdi. 2012-ci il noyabrın 6-da Bakıda “Bakü Tel-2012” XVIII Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi və VII internet idarəçilik Forumu keçirildi. “Bakü – Tel – 2012” sərgisində dünyanın 23 ölkəsindən 160 şirkət iştirak etmişdi.
Bu sərgidə Azəbaycan üçün deyil, həm də bütövlükdə Xəzəryanı region üçün yenilik sayılan maraqlı proqramların və İKT üzrə məhsul xidmətlərin təqdimat mərasimləri keçirildi. Sərginin iştirakçıları ücün portativ mobil və analoq radiostansiyalar, smartfonlar, telefonlar, planşet komputerlər, telekommunikasiya sistemləri üçün müasir test və ölçü avadanlığı, habelə texnoloji yeniliklər və bir sıra məhsullar da nümayiş etdirildi. 2013-2015-ci illəri əhatə edən genişzolaqlı internet layihəsi xüsusi maraq doğurdu.
Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Hamadun Ture Prezident İlham Əliyevin Beynəlxalq Telekommunikasiya İttifaqının 2004-cü il Cenevre Sammitində iştirakını və o vaxtlar dövlət başçısının “qara qızılı insan kapitalına çevirəcəyəm” sözlərini xatırlatdı və bildirdi ki, həmin fikir bu gün artıq reallığa çevrilib.
İnanırıq ki, “Baku – Tel – 2012 ” sərgisi və həm də VII internet idarəcilik Forumu Azərbaycanda informaiya cəmiyyətinin formalaşmasına daha böyük təkan verəcək.