|
|
|
|

Bu gün erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımından 108 il ötür. 1918-ci il martın sonlarından başlayaraq ermənilər müxtəlif bölgələrimizdə azərbaycanlı əhalini xüsusi amansızlıqla, inanılmaz qəddarlıq və vəhşiliklə qətlə yetirib, kəndlər yandırılıb, milli mədəniyyət abidələri məhv edilib, on minlərlə insan öz dədə-baba torpaqlarından qovulub.
Yüz səkkiz il əvvəl daşnak-bolşevik işğalçılarının Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran, Gəncə və digər bölgələrdə azərbaycanlılara qarşı törətdikləri misli görünməmiş qırğınlar nəticəsində 50 mindən çox günahsız insan qətlə yetirilib. Onlar uşaqları, qocaları, qadınları qılıncdan, süngüdən keçirib, diri-diri yandırıblar. Bakı qəzasında 229, Gəncə qəzasında 272, Zəngəzur mahalında 115, Qarabağda isə 157 kənd yerlə-yeksan edilib.
Erməni şovinistləri müxtəlif dövrlərdə xalqımıza qarşı kütləvi qətliamlar törədib, soyqırımı aktları həyata keçiriblər. Araşdırmalar nəticəsində 1918-ci ilin mart-aprel hadisələri ilə bağlı yeni faktlar üzə çıxır ki, onlar bir daha göstərir ki, bu qətliam həm miqyasına, həm də qəddarlığına görə tarixdə ən dəhşətli qətliamlardan biridir. Təkcə Bakı şəhərində 15 mindən çox dinc insan amansızcasına öldürülüb. Şamaxının kəndlərində 8023 nəfər, Qubada 16 mindən artıq insan öldürülüb.
2007-ci ildə Quba şəhərində kütləvi məzarlıqların aşkar edilməsi erməni-daşnak dəstələrinin azərbaycanlıları kütləvi şəkildə qətlə yetirmələrinə dair yeni faktları üzə çıxardı.
Ermənilər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində növbəti dəhşətli soyqırımı həyata keçirirdilər. Gecə vaxtı şəhərə xain hücum nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürüldü, 487 nəfər, o cümlədən 76 uşaq ağır yaralandı, 1275 nəfər girov götürüldü.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinə obyektiv qiymət vermək və ermənilərin havadarlarının dəstəyi ilə iki yüz il ərzində həyata keçirdiyi soyqırımı siyasətinin faciəvi nəticələrini üzə çıxarmaq imkanı yarandı. Soyqırımı haqqında həqiqətlərin dünyaya çatdırılması üçün Azərbaycan dövləti bütün zəruri addımları atmağa başladı. Ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi. Bununla yanaşı, Heydər Əliyevin “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” 1997-ci il 18 dekabr tarixli Fərmanı da Ermənistan SSR ərazisindən azərbaycanlıların deportasiyasının hərtərəfli tədqiq edilməsi, bu cinayətə hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Azərbaycanlılara qarşı törədilən qanlı cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha geniş və dolğun şəkildə çatdırılması məqsədilə Prezident İlham Əliyev 2018-ci ildə – soyqırımının 100 illiyi ərəfəsində Sərəncam imzaladı. Bu məqsədlə xüsusi tədbirlər planı hazırlanaraq həyata keçirildi.
2020-ci il 44 günlük Vətən müharibəsi, 2023-cü il antiterror əməliyyatı Azərbaycanın ermənilərin tarix boyu xalqımıza qarşı törətdiyi bütün cinayətlərin cavabı oldu. Azərbaycan öz torpaqlarını işğaldan tam azad etdi, tarixi ədaləti bərpa etməklə yanaşı, soyqırımı qurbanlarının, şəhidlərimizin qısasını döyüş meydanında aldı.
Bu gün Azərbaycan xalqı soyqırımı qurbanlarının xatirəsini dərin hüzn və ehtiramla anır, onların faciəli taleyini unutmur.
Milli Məclisin deputatı Vüqar Bayramov mövzu ilə bağlı bildirib ki, 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur, İrəvan və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri minlərlə azərbaycanlını qətlə yetirib, 10 minlərlə insanı öz torpaqlarından qovublar: “Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı ordumuzun 44 günlük Vətən müharibəsində əldə etdiyi Zəfər və daha sonra lokal xarakterli antiterror tədbirləri ilə mifik və saxta “Böyük Ermənistan” ideyasına son qoyuldu. Güclü Azərbaycan regiondakı düzəni formalaşdıran dövlətdir. 108 il öncə soyqırıma məruz qalmış yaşayış məntəqələrimiz bu gün regionunun ən təhlükəsiz bölgələrindədir. Qüdrətli Azərbaycan dövləti hər bir vətəndaşımızın təhlükəsizliyini qoruyur və regional sülhə töhfə verir.
1918-ci ildə xarici müdaxilələr nəticəsində iqtisadiyyatı iflic vəziyyətinə düşən Bakı şəhəri hazırda Cənubi Qafqazın əsas iqtisadi mərkəzinə çevrilib.
Azərbaycan xalqı tariximizin bu qanlı səhifələrini heç zaman unutmayacaq. Soyqırım nəticəsində həyatlarını itirən azərbaycanlıların əziz xatirəsi hər zaman qəlbimizdə yaşayacaq”.
PƏRVANƏ



