
"Enerji səmərəliliyi enerji siyasətinin əsas prioritet istiqamətlərindəndir".
525.az xəbər verir ki, bunu Energetika Nazirliyinin Enerji Səmərəliliyi şöbəsinin müdiri Cahid Mikayılov bu gün "Merlər Razılaşması-Şərq Tərəfdaşlığı” təşəbbüsü ilə bağlı Naxçıvanda keçirilən tədbirdə deyib.
O bildirib ki, Merlər Razılaşması təşəbbüsünə qoşulmaq inzibati binalarının isitmə xərclərinin azaldılması, istilik izolyasiyasının gücləndirilməsi, sosial obyektlərin enerji sərfiyyatının optimallaşdırılması, LED işıqlandırma sistemlərinə keçid kimi bir çox enerji səmərəliliyi tədbirlərinə dəstək göstərə bilər.
"Enerji səmərəliliyi sahəsində ölkəmizdə görülən işlər çoxşaxəlidir və onların hamısını sadalamaq mümkün deyil, ancaq xüsusilə bu gün bələdiyyələrimiz üçün maraqlı ola biləcək mövzu Enerji Effektivliyi Fondunun yaradılmasıdır.
Belə ki, Merlər razılaşmasına qoşulmuş və Fəaliyyət Planlarını təsdiqlətmiş bələdiyyələrimiz bu fonda müraciət edərək pilot layihələr həyata keçirə bilərlər. Pilot layihələr binaların enerji effektivliyinin artırılması, izolyasiyası, istilik sistemlərinin təkmilləşdirilməsi, enerji effektivliyi yüksək olan avadanlıqların tətbiqi, o cümlədən günəş panellərinin tətbiqi kimi sahələri əhatə edə bilər", - C. Mikayılov vurğulayıb.
O əlavə edib ki, artıq Azərbaycanda 10 bələdiyyə bu təşəbbüsə qoşulub: "Onların bir çoxunun Fəaliyyət Planları mövcuddur və icra edilməkdədir. Tədbirimizin əsas məqsədi də məhz bu uğurlu nümunələri digər bələdiyyələrimizlə bölüşməkdir.
Energetika Nazirliyi olaraq biz də bu istiqamətdə metodoloji və institusional dəstək göstərməyə hər zaman hazırıq. Məqsədimiz enerji səmərəliliyini real layihələrdə görməkdir".
Nazirlik rəsmisi xatırladıb ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ilə yanaşı Naxçıvan Muxtar Respublikası da yaşıl enerji zonası elan edilib: "Naxçıvan ölkəmizdə bir kvadrat metr əraziyə düşən günəş işığının miqdarına görə birinci yerdədir. Yaşıl enerjinin həm qoyuluş gücündə, həm də istehsalında da Naxçıvan birinci yerdədir. Enerji səmərəliliyi də yaşıl enerjinin bir növüdür. Hətta ən yaşıl enerji qənaət edilən enerjidir. Enerji səmərəliliyi iqtisadi faydalar, ətraf mühitin qorunması və gələcək nəsillərə daha sağlam mühitin ötürülməsi deməkdir".
Pərvanə Sultanova



