
"Azərbaycanın daha çox bələdiyyəsinin iqlim dəyişikliyi ilə mübarizə aparan və vətəndaşları üçün daha yaxşı gələcək təmin etməyə çalışan Avropanın ən böyük yerli hökumətlər hərəkatına qoşulmağa dəvət edirəm".
525.az xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı səfiri Mariyana Kuyundziç Naxçıvanda Merlər Razılaşması çərçivəsində keçirilən tədbirdə deyib.
Səfir bildirib ki, artıq təxminən 12 min yerli hakimiyyət orqanı Aİ-nin iqlim baxımından neytral, dayanıqlı və hər kəs üçün ədalətli gələcək vizyonuna uyğun olaraq enerji və iqlim sahəsində könüllü öhdəliklər götürüb. "Həmçinin qürur duyuram ki, Aİ Azərbaycanın qoşulmuş bələdiyyələrini təlimlər və metodoloji dəstək, xüsusi texniki yardım, qabaqcıl təcrübələr, eləcə də təcrübə mübadiləsi, şəbəkələşmə və məlumatlılığın artırılması vasitəsilə dəstəkləyir", - səfir əlavə edib.
Pərvanə Sultanova



